Azərbaycan Avropa İttifaqından nə gözləyir?

Bu günlərdə Avropa mətbuatının geniş xəbər şəbəkələrindən biri olan Euractiv saytının müxbiri Bencamin Foks Milli Məclisin deputatı, Avropa İttifaqı –Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevdən müsahibə alıb. London Euractiv xəbərlər şəbəkəsində dərc olunmuş həmin söhbətin tərcüməsini oxucularımıza təqdim edirik.

– 2015-2016-cı illərdə Avropa İttifaqı–Azərbaycan əlaqələri xüsusilə mürəkkəb idi. Amma bu gün sizin Parlament Əməkdaşlıq Komitəsi və onun həmsədri Səccad Kərimlə münasibətlərinizin isti olduğu görünür. Belə demək olarmı ki, Aİ-Azərbaycan əlaqələri tamamilə bərpa olunub və əgər belədirsə, bu necə mümkün oldu?

– Doğrudan da, bizim münasibətlərimiz 2014-2016-cı illərdə ən çətin dövrünü yaşayıb. Lakin biz dialoq yolu ilə bu çətin sınaqdan keçə bildik. Bu gün əminliklə deyə bilərik ki, parlamentlər səviyyəsində Aİ--Azərbaycan əlaqələri, həqiqətən, qənaətbəxşdir və münasibətlərimiz tam bərpa olunub. Apardığımız açıq və səmimi fikir mübadiləsi qısa bir zamanda bu problemin aradan qalxmasına gətirib çıxardı. O zaman münasibətlərin gərginləşməsinə əsas səbəb Azərbaycandakı siyasi vəziyyətin Avropa Parlamentində yanlış şərh olunması idi. Mən dialoq mühitinin bərpa olunması və Milli Məclislə Avropa Parlamenti arasında əlaqələrin sonrakı inkişafı üçün Avropa Parlamentindən olan həmkarlarıma o zaman göstərdikləri səmimi, konstruktiv və praqmatik yanaşmaya görə bir daha minnətdarlığımı bildirirəm.

– Budəfəki iclaslarınız necə keçdi və ümumiyyətlə, yeni tərəfdaşlıq müqaviləsi üzrə aparılan danışıqlar kontekstində Parlament Əməkdaşlıq Komitəsinin rolu nədən ibarətdir?

– Parlament Əməkdaşlıq Komitəsi bizim üçün Aİ ilə Azərbaycan arasında ikitərəfli parlamentlərarası əlaqələri müzakirə etmək və eləcə də hökumətlərarası əməkdaşlığın səviyyəsini dəyərləndirmək baxımından yeganə ikitərəfli formatdır. Bir qayda olaraq, hər iki tərəfdən icra strukturlarının təmsilçiləri bizim iclaslara dəvət olunurlar. Xüsusilə, hər iki tərəfdən Aİ və Azərbaycan arasında yeni hərtərəfli əməkdaşlıq müqaviləsi üzrə danışıqları aparan hökumət nümayəndələri Parlament Əməkdaşlıq Komitəsinin bütün iclaslarında iştirak edir və danışıqların gedişi barədə bizi məlumatlandırırlar.

– Yeri gəlmişkən, yeni ikitərəfli Avropa İttifaqı–Azərbaycan müqaviləsi üzrə danışıqlar necə gedir? Razılıq əldə edilməsi üçün hər hansı vaxt çərçivəsi müəyyən edilibmi?

– Avropa İttifaqı – Azərbaycan arasında yeni ikitərəfli müqavilə gələcək əməkdaşlığımızın bütün sferalarını, o cümlədən, ticarət və investisiyaları, insan haqları və qanunun aliliyini, təhsil, ətraf mühit, enerji və nəqliyyat məsələləri də daxil olmaqla, siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlığın bütün aspektlərini özündə ehtiva etməlidir. Danışıqların aparılması və bütün razılıqların əldə olunması üçün heç bir vaxt məhdudiyyəti yoxdur, amma onu deyə bilərəm ki, danışıq tərəfləri prosesi sürətləndirmək üçün əllərindən gələni edirlər. Biz inanırıq ki, bu ilin sonunadək hökumətlərimiz bütün danışıqları yekunlaşdıra biləcək və yeni müqavilə 2019-cu ilin birinci yarısında imzalanmağa hazır olacaq.

– Azərbaycan Avropa İttifaqına nə vəd edə bilər və ya əksinə, bu qurum ölkənizə nə verə bilər?

– Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə sahib olmaqla, regionun ən böyük ölkəsidir. Bura Tarixi İpək Yolu üzərində yerləşən və Qərblə Şərqi bir-birinə bağlayan geostrateji bir məkandır. Sonuncu 3 onillikdə Azərbaycan regional və kontinental əməkdaşlığı asanlaşdıran nəhəng infrastruktur layihələri həyata keçirib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizləri və nəhayət, “Cənub” qaz dəhlizi qitənin ən böyük iqtisadi layihələridir ki, bütün bunların da təşəbbüskarı və icraçısı Azərbaycandır.

“Cənub” qaz dəhlizi Avropa İttifaqı üçün Xəzər dənizi hövzəsinin və Mərkəzi Asiya ölkələrinin enerji resurslarını Avropa bazarına gətirmək və Avropa İttifaqı enerji təchizatını şaxələndirmək üçün yeganə alternativ mənbədir. Bütün bu layihələr qitənin bütün ölkələri arasında çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir və əminəm ki, Aİ da bunda maraqlı olmalıdır. Azərbaycan da öz növbəsində ən böyük ticarət tərəfdaşı və müasir elmi-texnoloji yeniliklərin təminatçısı kimi Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır.

– Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın Avropa İttifaqından gözləntiləri nədir?

– Dağlıq Qarabağ münaqişəsi regionun iki müstəqil və suveren dövlətinin təhrik və cəlb olunduqları uzun müddət davam edən bir münaqişədir. Münaqişənin yaradılmasına səbəb bu ölkələri Avropa ailəsinə inteqrasiya proseslərindən kənarda saxlamaq və buna imkan verməməkdir. Bu münaqişə, bütövlükdə regionu inkişafdan və müstəqil siyasət yeritmək imkanlarından məhrum edir.

Qitənin ən böyük siyasi güc mərkəzi kimi Aİ münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verməlidir. Azərbaycan Aİ-dən hadisələrə ədalətli, şəffaf və vicdanlı münasibət sərgiləməklə münaqişənin beynəlxalq norma və prinsiplərə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verməsini gözləyir.

– Avropa İttifaqı–Azərbaycan əlaqələri üçün əsas risklər nədən ibarətdir? Regionda qeyri-sabitlik, o cümlədən Rusiyanın rolu?

– Cənubi Qafqaz Avropanın bütün qitədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından çox vacib geostrateji bölgəsidir. Sovetlər dönəmində bu bölgə Avropa və Asiyanı bir-birindən ayırmaq üçün istifadə olunurdu. Öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan sivil dünyaya inteqrasiya olunmaq və Avropa ilə Asiya arasında birləşdirici körpü olmaq yolunu seçdi. Lakin regionda müstəqil siyasət yeritməyin hələ də o qədər asan olmadığı üzə çıxdı. Nəticədə, biz ədalətsiz bir müharibəyə cəlb olunduq və müvəqqəti olaraq torpaqlarımızın 20 faizini itirdik.

SSRİ-nin varisi kimi Rusiyanın regionda təsiri hələ də böyükdür. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna kimi keçmiş sovet ölkələrinin hər biri eyni ssenari üzrə oxşar problemlə üzləşib. Ancaq mən inanıram ki, qloballaşma qarşısıalınmaz bir prosesdir və heç bir qüvvə xalqları əmin-aman və xoşbəxt gələcək uğrunda öz səylərindən döndərə bilməz. Mən əminəm ki, beynəlxalq birliklə sıx əməkdaşlıqda biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və bütün regionun sülh şəraitində inkişafını təmin edəcəyik. Bu isə bütövlükdə Avropada sabitliyə və təhlükəsizliyə xidmət edəcək.

– Təşəkkür edirəm.

Bencamin FOKS,
Euractiv saytının müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında