Pambıqçılığın inkişafı üçün geniş imkanlar açılır

Təcrübəli mütəxəssislərə və ixtisaslı kadrlara ehtiyac var

Müsahibimiz Saatlı rayonundakı “Aqro-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Vahid HÜSEYNOVDUR

– Vahid müəllim, son illər qeyri-neft sektorunun, xüsusilə, kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaradılıb. Bu barədə sizin də fikrinizi bilmək maraqlı olardı.

– Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlar, xüsusən qeyri-neft sektorunun inkişafı, starteji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının və əkin sahələrinin artırılması, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlara göstərilən dəstək yeni iş yerlərinin açılmasına, əhalinin gəlirlərinin artırılmasına, yaşayış tərzinin daha da yaxşılaşdırılmasına və iqtisadiyyatımızın möhkəmləndirilməsinə öz müsbət təsirini göstərmişdir. Ölkəyə valyuta gətirən pambıqçılığın, baramaçılığın, çayçılığın, tütünçülüyün və fınqıdçılığın inkişafı ilə əlqaədar görülən tədbirlər, dövlətin bu sahələrə xüsusi diqqət ayırması, dövlət proqramlarının qəbul edilməsi son iki ildə öz bəhrəsini verdi. Mən 40 ilə yaxın pambıqçılıqla məşğul olduğumdan, əsasən bu sahənin inkişafını xüsusi vurğulamaq istəyirəm.

– Bir vaxtlar pambıqçılıq ölkə iqtisadiyyatının əsasını təşkil edirdi...

 – Elədir ki, var. Sovet hakimiyyəti illərində pambıqçılıq Azərbaycanı İttifaq miqyasında tanıtmışdı. Bu sahə əhalinin əsas gəlir məhbəyinə çevrilmişdi. Ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan keçmiş Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı, o cümlədən pambıqçılıq respublikalarından biri idi. Gərgin zəhmət hesabına bu sahə pambıqçıları ev-eşik, ad-san, şan-şöhrət sahibi etmişdi. Demək olar ki, əhalinin əsas məşğuliyyəti pambıqçılıq idi. Müstəqilliyimizin ilk illərində bütün sahələr kimi, kənd təsərrüfatı da tamamilə dağıdıldı. Gecə-gündüz işləyən pambıqtəmizləmə zavodları dayandı. Əhali işsiz qaldı, dolanışıq çətinləşdi. Həmin vaxt ölkəyə rəhbərlik edənlərin başları başqa-başqa işlərə qarışdığından həm kənd təsərrüfatı, həm də sərhədlərimiz unuduldu. Bunun nəticəsi isə insanlara çox baha başa gəldi. Nə yaxşı ki, xalqın təkidli xahişlərindən sonra ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etməyə razılıq verdi. Bundan sonra aparılan islahatlar kənd təsərrüfatının inkişafına da öz təsirini göstərdi. Ulu öndərin rəhbərliyi ilə aparılan torpaq islahatı əhalini kənd təsərrüfatına olan marağını yenidən oyatdı.

Son illər qeyri-neft sektorunun inkişafının prioritet vəzifə kimi qarşıya qoyulması pambıqçılığın da dirçəlişinə öz təsirini göstərdi. Dövlət başçısının qətiyyətli, uzaqgörən siyasəti nəticəsində Azərbaycanda pambıqçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində ciddi dönüş yaratdı. Bunu ötən il sahələrdən 207 min tondan çox məhsul toplanılması da təsdiqləyir. Ölkə rəhbərinin 2017-ci il 13 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Pambıqçılığın İnkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi, aqrolizinq texnikalar, güzəştli kreditlər, pambıq istehsalçılarına emal müəssisələrinə satılmış hər ton xam pambığa görə 100 manat subsidiyanın verilməsi əhalinin bu sahəyə marağını daha da artırıb. Pambıqçılığın inkişafı məsələlərinə dair Sabirabad, Saatlı və Bərdə rayonlarında keçirilmiş respublika müşavirələrində qarşıya qoyulan vəzifələr, ölkə rəhbərinin mövcud problemlərin aradan qaldırılması istiqamətində verdiyi tapşırıqlar sahibkarlara olan dəstəyin təzahürü kimi qiymətləndirilir.

–Pambıqçılıqla məşğul olan bir sahibkar kimi dövlətin bu sahəyə göstərdiyi qayğıdan bəhrələnmisinizmi?

– Təbii ki, dövlətimizin pambıqçılığın inkişafına xüsusi qayğısından biz də yararlanmışıq. 2011-ci ildə yaradılmış müəssisəmizdə bu diqqət və qayğının təzahürü olaraq, yeni texnologiyanın tətbiqi nəticəsində emal imkanları xeyli artırılıb və iri pambıq emalı zavoduna çevrilib. Bunun üçün dövlətin geniş dəstək mexanizmlərindən istifadə olunub. Belə ki, ümumi dəyəri 8 milyon manat olan layihənin reallaşması üçün 3 milyon manat güzəştli dövlət krediti ayrılıb. Eyni zamanda, pambıq istehsalının artırılması məqsədilə dövlət lizinqi hesabına 79 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınıb. 2015-ci ildə 1080 hektarda, 2016-cı ildə 1500 hektarda, 2017-ci ildə isə 4566 hektarda pambıq istehsalı üçün 830 fermerlə müqavilə bağlanılıb və bununla da əkin sahələri 2015-ci illə müqayisədə 4 dəfə artırılıb. Pambıq istehsalı isə 2015-ci ilə nisbətən 5 dəfə artırılaraq 2017-ci ildə 7430 tona çatdırılıb. Müəssisəmiz tərəfindən xarici ölkələrə 2015-ci ildə 500 min, 2016-cı ildə 1,5 milyon, 2017-ci ilin məhsulundan isə bu günə qədər 2,8 milyon ABŞ dolları dəyərində mahlıc ixrac olunub və hazırda emal işləri davam etdirilir. Göründüyü kimi, 2015-ci illə müqayisədə ixracımız 6 dəfəyədək artıb. Hazırda emal müəssisəmizdə 170 nəfər çalışır. Onların əmək haqqının vaxtında ödənilməsində heç bir problem yoxdur. Bu il pambıq istehsalı sahəsini 5 min hektara və orta məhsuldarlığı 25 sentnerə çatdırmağı nəzərdə tutmuşuq.

– Dövlət proqramının qarşıya qoyduğu vəzifələrdən biri də 2022-ci ilə qədər Azərbaycanda pambıq istehsalını 500 min tona çatdırmaqdır. Pambıqçılığın daha da inkişafı üçün konkret hansı təklifləriniz var?

– Pambıqçılıq elə bir sahədir ki, bununla yalnız təcrübəli mütəxəssislər və ixtisaslı kadrlar məşğul olmalıdır. İlk növbədə əkin sahələri artırılmalıdır. Elə sahələr ki, həm münbit, həm də suvarılan olsun. Biz əkin sahələrini plan xatirinə artırmamalıyıq. Ötən il min hektarlarla sahə vaxtında suvarılmadı. Pambıq vaxtında suvarılmasa, məhsuldarlıq çox aşağı olacaq. Bəzi rayonlarda elə sahələrə pambıq əkilmişdi ki, oranı suvarmaq mümkün deyildi. Ona görə də məhsuldarlıq çox aşağı oldu. Biz hektardan ən azı 20-25 sentner məhsul əldə etməliyik.

Zəruri məsələrdən biri də pambıqçılığın təcrübəli mütəxəssislərə və ixtisaslı kadrlara tapşırılmasıdır. Əkin və yığım zamanı bütün aqrotexniki qaydalara riayət olunmalıdır. Aprel ayında pambıq əkini başa çatmalıdır. Avqustun sonunda isə yığım başlanmalıdır. Əkindən sonra aqronomlar vaxtının çoxunu sahələrdə keçirməlidir. Bu gün ən ciddi problemlərdən biri pambıqçılıq üzrə aqronomun olmamısıdr. Bizim müəssismiz bu sarıdan çox korluq çəkir.

Yerli toxumlardan daha çox istifadə olunmalıdır. Ötən il əkilən toxumun 90 faizi Türkiyədən gətirilmişdi. Biz əvvəllər, yəni Azərbaycan 1 milyondan artıq pambıq istehsal edəndə 100 faiz yerli toxumdan istifadə etmişik. İndi niyə yerli toxum istehsal etməyək? Xaricdən gətirilən toxum çox baha başa gəlir. Məsələn, 1 ton toxumluq çiyidin qiyməti 5 min manatdır. Yerli toxumun isə 1 tonu 500 manata başa gəlir. Görün nə qədər fərq edir. Yerli toxum həm ucuz başa gəlir, həm də yerli iqlim şəraitinə uyğundur. Əgər çıxış alınmasa, yenidən əkmək olar. Bu da fermerlərə bir o qədər də baha başa gəlməz. Xaricdən gətirilən toxum bir hektara 100 manat xərc tələb edir. Yerli toxum isə hektara 30-35 manat. Bizim toxum istehsal etmək imkanlarımız var.

Pambıqçılığın inkişaf etdirilməsi üçün Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun bərpası da zəruri məsələlərdəndir. Bu institutun nəzdində təcrübə stansiyaları yaradıb yeni toxumçuluq növləri, torpağın münbitləşdirilməsi üçün təcrübə aparılmalı, ümumiyyətlə, sahənin inkişafının elmi əsasları müəyyənləşdirilməlidir. Bununla yanaşı laboratoriyalar da bərpa olunmalıdır. Bu gün fermerlərlə pambıq qəbul edənlər arasında yaranmış mübahisələrə yalnız laboratoriya analizləri son qoya bilər. Keçmişdə keyfiyyətə nəzarət müfəttişliyi var idi və yığılan məhsulun keyfiyyətinə nəzarət edirdilər. Fermerlər iddia edirlər ki, onların təhvil verdikləri məhsul birinci növdür. Qəbul edən isə bunun ikinci növ olduğunu deyir. Ona görə də müasir tələblərə cavab verən laboratoriyaların olması vacibdir. Həmçinin regionlarda sapəyirici fabriklər, pambıq toxumundan yağ istehsal edən müəssisələr də yaradılmalıdır.

Təkrarən demək istəyirəm ki, pambıq vaxtında əkilməli, aqrotexniki qaydadan istifadə edərək, mineral və üzvi kübrələr vaxtında verilməli, ziyanvericilərə qarşı dərmanlama normativə uyğun aparılmalıdır. Son illər pambıqyığan kombaynlar xaricdən gətirilir və hamısı da avtomatlaşdırılmış sistemdir. Bunu işlədə bilən, nasazlıq yaranarsa, onu aradan qaldırmağa mütəxəssis lazımdır. Ona görə də bu texnikanı işlədə bilən və ya yaranmış nasazlığı aradan qaldırmağı bacaran mütəxssislər yetişdirilməlidir. Bundan ötrü qısa müddətli kurslar və ya texniki peşə məktəblərində yeni ixtisaslar yaradılmalıdır. Bu, çox vacibdir. Çünki yaxın illərdə pambıq istehsalını 500 min tona çatdırmaq istəyirik.

Göründüyü kimi, ölkəmizdə pambıqçılığın inkişafı üçün geniş imkanlar açılır.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında