AŞPA Azərbaycanın dünya birliyindəki nüfuzunun yüksəlməsindən təşviş keçirir

Azərbaycanın 27 illik müstəqillik tarixində  dünya birliyinə sürətli inteqrasiyası,  iri infrastruktur layihələrin reallaşdırılmasında böyük təcrübə qazanması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi bir sıra təşkilatlar tərəfindən həzm edilə bilmir.

Qərbin və Avropanın bəzi dairələrinin əlində oyuncağa çevrilmiş qərəzli beynəlxalq təşkilatlar ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün müxtəlif vasitələrə əl atır, insan hüquq və azadlıqlarının müdafiəsini və korrupsiyanı əllərində “bayraq” edərək, ölkəmizə qarşı  yalan və böhtan dolu hesabatlar hazırlayır, bu yolla bizə təzyiq göstərmək istəyirlər. Təəssüf edirik ki, özünü haqq-ədalət, insan hüquq və azadlıqlarının müdafiəçisi kimi tanıdan Avropa Şurası Parlament Assambleyası da qərəzli beynəlxalq təşkilatlar sırasına qoşulmuşdur.

AŞPA-nın son illərdə ölkəmizə qarşı  bir neçə qərəzli qətnamə qəbul etməklə  ikili standartlar nümayiş etdirməsi və bununla da kimlərinsə sifarişini yerinə yetirməsinin şahidiyik.  İstər 2016-cı, istərsə də 2017-ci illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlanmış  sənədlərin müzakirəsi zamanı  AŞPA-da  keçirilən plenar iclaslarda  özlərini demokrat adlandıran avropalı deputatlar əsl həqiqəti olduğu kimi deməyə özlərində cürət tapa bilmədilər. Bütün dünyanın təcavüzkar, işğalçı dövlət kimi tanıdığı Ermənistana  hər  vasitə ilə haqq qazandırmağa cəhd edən AŞPA-nın erməni lobbisinin də sifarişlərini yerinə yetirdiyi özünü açıq şəkildə büruzə verirdi.

Hadisələrin gedişi göstərir ki, avropalı deputatlar sona qədər qətiyyətli və ədalətli deyillər. Onlar müxtəlif siyasi və geosiyasi məqsədlər güdərək, Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemləri tam olaraq etiraf etmək istəmirlər.  Yalnız Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməyə çalışırlar. Azərbaycan parlamenti nümayəndə heyətinin üzvlərinin AŞPA-nın sessiyalarındakı fəallığı, Ermənistanın işğalçılıq siyasətinin yaratdığı ağır fəsadlar barəsində bir-birinin ardınca təkzibolunmaz faktlar ortaya qoymaları,  bu ölkənin hərbi təcavüzünün qurbanı olmuş bir milyondan artıq azərbaycanlının hüquqlarının kobud şəkildə pozulmasına Avropa Şurasının biganəliyi ilə əlaqədar qaldırılan məsələlər AŞPA-nın təzyiqi və təhdidi ilə nəticələndi. Bu fakt bir daha təsdiqlədi ki, AŞPA təcavüzkarın tərəfindədir. Bütün bunlar işğalçı dövlətin əl-qolunu açır və bütövlükdə, münaqişənin həll edilməsi yolunda ciddi əngəllər yaradır. Qurumun Azərbaycan  parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov haqqında sanksiya tətbiq etməsi bu təşkilatı gülünc vəziyyətə saldı.  

AŞPA rəhbərliyi bu yola əl atmaqla sanki Azərbaycan parlamenti nümayəndə heyəti üzvlərinin təkzibolunmaz faktlarından canını qurtarmaq istəyirdi. Axı hər sessiyada nümayəndə heyətimizin üzvləri qurumun rəhbərliyinə ünvanladığı suallarla, qaldırdıqları məsələlərlə  işğalçı Ermənistana bu vaxta qədər sanksiyalar tətbiq olunmamasına cavab tələb etməklə AŞPA-nın iç üzünü açır, bu qurumun hələ də ikili standartlardan əl çəkmədiyini bütün dünyaya bəyan edirdilər. Bütün bunların heyifini isə nümayəndə heyətimizin rəhbərinə heç bir əsas olmadan sanksiya tətbiq  etməklə çıxmaq istədilər. Artıq digər beynəlxalq qurumların nümayəndələrindən də AŞPA-nın bu qərarına etiraz səsləri eşidilir.

Siyasi məqsədləri olduğu kimi dərk etmək istəməyən, danışıqlarında yüksək insani ideallardan, obyektivlikdən və ədalətdən dəm vuran AŞPA-nın qərəzli sanksiyası bu quruma olan inamı heçə endirdi. Bu qərar bir daha təsdiqlədi ki,  AŞPA  daim həqiqətə yalan, ədalətə ədalətsizlik, obyektivliyə qeyri-obyektivlik donu geyindirməklə məşğuldur. Bu da təşkilatın yalnız hansısa dairələrin siyasi maraqlarını təmin etməyə çalışmasından xəbər verir.

Dilarə CƏBRAYILOVA,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında