Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək

Bu gün Azərbaycan Qərblə Şərqi birləşdirən böyük bir logistika mərkəzinə çevrilməkdədir. Təbii ki, ölkəmizin belə bir məkana çevrilməsi üçün Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və qətiyyəti ilə reallaşdırılan regional nəqliyyat layihələrinin rolu əvəzsizdir. Bu gün müasir dünyada tək istehsalla bağlı innovasiyaların tətbiqindən söhbət getmir. Ağıllı iş adamları artıq öz yüklərini mənzil başına çatdırmaq üçün   daha sərfəli yollar axtarışındadırlar. Yüklərin daşınması üçün müddətin qısaldılması dövlətlərə və iş adamlarına daha çox mənfəət gətirir.

 Dünyanın nəhəng fabriki statusunu  almış Çindən Qərbə yüklərin böyük əksəriyyətinin dəniz yolu vasitəsilə 45 günə  çatdırıldığı bir vaxtda bu yola sərf edilən vaxtı iki-üç dəfə qısalda biləcək yeni daşıma xətləri  böyük maraq kəsb edir. Bu istiqamətdə indi reallaşdırılan layihələrlə yanaşı, Xəzər dənizi üzərindən asma körpü və Xəzər dənizi ilə Qara dənizi birləşdirən kanalın çəkilişinə dair son vaxtlar səsləndirilən təkliflər bir qədər öncə inandırıcı görünməyə bilərdi. Baxmayaraq ki, bu iki  dənizi birləşdirəcək ideyanın tarixi xeyli qədimdir.

Heç şübhəsiz, bu məsələlərin yenidən gündəmə gətirilməsi logistikada innovasiya axtarışının nəticəsidir. Ölkə  Prezidenti cənab İlham Əliyev müasir logistikanın  perspektivlərini dərindən bildiyinə görə  Azərbaycan üzərindən reallaşdırılan transmilli nəqliyyat dəhlizi layihələrinə böyük önəm verir. Müasir logistikanın inkişaf perspektivlərini dəyərləndirərkən 20-30 ildən sonrakı durumu görüb onu lazımınca qiymətləndirmək bacarığı yalnız uzaqgörən siyasətçiyə məxsus olan keyfiyyətdir.

Logistika məsələlərinə böyük önəm verən Prezident paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq  Dəniz Ticarət Limanı Kompleksinin açılışında bu sahədə son 15 ildə görülən işləri belə dəyərləndirdi: “Son 15 il ərzində ölkəmizdə 15 min kilometr avtomobil yolu salınmışdır. Bizim bütün qonşu dövlətlərlə sərhədimizə qədər gedən yollar istifadəyə verilib, şəhərlərarası, kənd yolları, yəni, bu infrastruktur da yaradılıb. Bu illər ərzində 7 aeroport tikilibdir. Onlardan 6-sı beynəlxalq aeroportdur”.

Bakı Beynəlxalaq  Dəniz Ticarət  Limanının Xəzər dənizinin Ələt hövzəsində tikilməsi qərarı ölkə Prezidenti cənab İlham Əliyevin çox uğurlu seçimidir. Ələt zonası Azərbaycanın Şimalla Cənubu,  Qərblə Şərqi birləşdirən quru və dəmir yollarının qovuşduğu bir məkandır. Xəzər hövzəsində ən böyük dəniz ticarət limanının məhz  burada salınması Azərbaycanın qısa zaman kəsiyində beynəlxalq logistika mərkəzinə çevrilməsi yolunda atılmış doğru addımdır. Bu Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun önəmli sahələrindən biri hesab olunan tranzit yükdaşımaların həcminin artırılması yolunda inqilabi  dönüşün  başlanğıcıdır.

Məlum olduğu kimi, ölkə Prezidenti 2007-ci ildə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlamaq barədə  sərəncam imzalayıb və  2010-cu ilin noyabrında onun iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. Dörd il sonra - 2014-cü ilin sentyabrında limanın iki körpüdən ibarət bərə terminalı, bu ilin yanvarında isə iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. Bakı Beynəlxalq Dəniz Ticarət Liman Kompleksi 117 hektar ərazini əhatə edir. İlkin mərhələdə 15 milyon ton yükaşırma, o cümlədən 100 min konteyner yükaşırma qabiliyyəti olan limanın növbəti mərhələdə yükaşırma gücü 25 milyon tona, konteyner  yükaşırma imkanı isə ildə 500 min ədədə çatdırılması nəzərdə tutulub.

Növbəti mərhələdə Ələt bölgəsində Azad İqtisadi Zonanın yaradılması həmin ərazidə minlərlə yeni iş yerlərinin açılmasına imkan verəcək. Nəticə etibarilə bölgənin iqtisadi inkişafı təmin olunacaq  və  Ələt qəsəbəsi ölkəmizin iqtisadi nəqliyyat potensialının inkişafında önəmli yer tutacaq.

Real sektorun bütün sahələrinə belə ciddi diqqət yetirilməsi, heç şübhəsiz, yaxın gələcəkdə iqtisadiyyatımızın qeyri-neft sektorunda  uğurlu nəticələrin əldə olunacağına  inamı qat-qat artırır. Təsadüfi deyildir  ki, beynəlxalq maliyyə institutları, dünyanın aparıcı araşdırma mərkəzləri Azərbaycan iqtisadiyyatının  perspektiv inkişafını yüksək qiymətləndirir  və  onun bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə dair inamlı rəylər bildirirlər.

Fikrət  YUSİFOV,
iqtisad elmləri  doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında