Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi uğurlar, beynəlxalq aləmdə getdikcə artan nüfuzu xaricdəki antiazərbaycan dairələri daim narahat edir. Bu isə erməni lobbisinin təsiri altında olan demokratiya və insan hüquqlarından dəm vuran bəzi Qərb ölkələri və təsisatlarının rəhbərlərində qısqanclıq hissi doğurur. Nəticədə respublikamıza yönələn təxribat xarakterli addımlar atılır.
Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycana qarşı ikili standartların nümayişi də bunun bir daha təsdiqidir. Məsələnin mahiyyəti isə belədir ki, AŞPA-nın Müstəqil Araşdırma Qurumu korrupsiya faktları ilə bağlı hazırladığı hesabatda ölkəmizin bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmməruzəçilər Stefan Şennak, Sezar Florin Preda, keçmiş AŞPA sədri, eyni zamanda, Azərbaycan üzrə sabiq həmməruzəçi Pedro Aqramunt və parlamentar Yordi Çuklanın adları çəkilir.
Hesabat hələ hazırlanarkən onun qeyri-obyektivliyi avropalı parlamentarilər tərəfindən açıq etiraf olunurdu. Məsələn, Stefan Şennak Müstəqil Araşdırma Qurumunun korrupsiyaya dair hesabatının reallıqdan uzaq olduğunu bildirərək qeyd edirdi ki, bu sənəd onun obyektivlik və professionallığını şübhə altına alır: “Hamı bilir ki, məsuliyyətlərimə necə ölçülü yanaşıram. Mən bir kabus yaşadım. Adım korrupsiyaya dair hesabata daxil edilib. Biz hüququn aliliyi və insan haqları sahəsində problemlərin olduğu ölkələrlə işləyirik. Belə ölkələrlə işləyəndə ehtiyatlı olmaq lazımdır. Hesabatda adımı görəndə dəhşətə gəlirəm. Ola bilər ki, ilkin mətn yayımlanmazdan öncə daha bir araşdırma aparmaq lazım idi. Mən öz şərəfimi qorumaq və nüfuzumu geri qaytarmaq məcburiyyətində qalıram”.
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da hesabat üzə çıxarkən bu məsələyə çox ciddi münasibət bildirmişdi: “Ölkəmi utandırmaq üçün edilən hər bir cəhd, ölkəmi günahlandırmaq elə özü korrupsiyadır. Çünki Azərbaycan bu təşkilata demokratik dəyərlər naminə daxil olub. Əgər siz korrupsiya axtarırsınızsa, o zaman digər ölkələr haqqında, bu assambleyada iclas edənlər haqqında da düşünmək lazımdır. Niyə yalnız Azərbaycan? Axı bir ay bundan əvvəl bu iclas zalında siz Ermənistan xalqı tərəfindən korrupsiyaya görə qovulan Serj Sarkisyanı alqışlayırdınız. Ermənistanın çox demokratik ölkə olduğunu, Sarkisyanın isə Ermənistan xalqını bu təşkilatda təmsil edən demokrat olduğunu təsdiq edənlərdən soruşmaq istəyirəm - cənab Sarkisyan haradadır? Niyə siz özünüzə bu sualları vermək istəmirsiniz?”
Amma bu sərt, eyni zamanda, haqlı etirazlara baxmayaraq, AŞ PA-dakı məkrli qüvvələr əməllərindən geri çəkilmədilər. Təxribat mahiyyətli addımlar ataraq, qərəzlərini gizlədə bilməyib Səməd Seyidov, eləcə də yuxarıda adları çəkilən digər şəxslər barədə ədalətsiz, erməni lobbisinin diktəsilə hazırlanan qərarın qəbul edilməsinə nail oldular.
Xaricdəki antiazərbaycan dairələrinin respublikamıza qarşı qısqanclığından irəli gələn məkrli məqsəd isə Azərbaycana qara yaxmaqla, onu bu təşkilatın gerçək gündəmindən kənarda qoymaqla nüfuzdan salmaqdır. Bunu sübut etmək üçün isə düşünməyə, fakt aramağa heç bir ehtiyac yoxdur. Sadəcə torpaqlarımızın 20 faizini işğal edən Ermənistandakı mövcud vəziyyətə nəzər salsaq, baş verən hadisəni dəqiq qiymətləndirmək mümkündür. Belə ki, bu gün Ermənistan korrupsiya bataqlığında boğulur, vətəndaşlara qarşı zor tətbiq edilir, ölkə faktiki olaraq idarəolunmaz bir hala düşüb. AŞPA isə bunu görmür, daha doğrusu görmək istəmir. Əvəzində Azərbaycan kimi sabit bir ölkəni, sosial-iqtisadi strategiyanı uğurla reallaşdıran bir respublikanı hədəf alır. Belə halda, ölkəmizə məkrli hücumun antiazərbaycan, islamofob və ermənipərəst qruplar tərəfindən təşkil edildiyi, əlbəttə, heç kimdə şübhə doğurmur.
Sonda onu da bildirmək istərdim ki, AŞPA-nın tətbiq etdiyi sanksiya Azərbaycan nümayəndə heyətinin və onun rəhbərinin fəaliyyətinə heç bir məhdudiyyət yaratmır. Bu sanksiya nəticəsində sadəcə olaraq, Azərbaycan nümayəndə heyətinin rəhbəri iki il müddətinə AŞPA-nın prezidenti ola, seçki missiyasında iştirak edə bilməz. Digər tərəfdən, Səməd Seyidov axırıncı dəfə AŞPA-nın seçki missiyasında 10 il bundan əvvəl iştirak edib. Bu isə o deməkdir ki, sözügedən sanksiya Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə elə bir ciddi məhdudiyyət yaratmır. Əksinə, Azərbaycan nümayəndə heyətinin bundan sonra AŞPA-dakı fəaliyyətini daha da gücləndirəcəyi, onun ölkəmizin əleyhinə olan qüvvələri ifşa etmək üçün daha aktiv fəaliyyət göstərəcəyi şübhəsizdir.
İsaxan VƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri,
hüquq elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.