Akademik Akif Əlizadə: “Akademiyanın missiyası Azərbaycanda yalnız elmi fikri formalaşdırmaq və inkişaf etdirməklə məhdudlaşmır. Bu elm məbədindən yayılan mənəvi-intellektual enerji 70 ildən çoxdur ki, bütövlükdə Azərbaycan milli mədəniyyətini stimullaşdırır. Müasir Azərbaycan mədəniyyətinin, milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin formalaşması, ziyalı elitasının yetişdirilməsi məhz akademiyanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. Bu mənada akademiyanın – milli elmi təfəkkür mərkəzinin yarandığı günün, 27 mart tarixinin respublikada elmi fəaliyyətlə məşğul olanların peşə bayramı – “Elm günü” kimi təsis edilməsi müstəsna əhəmiyyətə malik olan hadisədir”.
Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir.
- Akif müəllim, Azərbaycan Pespublikası Prezidentinin sərəncamı ilə ölkəmizdə “Elm Günü” təsis edilmişdir. AMEA alimləri bu xəbəri necə qarşıladılar?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Elm günü”nün təsis edilməsi respublikamızın elmi ictimaiyyəti, o cümlədən akademiyanın çoxsaylı kollektivi tərəfindən olduqca böyük sevinc və minnətdarlıq hissi ilə qarşılandı. Qeyd etmək istərdim ki, “Elm günü”nün təsis edilməsi son illər ərzində Azərbaycanda elmi fəaliyyət sahəsində həyata keçirilən dövlət siyasətinin məntiqi nəticəsidir. Bu siyasətin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Prezident İlham Əliyev bütün sferalarda olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ümummilli lider Heydər Əliyevin ənənələrini davam etdirir, milli sərvətimizin tərkib hissəsi olan elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin vacib istiqamətlərindən biri hesab edir. Azərbaycan Elmlər Akademiyasının təsis edildiyi 27 mart tarixinin respublikada elmi fəaliyyətlə məşğul olanların peşə bayramı – “Elm günü” kimi qəbul edilməsi ilə bağlı prezidentin sərəncamı ilk növbədə yuxarıda qeyd olunanların bariz nümunəsidir. Prezidentimizin Azərbaycan elminə göstərdiyi qayğı və verdiyi yüksək qiymət alimlərimizi daha da ruhlandırır, onları öz intellektual potensialını səfərbər etməyə sövq edir. Mən respublikada “Elm günü”nün təsis edilməsi ilə bağlı elmi ictimaiyyət adından möhtərəm Prezidentimizə dərin təşəkkürümü bildirirəm.
“Elm günü” ilə bağlı bir məqamın üzərində xüsusi dayanmaq istərdim. Məlumdur ki, dünyanın bir sıra ölkələrində müxtəlif əlamətdar tarixlərdə “Elm günü” qeyd edilir. Məsələn, on ildən çoxdur ki, UNESCO kimi nüfuzlu beynəlxalq qurumun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə 10 noyabr müasir sivil dünyada sülh və inkişaf naminə Ümumdünya Elm Günü kimi qeyd olunur. Dünyanın bir sıra ölkələri məhz bu günü “Elm günü” kimi qeyd edirlər. Bir sıra inkişaf etmiş ölkələrdə digər təcrübələr də vardır. Bizdə də “Elm günü” üçün hansı tarixin seçilməsi ilə bağlı müxtəlif mülahizələr mövcud idi. Mən bu barədə cənab Prezidentin də fikrini öyrəndim. Onun tövsiyəsi ilə məhz 27 mart tarixi, Azərbaycan Elmlər Akademiyasının yarandığı tarix “Elm günü” kimi təsis olundu. Mən hesab edirəm ki, bu tarixin seçilməsinin olduqca böyük əhəmiyyəti vardır.
Bilirsinizmi, tarixən Azərbaycanda ayrı-ayrı mütəfəkkirlər, müstəqil fəaliyyət göstərən elmi məktəblər çox olmuşdur. Lakin sistemli şəkildə təşkil olunmuş, qarşısında konkret vəzifələr müəyyənləşdirilmiş, dövlət tərəfindən dəstəklənən qurum olmamışdır. Çox əsirlik milli ictimai fikir tariximizdə ilk dəfə olaraq məhz 27 mart 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi ilə qədim və zəngin ənənələrə malik milli intellektual potensial dövrün tələbləri baxımından mötəbər bir qurum tərəfindən istiqamətləndirilir, mühüm elmi tədqiqatlar aparılır. Bununla da elmin mühüm strateji istiqamətləri müəyyənləşdirilmiş, mükəmməl təşkilati struktur qurulmuş, yüksək ixtisaslı kadr potensialı yetişdirilmişdir. Nəticədə, cəmi bir neçə on il ərzində həm keçmiş SSRİ miqyasında, həm də dünya səviyyəsində elmi proseslərin inkişafına təkan verən mühüm nailiyyətlər əldə olunmuşdur.
Azərbaycan Elmlər Akademiyasının inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyev akademiyanı “Azərbaycan xalqının milli sərvəti” adandırmışdır. Belə yüksək dəyər yalnız ona görə deyil ki, akademiya Azərbaycanda elmi fikri formalaşdırmış və inkişaf etdirmişdir. Bu elm məbədindən yayılan mənəvi-intellektual enerji 70 ildən çoxdur ki, bütövlükdə Azərbaycan milli mədəniyyətini stimullaşdırır. Müasir Azərbaycan mədəniyyətinin, milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin formalaşması, ziyalı elitasının yetişdirilməsi məhz akademiyanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. Bu mənada akademiyanın – milli elmi təfəkkür mərkəzinin yarandığı günün, 27 mart tarixinin respublikada elmi fəaliyyətlə məşğul olanların peşə günü – “Elm günü” kimi təsis edilməsi müstəsna əhəmiyyətə malik olan mühüm bir hadisədir.
- Olduqca şərəfli bir inkişaf yolu keçmiş Elmlər Akademiyasının tarixini şərti olaraq müəyyən mərhələlərə bölmək olarmı? Əgər olarsa, ən çox hansı dövrü daha məhsuldar hesab edərdiniz?
- Qeyd etdiyiniz kimi, akademiya zəngin və şərəfli inkişaf yolu keçmişdir. Hər bir bölgünün şərti xarakter daşıdığını nəzərə almaqla, Azərbaycan Elmlər Akademiyasının tarixini bir neçə mərhələyə ayıra birərik.
Birinci mərhələ 1945-1970-ci illəri əhatə edir. Bu mərhələ Azərbaycan Elmlər Akademiyasının yeni elmi-təşkilati əsaslarla formalaşma mərhələsidir. Bu dövrdə akademiyanın ilkin maddi-texniki bazası formalaşdırılıb, elmi-təşkilati strukturu qurulub, yüksək ixtisaslı kadr potensialının ilk nəsli yetişdirilib. Bu mərhələdə akademiyanın təməlini qoyan görkəmli ziyalılar, ilk Azərbaycan akademikləri olduqca müstəsna xidmətlər göstərmişlər. Hesab edirəm ki, bu gün də onların xatirəsini əziz tutmaq, adlarını qeyd etmək bizim tarixi və mənəvi borcumuzdur. Budur həmin tarixi şəxsiyyətlər: Azərbaycanda tibb təhsili və elminin baniləri Mirəsədulla Mirqasımov və Mustafa bəy Topçubaşov, dahi bəstəkar və böyük maarifçi Üzeyir bəy Hacıbəyli, Azərbaycan kimyaçılar məktəbinin dünya miqyasında nüfuzlu nümayəndəsi Yusif Məmmədəliyev; Azərbaycan geologiya elminin baniləri Şamil Əzizbəyov, Əliəşrəf Əlizadə, Mirəli Qaşqay; ədəbi irsləri bu gün də azərbaycançılığın zirvəsində duran ölməz Səməd Vurğun, Mirzə İbrahimov; Azərbaycan fəlsəfə məktəbinin görkəmli nümayəndəsi Heydər Hüseynov; milli memarlığımızın layiqli nümayəndələri Sadıq Dadaşov, Mikayıl Hüseynov, həmçinin sovet elminin layiqli nümayəndələri İosif Yesman, İvan Şirokoqorov və Aleksandr Qrossheym. Bu şəxsiyyətlər Akademiyanın ilkin formalaşması mərhələsində müstəsna xidmətlər göstərmişlər.
İkinci mərhələ 1970-1985-ci illəri əhatə edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olan bu dövr Azərbaycan Elmlər Akademiyasının 70 illik tarixində ən parlaq mərhələdir. Ötən əsrin 70-80-ci illərində Akademiyada yalnız keçmiş SSRİ miqyasında deyil, dünya miqyasında elmi proseslərin inkişafına təkan verən, iqtisadiyyatın bu və ya digər sahəsinə tətbiq olunan çoxsaylı elmi uğurlar əldə edilmişdir. Bu, bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə dövlətin elmə müstəsna qayğısı nəticəsində mümkün olmuşdur. Bu mərhələdə Akademiya Azərbaycanın sosial-mədəni tərəqqisinə misilsiz töhfələr vermiş, cəmiyyətin əksər sosial-mədəni sferalarının inkişafında təkanverici qüvvə kimi çıxış etmişdir. Respublikada güclü təhsil sisteminin formalaşması, milli kadr potensialının yetişməsi, iqtisadiyyatın inkişafı, xüsusən Azərbaycan neft strategiyasının reallaşması, milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin, dilimizin tədqiqi kimi ümummilli maraqlar baxımından xüsusi əhəmiyyət kəsb edən sahələr akademiyanın fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu mərhələdə Azərbaycan elminin müxtəlif istiqamətlərində möhtəşəm məktəblər yaranmışdır. Musa Əliyev, Zahid Xəlilov, Murtuza Nağıyev, Həsən Abdullayev, Əlisöhbət Sumbatzadə, Əşrəf Hüseynov, Rüstəm İsmayılov və digər alimlərin məktəbi xüsusilə məşhurdur. Bu misallarla bildirmək istəyirəm ki, Akademiyanın inkişafı tarixində bu mərhələ bizim elm ocağımızın sonrakı inkişafında əsas rol oynayıb.
Üçüncü mərhələ 1985-1993-cü illəri əhatə edir. Bu mərhələdə 70-80-ci illərdə formalaşmış intellektual potensial və əldə edilmiş nailiyyətlər hesabına akademiyanın mövcudluğu qorunub saxlanılsa da, bu elm ocağı bütün sahələr üzrə tənəzzül mərhələsinə qədəm qoyur. 1990-1993-cü illərdə bu tənəzzül özünün kəskin böhran mərhələsinə keçir, Akademiya bağlanmaq təhlükəsi ilə üz-üzə qalır.
Dördüncü mərhələ 1993-2003-cü illəri əhatə edir. Bu mərhələ Azərbaycan elminin xilas və milli müstəqilliyin tələbləri baxımından yeni inkişaf dövrüdür. Müstəqilliyin ilk illərində Elmlər Akademiyası ümummilli liderin yenidən hakimiyyətə gəlişi ilə bağlanmaq təhlükəsindən xilas olur, inkişaf mərhələsinə qədəm qoyur. Ümummilli lider Heydər Əliyevin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verilir. 4 yanvar 2003-cü il tarixli fərmanla AMEA-ya Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, respublikanı xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilati statusu verilir.
Beşinci mərhələ 2003-2013-cü illəri əhatə edir. Bu mərhələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin modernləşmə, biliklər cəmiyyətinin qurulması strategiyası kontekstində elmin növbəti inkişaf mərhələsidir. Bu dövrdə cənab İlham Əliyevin elmin inkişafı ilə bağlı qəbul etdiyi çoxsaylı qərarlar sırasında “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya” mühüm yer tutur.
Altıncı mərhələ 2013-cü ildən başlanmış və davam etməkdə olan islahatlar mərhələsidir. Bu mərhələ intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulmasına adekvat olaraq elmi fəaliyyət sahəsinin modernləşməsini nəzərdə tutur.
- Akif müəllim, qeyd etdiniz ki, 2013-cü ildən başlayan mərhələ islahatlar mərhələsidir. Bu islahatların ümumi istiqamətləri barədə nisbətən ətraflı məlumat verməyinizi xahiş edərdik.
- Bir müsahibədə həyata keçirilən tədbirlərin hamısı haqqında geniş məlumat vermək imkan xaricindədir. Lakin ümumi təsəvvürün yaranması üçün həyata keçirilən islahatların mühüm istiqamətlərini qeyd etmək istərdim. Prioritet elmi istiqamətlər üzrə müasir dövrün tələbləri səviyyəsində araşdırmaların aparılması, AMEA-da elmi-təşkilati fəaliyyətin yeni əsaslarla təşkili, müasir tələblərə cavab verən elmi kadrların hazırlanması, elmi-innovativ və praktiki fəaliyyətin daha effektiv mexanizmlər əsasında təşkili və s. həyata keçirdiyimiz islahatların əsas istiqamətlərindəndir. Həmçinin, hüquqi islahatlar, gənclər siyasətinin həyata keçirilməsi, elm və təhsilin inteqrasiyası, elektron elmin formalaşdırılması, beynəlxalq elmi əməkdaşlığın inkişafı, elmin populyarlaşdırılması və ictimaiyyətlə münasibətlərin qurulması, AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi, alimlərin əməyinin qiymətləndirilməsi və stimullaşdırılması kimi istiqamətlər də daim diqqət mərkəzindədir.
Bir məsələni xüsusi qeyd etmək istərdim. Ölkənin beynəlxalq səviyyədə elmi reytinqinin formalaşması beynəlxalq bazalarda çap olunmuş elmi əsərlərin və onlara edilən istinadların sayından, o cümlədən alimlərin bu elmmetrik bazalardan istifadə imkanları ilə təmin olunmasından asılıdır. Beynəlxalq elmi bazalarla əməkdaşlığın genişləndirilməsi elmi məhsuldarlığın dinamikasına müsbət təsir göstərən əsas faktorlardandır. Bu məqsədlə 2016-cı il oktyabrın 11-də “Clarivate Analytics” təşkilatı ilə AMEA arasında saziş imzalanmışdır. Bu sazişə əsasən AMEA-nın bütün elmi müəssisələrində işləyən alimlər “Web of Science” bazasından istifadə etmək imkanı əldə etmişlər.
Hazırda “Web of Science” bazasında AMEA-nın və onun 21 elmi müəssisəsinin vahid profili mövcuddur. Bu profillər vasitəsilə AMEA əməkdaşlarının və elmi müəssisələrinin nəşr aktivliyini, H (Hirş) indeksini və istinad göstəricilərini asanlıqla əldə etmək mümkündür.
Təhlillər göstərir ki, WoS-a 1975-2017-ci illərdə AMEA-nın 10 545 elmi əsəri daxil olmuşdur ki, bunun da 2 288-i (22 faizi) son beş ilin payına düşür. Həmçinin, 2013-2017-ci illərdə WoS və Science bazalarına AMEA-dan daxil olan elmi əsərlər və bu əsərlərə olan istinadlar respublika üzrə daxil olan əsərlərin və istinadların yarıdan çoxunu təşkil edir.
Son beş ildə həyata keçirilən islahatlar sayəsində Azərbaycan Milli Elmlər Akademiyası fəaliyyətini bu gün tamamilə yeni tələblər əsasında davam etdirməkdə, respublikamızın sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafında yaxından iştirak etməkdədir. Onun yaxın perspektivdəki hədəfi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi kimi, Azərbaycanı bölgənin elm mərkəzinə çevirməkdir. Azərbaycan dövlətinin elmə olan həssas və qayğıkeş münasibəti və elmi fəaliyyət sahəsində məqsədyönlü şəkildə həyata keçirilən islahatlar bu hədəfə doğru inamla addımlamağımıza tam əsas verir.
- AMEA kadrlarından söz düşəndə ilk növbədə alimlərin elm sahəsində nailiyyətləri, onların yaşı və sosial-məişət təminatı xatırlanır. Bir rəhbər kimi bu barədə mülahizələrinizi eşitmək maraqlı olardı.
- Yaxşı sualdır. Bu gün elmin inkişafı, gənc kadrların elmə marağı, əlbəttə, bilavasitə onların sosial vəziyyəti ilə bağlıdır. Elmə həvəs göstərən gəncin özü üçün yaxşı ailə şəraiti qurmaq istəyi normal qarşılanmalıdır. Ona görə də akademiyaya rəhbərliyə gəldikdən sonra ilk addımım bu məsələnin həlli ilə bağlı olmuşdur. İndi budur, hazırda Saray qəsəbəsi ərazisində gözəl bir yaşayış kompleksi inşa edirik. Bununla yanaşı, gənc alimlərimizin sağlamlığının qayğısına qalmağı da zəruri hesab edirik, bu istiqamətdə də addımlar atırıq. AMEA-nın əvvəllər bir pioner düşərgəsi var idı. Oranı yenidən quraraq xüsusi kotteclər tikdirmişik. Alimlərimiz məzuniyyət vaxtı, şənbə-bazar günləri orada həm elmi işlərlə məşqul olmaq, həm də ailəvi istirahət etmək imkanı qazanmışlar. Şamaxı Asrtofizika Rəsədxanası da cənab Prezidentin dəstəyi ilə əsaslı təmir olunub və orada koteclər inşa edilmişdir. İndi həmin məkan yay istirahəti üçün çox gözəl bir düşərgə kimi tanınır.
Təbiidir ki, alimlərimizin aylıq məvacibləri də yüksək olmalıdır. akademiyaya rəhbərliyimin ilk günlərindən elan eləmişəm və həmkarlarım da mənimlə razılaşıblar ki, büdcə hesabına maaş artımına, investisiyaya arxayın olmaq bir o qədər doğru deyil. Dövlət onsuz da himayə edir, diqqət göstərir. Amma Akademiya özü əlavə maliyyə qazanmağa çalışmalıdır. Baxın, Qərbdə, Amerikada bütün akademiyalar, demək olar ki, büdcədən yalnız 40 faiz maliyyələşir, qalan 60 faizini mütləq bizneslə əlaqəli işlərlə, elmi tədqiqatlar, müxtəlif mövzular üzrə sifarişlərin icrası yolu ilə əldə edirlər. Ümid edirəm ki, Azərbaycan biznesi də yaxın zamanlarda üzünü elmə tərəf çevirəcək.
- Bəzi MDB respublikalarında Elmlər Akademiyası sistemi və ya onun statusu dəyişdirilir. Sizcə, bu hansı zərurətdən irəli gəlir?
- Bizə belə gəlir ki, o dövlətlərdə rəhbərliyə gələn insanlar bir qədər tələskənlik nümayiş etdiriblər. Azərbaycanda da belə fikirlər var idi. Amma bu barədə ulu öndər vaxtında öz sözünü deyib: “Elmlər Akademiyası Azərbaycan xalqının sərvətidir, onu qoruyub saxlamaq lazımdır”. Yalnız ulu öndər kimi yüksək intellektə, biliyə, zəkaya malik olan təcrübəli bir siyasətçi düzgün təssəvür edirdi ki, akademiya həqiqətən dövlətin, xalqın sərvətidir. Amma dediyiniz MDB dövlətlərində fikirləşiblər ki, akademiyanı Qərbdə olan struktur kimi dərhal universitetlərə vermək lazımdır - veriblər də. Zaman göstərdi ki, bu, yanlış addımdır. İndi geri qayıtmaq istəsələr də, tam qayıda bilmirlər. Çünki dağıtmaq asandır, yaratmaq, qurmaq isə həmişə çətindir. Akademiyamız 73 ildir yaranıb və bu gün Azərbaycan xalqının, maarifinin, elminin, intelektinin, demək olar ki, aparıcı qüvvəsinə çevrilmişdir.
