Yeni liman kompleksinin istifadəyə verilməsi ölkəmizin tranzit imkanlarını daha da genişləndirir

Son 15 ildə Azərbaycanda nəqliyyat infrastrukturunun yenidən qurulması, modernləşdirilməsi ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirib. Nəqliyyat sektorunda müsbət nəticələr əldə edilməsi, eyni zamanda, iqtisadiyyatın digər sahələrində yüksək göstəricilər qazanılması bunun bariz ifadəsidir.

Xatırladım ki, hazırda Azərbaycanın güclü tranzit və yükdaşıma potensialı var. Əlverişli coğrafi mövqe, həyata keçirilən irimiqyaslı layihələr belə bir imkandan daha səmərəli istifadə etməklə mövcud sahədən daxil olan gəlirlərin həcminin artmasını sürətləndirir.

Azərbaycan ərazisindən keçən dəhlizlərin fəaliyyətinin yenidən qurulması dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşmasına, iqtisadi-ticari əlaqələrin genişlənməsinə, yük daşımaları ilə bağlı infrastruktur sahələrin inkişafına, yeni iş yerlərinin açılmasına müsbət təsir göstərir. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, eyni zamanda, gələcəkdə sözügedən sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artmasına əlverişli şərait yaradır. 

Bu gün Azərbaycandan keçən beynəlxalq dəhlizin modernləşdirilməsi də diqqət mərkəzindədir. Bu, təsadüfi deyil. Çünki Çin, Hindistan, Pakistan, Əfqanıstan və digər ölkələrdən Özbəkistan və Qazaxıstana gələn yüklər Xəzər dənizi vasitəsilə Azərbaycana gətirilir və buradan da Gürcüstandan keçməklə Avropaya aparılır.

Yeri gəlmişkən, Böyük İpək yolunun Azərbaycandan keçən hissəsində dəmir yolu xəttinə paralel olaraq daha iki xəttin çəkilməsi və bununla da yolun dördzolaqlı olması üçün Asiya İnkişaf Bankı kredit ayırıb. Bu vəsait, eləcə də Azərbaycan hökumətinin maliyyə imkanları hesabına artıq yolun Bakıdan Gəncəyə qədər olan hissəsi dördzolaqlıdır. Gəncədən Gürcüstan sərhədinə qədər olan hissədə isə işlər davam edir.

Onu da xatırladım ki, hazırda beynəlxalq miqyasda yükdaşımalar sahəsində ciddi rəqabət var. Təbii ki, belə bir şəraitdə dövlətimizin  başçısı cənab İlham Əliyevin də vurğuladığı kimi, böyük tranzit potensialına malik olan Azərbaycan müşahidəçi mövqeyində dayana bilməz və daha əlverişli şərtlər irəli sürmək, tranzit daşımaları sahəsində səmərəli idarəçilik yaratmaq və müvafiq koordinasiya siyasəti reallaşdırmaqla ciddi irəliləyişlər əldə edə bilər. Azərbaycan Prezidenti fikrini davam etdirərək, deyib: “Bu gün yükdaşımaları uğrunda ciddi mübarizə gedir. Bölgə ölkələri rəqabət aparır. Azərbaycan burada passiv müşahidəçi mövqeyi tutmamalıdır. Bəzi hallarda gözləyirik kimsə gəlib bizim qapımızı döysün ki, gəlin biz sizdən yük keçirək. Biz özümüz təşəbbüs göstərməliyik, yükləri müəyyən etməliyik, yaxşı şərtlər ortaya qoymalıyıq”.

Azərbaycanın beynəlxalq tranzit ölkə kimi bütün dünyada tanınmasında respublikamızın iştirakı ilə gerçəkləşən qlobal layihələr mühüm önəm daşıyır. Bu gün “Şimal-Cənub”, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Bakı-Tbilisi-Qars” kimi nəhəng nəqliyyat layihələri uğurla həyata keçirilir. Belə genişmiqyaslı dəyişiklik Azərbaycanın Avropa ilə Asiya arasında əsas əlaqələndirici mərkəzə çevrilməsinə kömək edir. Bu, eyni zamanda, Azərbaycanın nəqliyyat qovşağı kimi mühüm rola malik olması ilə yanaşı, həm də  tranzit potensialının güclənməsini və tranzit daşımalarında iştirak imkanlarının getdikcə genişlənməsini göstərir.

Paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı da bunun bariz ifadəsidir. Açılış mərasimində çıxış edən  Prezident İlham Əliyev bildirib ki, nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən dövlət siyasəti və qlobal miqyaslı təşəbbüslər Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verir, ölkəmizə böyük siyasi və iqtisadi dividendlər gətirir, onun dünyada və regionda mövqeyini daha da möhkəmləndirir, dövlətimizin siyasi və strateji əhəmiyyətini artırır.

Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verəcək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edəcək. Bu kompleks Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək.

Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəqlini təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq. Yeni limanın ərazisi də daxil olmaqla, ətrafda azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək.

Bütün bunlar isə deməyə əsas verir ki, dövlətimizin başçısının Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi yaxın gələcəkdə ölkənin tranzit imkanlarının genişləndirilməsinə həlledici təsir göstərəcəkdir.

Məhərrəm MƏMMƏDOV,
Fəxri dəmiryolçu,
iqtisadçı-ekspert


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında