Azərbaycan Prezidenti cənab İlham Əliyev andiçmə mərasimində çıxış edərək demişdir ki, son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər əldə edilib. Ancaq biz bununla kifayətlənməməliyik. Gələcəyə baxmalıyıq və baxırıq.
Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Bunun üçün güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Bu maliyyə resurslarını özümüz yaratmışıq və hazırda öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı gələcəyə çox böyük nikbinliklə baxır. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.
Ölkə başçısı nitqində, eyni zamanda, növbəti illərdə çox ciddi islahatlar aparılacağını, islahatların dərinləşdiriləcəyini də diqqətə çatdırıb.
Artıq bu istiqamətdə işlərə başlanılıb. Struktur və kadr dəyişikliyinin aparılması bunun bariz ifadəsidir.
Lənkəran rayonunda fəaliyyət göstərən “Yaşıl çay” FT MMC-nin rəhbəri Araz Yağubov da söhbət zamanı Prezident İlham Əliyevin hökumətdə apardığı kadr dəyişikliyindən məmnunluğunu gizlətmədi.
– İlk növbədə istər ölkə daxilində, istərsə də xaricdə yaxşı tanınan Novruz Məmmədovun Baş nazir təyin olunması çox uğurlu seçimdir. Fürsətdən istifadə edib yeni Baş nazirimizi təbrik edir, ona bu məsul vəzifədə uğurlar arzulayıram. Aqrar sahədə çalışan bir şəxs olaraq, məni, həmçinin kənd təsərrüfatı nazirinin kim olacağı da daha çox maraqlandırırdı. “ASAN xidmət” kimi şəffaf bir quruma rəhbərlikdə hamının rəğbətini qazanan İnam Kərimovun bu vəzifəyə təyinatından isə ürəkdən sevindim. Bu, həm də möhtərəm İlham Əliyevin növbəti prezidentlik dövründə daha müasir, gənc kadrlara üstünlük vermək istəyinin reallaşmasının sübutu idi.
Xatırladım ki, 2012-ci ildə təyin olunduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri kimi fəaliyyətində İnam Kərimov ötən müddətdə öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirib, xalqın rəğbətini qazana bilib. “ASAN xidmət” qısa müddətdə Azərbaycan brendi kimi dünyada tanınıb, BMT-də bu xidmətin fəaliyyəti xüsusi qeyd olunub. “ASAN xidmət” sayəsində bürokratik əngəllərdən, süründürməçilikdən azad olan insanlar qısa müddətdə və şəffaf şəraitdə lazımi sənədləri əldə edə bilirlər.
İnam Kərimovun bu uğurlu fəaliyyəti diqqətdən yayınmayıb və ölkə başçısı hazırda qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatı kimi məsul bir sahəyə rəhbərliyi ona həvalə edib.
– Bu gün ölkəmizdə aqrar sahənin daha intensiv surətdə inkişafı üçün geniş tədbirlər görülür.
– Hazırkı dönəmdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, qarşıda duran əsas məsələlərdən biri də aqrar sahənin inkişafıdır. Dövlət başçısının respublikamızda az qala unudulmaqda olan ənənəvi əkinçilik sahələrinin (pambıqçılıq, baramaçılıq, tütünçülük, çayçılıq, çəltikçilk və s.) yenidən bərpa edilməsini strateji xətt kimi irəli sürüb, bununla bağlı sərəncamlar imzalayıb, müvafiq dövlət proqramları qəbul edilib. Valyuta tutumlu olan həmin sahələrin inkişafı diqqət mərkəzində saxlanılıb. Bəli, prioritet önəm daşıyan aqrar sektora “ASAN xidmət”i öz bilik və bacarığı ilə dünyada tanıdan İnam Kərimovun rəhbər təyin olunması bu baxımdan təsadüfi deyil.
Hazırda kənd təsərrüfatında yeni texnologiyaların tətbiqinə böyük ehtiyac duyulur. Bu zərurətin gerçəkləşdirilməsində Kənd Təsərrüfatı Nazirliyinin üzərinə böyük məsuliyyət düşür. İnam Kərimov kimi müasir düşüncə tərzinə malik bir kadrın bu sahədə uğur qazanacağına heç bir şübhə etmirəm.
– Bu gün rəhbərlik etdiyiniz təsərrüfatda hansı işlər görülür?
– Qeyd edim ki, möhtərəm Prezidentimiz hələ 2017-ci il sentyabrın 3-də Lənkəran şəhərində çayçılıq, çəltikçilk və sitrusçuluğun inkişafına həsr olunan müşavirədə kənd təsərrüfatı məhsullarının istehsalında daha müasir texnologiyalardan yararlanmağı tövsiyə edib. Ötən il yeni çay plantasiyaları salarkən qərara aldım ki, çay yetişdirilməsində yapon texnologiyasına müraciət edim. Buna görə də ilk dəfə olaraq müasir yapon texnologiyası əsasında sıxlaşdırılan çay əkini keçirdik. Əgər ənənəvi üsulla hər hektarda 25-26 min ədəd çay şitili əkilirdisə, yeni üsulla bu, hər hektarda 56-58 min ədəd təşkil edir. Belə hal bizə əmək xərclərini azaltmaqla bərabər, daha çox məhsul götürməyə imkan verəcək.
Çay əkinində olduğu kimi, onun emalı prosesində də yeni texnoloji avadanlıqlardan istifadə etməyə çalışırıq. Bu məqsədlə İran İslam Respublikasının tanınmış “AVİN” şirkətinin müasir yapon texnologiyası əsasında hazırladığı çay emalı və bükücü avadanlıqların alınması barədə müqavilə imzalamışıq. Hazırda çay emalı seximizdə bununla bağlı qızğın hazırlıq işləri gedir. Çalışırıq ki, işlərimizi çay yığımı mövsümünə qədər başa çatdıraq.
– Bu il təsərrafatınızda ilk dəfə barama da yetişdiriləcək. Bu barədə nə deyə bilərsiniz?
– Barama istehsalı bizimlə bərabər, əsasən çayçılıqla məşğul olan qəsəbəmiz üçün də yeni bir sahədir. Ölkə başçısının baramaçılığın inkişafı ilə bağlı müvafiq sərəncamından sonra qərara aldım ki, öncə baramaçılığın inkişafı üçün yem bazasını yaradaq. Bu məqsədlə 2016-cı ildə dövlətimiz tərəfindən Çindən alınan və Lənkəran rayonuna ayrılan 40 min ədəd tut tingindən 12 min ədədi təsərrüfatımıza verildi. 1,2 hektar sahədə bağ saldıq. Yüksək aqrotexniki qulluq sayəsində ağaclar yüksək səviyyədə inkişaf etdi. 2017-ci il sentyabrın 2-də cənab Prezident İlham Əliyev cənub rayonlarına səfəri çərçivəsində təsərrüfatımızda oldu. Ölkə başçısı çay plantasiyaları ilə yanaşı, yeni salınan tut bağımızla da maraqlandı. Əldə etdiyimiz nəticələri cənab Prezident razılıqla qarşıladı. Həmin görüşdə cənab İlham Əliyevə söz verdim ki, baramaçılığın inkişaf etdirilməsi üçün səylərimi bundan sonra da əsirgəməyəcəyəm.
Ötən il daha 12 min 500 ədəd Çindən gətirilən tut tingi əkməklə yanaşı, 2016-cı ildə əkdiyimiz bağdan da 100 min ədəd çiling hazırlayaraq 5 hektar sahədə yeni tut plantasiyası salmışıq. Bu il isə barama yetişdirmək üçün müasir kümxana tikilib istifadəyə verildi. Bu günlərdə rayon icra başçısı Taleh Qaraşovun iştirakı ilə kümxananın açılışı və eyni zamanda, sözügedən sahənin inkişafına həsr olunan müşavirə keçirildi. İcra başçısı, əlaqədar təşkilatların nümayəndələri, kümçülər yeni kümxanamızla tanış oldular. Onlara baramanın bəslənməsi qaydaları barədə ətraflı məlumat verildi. Bildirdim ki, ilk dəfə olaraq müasir Çin texnologiyası əsasında 750 kiloqram barama yetişdirməyi planlaşdırmışıq. Gələn il isə 10 ton barama istehsal etməyi və 1 milyon ədəd tut çilingi əkməyi düşünürük. Beləliklə, çayçılıqla yanaşı, baramaçılığı da inkişaf etdirməklə gəlirlərimizi, iş yerlərinin sayını daha da artırmağa çalışacağıq.
Sonda onu da qeyd edim ki, hazırkı dövrdə çayçılıqda işlədilən texnikaların gətirilməsinə ciddi ehtiyac var. Yəqin ki, bu məsələlərə diqqət artırılacaqdır. Ümid edirəm ki, İnam Kərimovun “ASAN xidmət”də təcrübəsi və qazandığı uğurlar Kənd Təsərrüfatı Nazirliyində də köməyimizə çatacaq, müasir innovativ üsullarla ölkəmizin aqrar sektoru inkişaf edəcək, bundan təkcə biz iş adamları deyil, bütövlükdə dövlətimiz faydalanacaqdır.
Qələmə aldı:
Sərraf TALIBOV
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.