Bilirsinizmi, hazırda dünyada elm əvvəlki dövrlərdən fərqli, tamamilə yeni məzmun kəsb edərək xüsusi bir sosial fenomenə çevrilmişdir. İndi elmi-texniki tərəqqiyə və biliklərə əsaslanan innovativ fəaliyyət cəmiyyətin mövcudluğunu, təhlükəsizliyini, davamlı inkişafını şərtləndirən əsas amil kimi çıxış edir. Eyni zamanda, hər bir dövlətin sosial-iqtisadi, siyasi və mədəni inkişafının da əsas təminatçısı elmdir. Azərbaycanda da elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Dəfələrlə bəyan edildiyi kimi, dövlətimizin əsas strateji inkişaf xəttini hakimiyətlə intellektin, neft kapitalı ilə insan kapitalının, təbii resurslarla intellektual potensialın vəhdəti təşkil edir. Belə bir şəraitdə akademiyanın missiyası yeni xüsusi məna kəsb edir. İndi biz 70 illik zəngin elmi təcrübə işığında gələcək hədəflərimizə doğru addımlamalıyıq. Bu mənada ümummilli lider Heydər Əliyevin akademiya haqqında dediyi dahiyanə formul, “Akademiya Azərbaycan xalqının milli sərvətidir. Onu qoruyub saxlamalıyıq” tamamilə yeni məzmun kəsb edir. Milli sərvət statuslu akademiyanı həm də ona görə qoruyub saxlamalıyıq ki, müasir dövrdə bu mənəvi sərvətin intellektual-mənəvi dividendi hesabına strateji oriyentirləri dəqiq müəyyənləşdirməyi bacaraq, necə deyərlər, haradan gəldiyimizi bilməklə yanaşı, hara yön aldığımızı da dəqiq müəyyənləşdirə bilək...
- Akif müəllim, məlumdur ki, müasir dünyanın çağırışlarına əsaslanan bir sıra prioritet elmi istiqamətlər vardır. Sizcə, respublikamızda hansı elmi istiqamətlərdə təkmilləşdirməyə ehtiyac vardır?
- Yaşadığımız yüzillik texnologiyalar əsridir. İndi cəmiyyəti internetsiz, mobil telefonsuz və digər informasiya vasitələrsiz təsəvvür etmək çətindir. Bu istiqamətdə inkişaf durmadan davam edir. Təbii ki, tətbiqi riyaziyyat, fizika, təbiət elmləri, həmçinin müvafiq elm sahələrində riyazi modelləşdirmə ilə bağlı mühüm tədqiqatlar aparılmalıdır. Bu məsələlərlə bağlı Rəyasət Heyəti iclaslarında dəfələrlə qeyd eləmişəm, çağırışlarım olub və çox məmnunam ki, həmkarlarım mənə dəstək olublar. Nəticədə aspirantların, doktorantların, magistrlərin mövzuları (hətta humanitar və ictimai elmlərdə) yeni elmi istiqamətlərə müvafiq olaraq təsdiq olunur. XXI əsrin biologiya əsri olduğu da bir faktdır. Biotibbi elmi istiqamət xeyli inkişaf edib. İndi səhiyyə fizikanın, riyaziyyatın yüksək texnologiyaların inkişafından faydalanır. Hazırda maqnit-rezonans tomoqrafları, nüvə maqnit tomoqrafları, rentgen sistemləri xeyli təkmilləşib və bunların hamısı fiziklərin uğurları nəticəsində tibb elminin inkişafına təməl kimi qoyulub, eləcə də tibb elmini dinamik inkişafa istiqamətləndirib. Deməli, digər zəruri sahələr kimi bu istiqamətdə də yüksək inkişafa nail olmağa səy göstərmək lazımdır.
- Siz həm də AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktorusunuz. Qırx ildən artıq müddətdə rəhbərlik etdiyiniz institutun elmi nailiyyətləri barədə danışarkən ilk növbədə nələri qeyd etmək istərdiniz? Bu elm ocağının 80 illik yubileyinə necə hazırlaşırsınız?
- Ölkəmizdə geologiya elminin inkişafı ilə fəxr edirəm. Qırx ildən çoxdur bu müəssisəyə rəhbərlik edirəm. Bu illər ərzində çətinliklərimiz də olub. 90-cı illərdə işçilərimizə maaş verməkdə problemlərimiz olurdu. Onda geologiya elminə sadiq alimlərimizin səyi ilə bu sahənin tamlığını, bütövlüyünü qoruya bildik, ona yeni nəfəs gətirdik. Bu nailiyyətimizi birbaşa dövlətimizin elmlə bağlı düzgün siyasəti ilə əlaqələndirmək lazımdır. 1993-cü ildə ulu öndər hakimiyyətə qayıtdı, 94-cü ildə “Əsrin müqaviləsi” imzalandı və geologlar üçün yeni, məsul bir fəaliyyət sahəsi açıldı. Qərb şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı sayəsində ikinci “neft bumu” yarandı. Xarici şirkətlər sərmayə yatırmazdan əvvəl geoloqlarımızın tədqiqat nəticələri ilə ciddi şəkildə tanış oldular. Onlar mütəxəssislərimizlə təmas yaratdılar, 50-yə qədər layihə bizim alimlərlə işləndi. Bu da Azərbaycanın geologiya, geofizika elminə, demək olar ki, qəti inam, yeni nəfəs gətirdi. Zəngin geoloji, geofiziki material əldə olunub. Geologiya və Geofizika İnstitutunun fondunda dediyimiz o zəngin hesabatlar, müqavilələr indi gənc kadrların yolunu gözləyir, gəlib təhlil etsinlər, faydalansınlar. Onların fəlsəfə və elmlər doktorluğu dissertasiyaları müdafiə etmələrinə yaxşı zəmin yaranıb. Mən çox şadam ki, Geologiya və Geofizika İnstitutunda bu gün də görkəmli alimlər təmsil olunur. Təəssüf ki, bəzi gənclərin fikrincə, guya geologiya elmində hər şey deyilib. Ona görə digər sahələrə daha çox maraq göstərirlər. Amma heç şübhə yoxdur ki, zaman gələcək, yer elmlərinə ehtiyac daha çox duyulacaq və geologiya elminə maraq, ehtiyac yeni vüsət alacaq. İnstitutun 80 illiyinə gəlincə, biz yubiley ərəfəsində bütün elmi ictimaiyyətə hesabat verməyə hazırıq.
- Növbəti sualımız Geologiya və Geofizika İnstitutunda fəaliyyətinizlə bağı planlar və perspektivlər barədədir.
- GGİ-nin rəhbəri kimi fəaliyyətimin əsas istiqaməti Azərbaycan geologiyasını durmadan öyrənməkdir. Alimlərimiz 5-8 km dərinliyə qədər geoloji quruluşu artıq tam təsəvvür edirlər. İndi başlıca vəzifə, ilk növbədə, Azərbaycanın dərinlik geoloji quruluşunu öyrənmək, sonra ölkə ərazisindən kənarda müqayisəli tədqiqatlar aparıb geologiya elmini Qafqaz regionu istiqamətinə yönəldərək bu ərazinin geologiyasının inkişafına töhvələrimizi verməkdir. Üçüncü istiqamət Xəzər dənizinin öyrənilməsidir. Xəzər bu gün geoloqların böyük tədqiqat arzusu olan istiqamətdir. Dəniz təkinin geologiyası, neft-qaz yataqlarının inkişafı, onların quruluşu, sistemləşdirilməsi, axtarışı, kəşfi kimi məsələlər olduqca aktualdır. Əvvəlki dövrlərdən fərqli olaraq indi geoloqlarımız digər sahələrdəki həmkarları ilə - bioloqlarla, botaniklərlə, zooloqlarla təmasda işləyəcəklər. Yalnız bu halda alimlərimiz mühüm nəticələr əldə edə biləcəklər.
- Akif müəllim, sonda arzularınızı eşitmək istərdik.
- Elm sərhədsizdir! İntellektual sərvət: təbiət elmləri sahəsində böyük elmi kəşf və ixtiralar, ictimai-humanitar elm sahələrində fundamental fəlsəfi-əxlaqi təlimlər, nəzəri konsepsiyalar heç bir milli, irqi, dini mənsubiyyət tanımır. Onlar bütün bəşəriyyətin ümumi sərvətinə çevrilərək qlobal inkişafa xidmət edir. Mən Azərbaycan alimlərinə, xüsusən intellektual gəncliyə ümumbəşəri dəyərə çevrilə biləcək, xalqımızın elmi potensialını bütün dünyada təmsil edəcək elmi nailiyyətlərə imza atmağı arzu edirəm. Məm Azərbaycan elminin belə bir potensialının olduğuna inanıram.
- Maraqlı müsahibəyə görə təşəkkür edirik.
Müsahibəni apardı:
Şirməmməd NƏZƏRLİ
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.