Rektor İlham Mədətov: ATMU ixtisaslı kadr hazırlığında maraqlıdır

Yarandığı 2006- cı ildən beynəlxalq təcrübəni tətbiq edən, özünün müasir və milli marağı nəzərə alan  yanaşması ilə fərqlənən Azərbaycan Turizm İnstitutu turizm sənayesi üçün keyfiyyətli kadr hazırlığını müvəffəqiyyətlə həyata keçirib. 2014-cü ildə turizm institutunun bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb . Bu, dövlət başçısının təhsilə, ölkənin turizm və menecment sahələrinin inkişafına göstərdiyi qayğının daha bir bariz nümunəsi, ATMU kollektivinin işinə verilən yüksək qiymət olmaqla bərabər, universitet qarşısında təkcə turizm sahəsində deyil, menecment, maliyyə, marketinq, regional inkişaf, qida mühəndisliyi, nəqliyyat sahəsində kadr hazırlığı istiqamətində məsuliyyət qoyulmasıdır.

ATMU 12 illik fəaliyyəti dövründə artıq ölkədə turizm təhsili verən ali təhsil müəssisəsindən sənayenin müxtəlif sahələri üçün kadr hazırlığı üzrə təhsilin əsas ünvanına çevrilib.

Həmsöhbətim universitetin rektori İlham Mədətovdur. Ondan Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı və “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” ilə bağlı universitetdə görülən işlər barədə məlumat verməsini xahiş etdik.  İlham müəllim dedi:

– Ölkəmizdə turizmin inkişafını stimullaşdıran bir çox mühüm müddəalara həmin sənədlərdə xüsusi yer ayrılıb. Bildiyiniz kimi, son illər Azərbaycanda turizm sektorunun inkişafını şərtləndirən xeyli sayda yeni otellər, istirahət mərkəzləri tikilib, xarici turistlərin ölkəyə cəlb edilməsi üçün viza rejimi sadələşdirilib. Ölkəmiz beynəlxalq səviyyəli forumlara, sammitlərə və idman oyunlarına yüksək səviyyədə ev sahibliyi edir. Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. 10 il əvvəl ölkədə cəmi 32 turizm şirkəti vardısa, bu gün onların sayı 120-dən çoxdur. Ümumilikdə, son 2 ildə ölkəyə gələn turistlərin sayı 51 faiz yüksəlib. Bu yüksək rəqəm Dünya Turizm Təşkilatı tərəfindən də qeyd olunub. Dünyada turizm sahəsində böhran və çətinliklərin olmasına rəğmən, Azərbaycan turist sayının yüksək artımına nail olub.

İnamla deyə bilərik ki, Azərbaycan dünyanın turizm xəritəsində özünə layiqli yer tutmaqdadır. Ölkəmizə səfər planlaşdıran turistlər ilin bütün fəsillərində diyarımızda gözəl istirahət edə bilirlər. Şahdağ Qış-Turizm Mərkəzi, Tufandağ Qış-Yay Turizm Kompleksinin fəaliyyətə başlaması ilə ölkəmizdə turizmin mövsümiliyi aradan qalxıb. O cümlədən paytaxtda və digər şəhərlərimizdə fəaliyyət göstərən məşhur brend hotellərdə turistlərə yüksək səviyyədə keyfiyyətli və geniş çeşidli mədəni xidmət təklif olunur. Qeyd edilən amillərin icrası birbaşa ixtisaslı və peşəkar kadr hazırlığının uğurlu həllindən asılıdır.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasi kursu dövrün tələblərinə uyğun müasirləşdirən dövlət başçımız cənab İlham Əliyev bütün görüş və çıxışlarında xüsusi vurğulayır ki, “Təhsil bizim gələcəyimizdir, inkişaf perspektivlərimizi müəyyən edən ən başlıca sahədir… İslahatlar davam etdirilməlidir... Bizə yeni, bilikli, dünyada biznes mühitini yaxşı bilən peşəkar menecerlər lazımdır.”

– İlham müəllim, universitetdə təhsilin müasir səviyyəsi sizi qane edirmi?  Və məzunların sonrakı taleyi-işlə təminatından xəbəriniz varmı, onlar harada, nə işlə məşğuldurlar?    

– Hazırda 3 fakültə, 10 kafedrada 11 ixtisas üzrə bakalavriatura səviyyəsində1600 nəfərdən çox, magistraturada 157, doktoranturada 26, dissertanturada 18, əlavə təhsil üzrə 28 nəfər və ilk peşə-ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə təxminən 440 nəfər təhsil alır. Beləliklə, bu gün ATMU ailəsində ümumilikdə 2253 gənc turizm sahəsi üçün müxtəlif səviyyəli mütəxəssis kimi hazırlanır.

Bu günədək 2100 nəfərdən çox gənc universitetin bakalavr pilləsini bitirib. Onlardan 143 nəfəri magistr dərəcəsi alanlardır. Son 12 ildə universitet məzunlarından 175 nəfəri həm bakalavr, həm də  magistr pilləsində ölkənin təhsil tarixində ilk dəfə olaraq ATMU ilə yanaşı, Avstriyanın İMC Tətbiqi Elmlər Universitetinin diplomunu alıb. Hazırda isə 76 tələbə bu proqram üzrə bakalavr və magistr pilləsində təhsilini davam etdirir. Məzunların əksəriyyəti ölkənin nüfuzlu müəssisələrində, o, cümlədən turizm, nəqliyyat, ərzaq, neft sənayesi müəssisələrində uğurla fəaliyyət göstərirlər. Məzunlar nəinki Azərbaycanda, həmçinin dünyanın müxtəlif ölkələrində çalışır, təhsil alır və Azərbaycanı uğurla təmsil edirlər.

ATMU Bolonya prosesinin tələblərini həyata keçirən ilk təhsil müəssisələrindən biri olub. 2006-cı ildə tədrisi tam olaraq bu prosesin tələblərinə uyğun qurmaq ali təhsildə müasirləşməyə doğru atılmış ilk mühüm addım idi. Tədrisin bu prinsiplər əsasında təşkili Avropa universitetləri ilə sərbəst əməkdaşlığa şərait yaradıb, ATMU Erasmus Mundus proqramına qoşulub və İMC Tətbiqi Elmlər Universiteti ilə bakalavriat və magistratura səviyyələrində ikili diplom proqramlarını uğurla həyata keçirməyə başlayıb.

– “Tədris-təlim-təcrübə-tədqiqat” modelinə üstünlük verən ATMU-ya bu modelin tətbiqi nə verib?

– Keçən 12 il ərzində ATMU bir çox beynəlxalq təşkilatlarda layiqincə təmsil olunub. Belə ki, universitetimiz 2011-ci ildən BMT-nin Dünya Turizm Təşkilatının “qoşulmuş üzvü”, 2012-ci ildən  isə “Bilik  Şəbəkəsi”nin üzvü kimi qurumun təşkil etdiyi tədbirlərin fəal iştirakçısı olub.

ATMU Avrasiya Universitetlərinin Beynəlxalq Assosiasiyası, Xidmət üzrə Rusiya Ali Məktəblərinin Milli Elmi-Tədqiqi Texnoloji Konsorsiumu, Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyası (ESRUC), Demokratiya Naminə Universitetlər İttifaqı (AUDEM) və digər təşkilatların üzvüdür.  ATMU tərəfindən 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurulmuş, müvafiq müqavilələr imzalanıb. Hazırda ATMU Mövlanə və Erasmus+ Mobillik proqramlarının fəal iştirakçısıdır.

ATMU tələbələrinin öz nəzəri biliklərini 20 həftəlik istehsalat təcrübəsində möhkəmləndirmək imkanı da mövcuddur. Tələbələrimizin bir qismi Türkiyə, Rusiya, İsrail, Şimali Kipr Türk Cümhuriyyəti, Almaniya, Yunanıstan, Çin və s. ölkələrdə yay tanışlıq və istehsalat təcrübəsi keçirlər. Həmçinin hər il yüzlərlə tələbəmiz ölkəmizdə fəaliyyət göstərən nüfuzlu şirkətlərdə və otellərdə təcrübə proqramlarını icra edirlər.

Təkcə turizm sənayesi deyil, həmçinin digər xidmət və istehsal sahələrində çalışanların əlavə təhsil proqramı və qısamüddətli kurslar vasitəsilə ixtisasartırmasına və yenidən hazırlanmasına (ixtisasdəyişmə¬sinə) nail olmaq üçün müvafiq işlər görülür. Belə ki, sənayenin 28 nəfər nümayəndəsi ATMU-da əlavə təhsil proqramı üzrə təhsil alır. Bununla bərabər, bacarıqlı xidmət personalının hazırlanması üçün Bakıda və turizm potensialının yüksək olduğu digər bölgələrdə “Bələdçi”, “Turoperator və turagent” və “Qeydiyyat--ön büro” peşə istiqamətləri üzrə kurslar təşkil olunub. Bələdçi kurslarını bitirmiş şəxslərə Dünya Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq sertifikatları təqdim edilmişdir. Bu gün turizm bazarında milli akkreditasiyadan 6 xarici dil üzrə 42 nəfər, HOT 1, HOT 2 və TOT təlimlərindən isə ümumilikdə 20-dən çox bələdçi keçib. Həmçinin “Turoperator və turagent” və “Qeydiyyat--ön büro” peşə istiqamətləri üzrə yüzlərlə gənc təlim kurslarını bitirərək, öz ixtisasına uyğun iş tapıb. ATMU-da “QHT Məktəbi” adı altında vətəndaş cəmiyyəti təşkilatları üçün kadr hazırlayan kurslar fəaliyyət göstərir.

– Bilirik ki, ATMU-da tədris müddətində xeyli proqramlar həyata keçirilir. Bu proqramlar tədris və təlimə hansı yenilikləri verib?

– Tələbələrimiz dərsdənkənar vaxtlarında ölkədə keçirilən mühüm, o cümlədən beynəlxalq tədbirlərdə böyük könüllü korpusu ilə fəal iştirak ediblər. Erasmus--Mundus Proqramı çərçivəsində əməkdaşlarımızın müsabiqə yolu ilə xarici universitetlərə ezam olunması, təhsil ilə yanaşı, əhəmiyyətli tədqiqatların aparılması da təmin olunub və indiyədək 50-dən çox əməkdaş bu imkandan yararlanıb. Universitetin əməkdaşları Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində həyata keçirilən 3 layihədə də fəal iştirak ediblər. Fulbrayt, Robert Boş Fondu, CİM, Fransa İnstitutu proqramları çərçivəsində ATMU-ya dəvət olunmuş ingilis, alman, fransız və ispan dilini tədris edən xarici mütəxəssislər təlim və tədris prosesində yaxından iştirak edirlər. Dünyanın peşəkar turizm təlim mərkəzləri ilə əməkdaşlıq edilərək, ATMU müəllimlərinin bacarıqlarının artırılması üçün də vacib işlər görülür. ATMU  dövlət proqramı üzrə xaricdə turizm, menecment, marketinq, maliyyə və digər ixtisaslar üzrə təhsili alan şəxslərin ölkəyə döndükdən sonra universitetdə pedaqoji fəaliyyətə cəlb edilməsində maraqlıdır. Bu gün ATMU-da 184 nəfər pedaqoji fəaliyyətlə məşğul olur ki, onlardan 31 nəfəri dünyanın məşhur universitetlərinin məzunlarıdır. Bu universitetlər arasında Türkiyə, Almaniya, Fransa, ABŞ, Böyük Britaniya, Yunanıstan, Ukrayna, Rusiya,  İsveçrə, Macarıstan və digər ölkələrin nüfuzlu ali məktəblərinin adları vardır.

ATMU-nun 15 məzunu hazırda universitetdə müəllim kimi əmək fəaliyyətini davam etdirir. Eyni sayda məzunumuz inzibati işlərdə çalışmaqdadır. Doktorantura təhsilində isə əsas məqsədimiz universitet üçün elmi-pedaqoji kadrlar hazırlamaqdır. 61 doktorantdan 43-ü hazırda ATMU-da inzibati və ya pedaqoji fəaliyyətlə məğul olur, qısa müddət ərzində onlardan 7 nəfəri müvəffəqiyyətlə fəlsəfə doktoru üzrə müdafiə etmişlər. Bu gənclərin ATMU-nun gələcək elmi-pedaqoji kadr korpusunun aparıcı xəttini formalaşdıracağına böyük ümid bəsləyirik.

Qeyd edim ki, universitetdə tədris edilən fənlər üzrə proqramlar daim yenilənir, eyni zamanda,  246 adda tədris-metodiki vəsait universitetin vəsaiti hesabına çap olunub.

– Elektron universitet ideyası barədə nə deyərdiniz?

– Bununla bağlı deyə bilərəm ki, elektron universitet ideyası çərçivəsində ATMU-nun aidiyyəti şöbələri Maliyyə və Təhsil nazirliklərinin sifarişləri ilə “SİNAM” şirkətinin hazırladığı “FERABİ” proqramı ilə təchiz olunmuş ilk ali təhsil müəssisələrindən biridir. Həmçinin İnformasiya Texnologiyaları bazarında olan şirkətlərdən biri ilə anlaşmaya əsasən ATMU üçün xüsusi elektron universitet proqramı təminatı həyata keçirilir.

ATMU-nun Kitabxana-İnformasiya Mərkəzinin fondunda turizm, menecment və tətbiqi elmlər sahəsi üzrə universitet tərəfindən çap edilən, ATMU-ya hədiyyə olunan və alınan 17 minə yaxın informasiya daşıyıcısı toplanıb. Mərkəz Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İRBİS-64 avtomatlaşdırılmış kitabxana-informasiya sistemi ilə təchiz edilib və müxtəlif elektron kitabxana şəbəkələrinə, o cümlədən Dünya Turizm Təşkilatının kitabxanasına qoşulub.

Son olaraq demək istəyirəm ki, uğurlar çoxdur, inkişaf sürətlidir, yeniliyə meyl də yüksək səviyyədədir və bütün bunlar təhsilin-tədrisin səviyyəsinə təsir edir. Bütün bunlara görə də bu il 12 yaşını qeyd edən ATMU kollektivi gələcəyə böyük ümidlərlə baxır.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında