Bəzi yaradıcı şəxslərin öz millətində, mənsub olduğu xalqda natamamlıq kompleksi yaratmağın motivlərini araşdırmaq, düşünmək hər bir ziyalının vətəndaşlıq borcudur. Çox vaxt bu cür fikirlər pasifizm və ya tolerantlıq pərdəsi altinda oxucuya, tamaşaçıya təqdim olunaraq “sırınır”.
Maraqlı fakt odur ki, belə əsərlərin bədii-estetik keyfiyyəti çox aşağı olur. Son dövrlərin bəlli sindromunun göstəricisi olan “Daş yuxular” povesti və “Qafqaz üçlüyü” filmi buna tutarlı nümunədir.
Əlbəttə, belə “sənətkarları” sovet imperiyasının ideologiyasına nökərçiliyi uğurla yaşadan amorf bir sfera yetişdirə bilərdi. Görünür, bizim müstəqilliyimiz bu zümrədən olan insanlara rahatlıq vermir. Keçmiş imperiyanı, heç olmasa, düşüncə, ideoloji, antropoloji müstəvidə gerçəkləşdirmək, sonucda ərazidə də buna nail olmaq arzusu. Başqa sözlə, zülmkara tabe olmaq, ondan sədəqə almaq “xoşbəxtliyinə” hamıdan birinci çatmaq niyyəti.
Hər iki əsərin süjetini danışmağa ehtiyac yoxdur. Bu yerdə böyük Hüseyn Cavidin bir beyti yada düşür:
İdrakı sönük “dahilərin” qəfləti ancaq
Etmiş, edəcək milləti həp əldə oyuncaq.
Sanki, qeyri-səmimiliyin qiymətini, daha doğrusu, cəzasını müəlliflər əsəri yazmağa başlayanda almış olurlar. Peqasın (ilham pərisinin) onlardan üz döndərdiyinin fərqində olmurlar.
Bu məsələ ilk baxışdan primitiv görünə bilər. Ancaq, məsələ siçan tələsindəki yem qədər sadə deyil.
Bu mənada onu qeyd edək ki, dünyanın idarəetmə mərkəzlərində çox dəqiq işlənmiş, psixo-fizioloji qatlarda cilalanmış, metafizik dəyərlərin ifrat forması ilə müşayiət olunan metodlar hazırlanır. Demokratik dəyərlər, insan hüquqları demoqoqcasına deformasiyaya məruz qalır. Vətənpərvərlik hissləri gülüş obyektinə çevrilir. Yeniyetmə və gənc nəsil arasında öz xalqını təhqir etmək, aşağılamaq sindromuna köklənmiş bir biokütlə toplumu formalaşdırılir. Buna qarşı çıxanları, ən azı, müasirlikdən uzaq, geri zəkalı, mədəniyyətdən kənar bir zümrə kimi təqdim etməyə çalışırlar.
L. Tolstoyun Sevastopol hekayələri silsiləsindəki “Vətənpərvərlik əclafların son sığınacaq yeridir” fikri, tam əksinə, təhrif olunmuş şəkildə təbliğ edilir.
Müəlliflər cidd-cəhdlə göstərməyə çalışırlar ki, Dağlıq Qarabağ münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, əksinə məhz azərbaycanlıların dinc ermənilərə qarşı dərin nifrəti durur. Doğrusu, torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin konkret olaraq “Qafqaz üçlüyü” filminin ssenarin müəllifi R. İbrahimbəyovun bu cür “etirafları” milli xəyanətin, insan mənəviyyətının deqradasiyası və alçalmasının, öz milli köklərinə nifrətin bariz nümunəsidir.
Azərbaycanda erməni xalqının 30 minə qədər nümayəndəsi yaşadığı halda, bizim dövlətin siyasəti erməniliyi heç vaxt düşmən elan etməyib. Davamız separatizm meyillərini dəstəkləyən, 30 min şəhidimizin qanına susayan bir qrup erməni siyasətçiləri ilədir. Azərbaycan torpaqlarının işğalı kimi danılmaz fakt dayanır ortada. Onlar bu torpaqları işğaldan azad etmək hüququnu, əzmkarlığını heç vaxt azərbaycanlılardan ala bilməyəcəklərinin fərqindədirlər.
2016-cı il sentyabr ayında möhtərəm Prezidentimiz İlham Əliyevin Abşeron rayonunda növbəti yeni bir məktəbin açılışı zamanı dediyi sözləri xatırlamaq yerinə düşərdi. “Bizi maddi-mədəni irsimizdən, əsrlərlə cilalanmış mədəni köklərimizdən, əxlaqi dəyərlərimizdən uzaq salmaq istəyirlər...Burada “5-ci kalon” xüsusi canfəşanlıq göstərir. Biz buna imkan verməyəcəyik.”
Azərbaycan Respublikasınin Birinci vitse -prezidenti Mehriban xanım Əliyevanın Bakıda keçirilən beynəlxalq multikulturalizm forumunda çıxışını yada salaq: “Multikulturalizm Azərbaycan dövlətinin əsas siyasətidir. Azərbaycana gələn hər bir əcnəbi dünən də, bu gün də və sabah da xalqımızın humanist, qonaqpərvər və sülhpərvər bir xalq olduğunun şahidi olub və şahidi olmağa davam edəcəklər”.
Şamil Əliyev,
kinorejissor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.