Torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil

Son günlər dünya mediasında Ermənistanda baş verən olaylarla və Azərbaycanda həyata keçiriliən prezident seçkiləri və bu seçkilərdə cənab İlham Əliyevin möhtəşəm qələbəsi ilə bağlı müxtəlif məzmunlu və yanaşmalı məqalələr dərc edilir, şərhlər verilir.

Bəri başdan deyim ki, bu yanaşmaların əksəriyyəti Azərbaycan xalqının və dövlətinin xeyrinədir və hesab edirəm ki, qonşu ölkədə iyirmi ildən çox davam edən “Qarabağ klanı”nın hakimiyyətinə son qoyulması da torpaqlarımızın tezliklə geri qaytarılması ümidini artırır. Dünyada və regionda gedən proseslər, habelə tanınmış politoloqların və siyasətçilərin mətbuatda verdikləri proqnozlar bu qənaətə gəlməyə imkan verir.

Əvvəla, bu illər ərzində “qarabağlı” ermənilər konfliktin həlli istiqamətində heç bir konstruktiv addım atmadılar. Əksinə, xalqlar və dövlətlər arasında mümkün razılığın əldə olunmasına mane törətdilər. Serj Sarkisyan başda olmaqla erməni təcavüzkar rejimi hər zaman çalışdı ki, danışıqlar prosesi uzansın, ya da cəbhənin təmas xəttində gərginlik hökm sürsün.

İkincisi, Serj Sarkisyan heç vaxt öz xalqına güvənə bilməmişdi, çünki yalan və hiylə ilə hakimiyyətə gəlmişdi. Onun əli minlərlə günahsız insanın qanına batıb və o, bunu yüz faiz bilirdi ki, əvvəl-axır cinayətlərinə görə cavab verməli olacaq. Buna görə də hakimiyyətdən ikiəlli yapışmışdı ki, mümkün qədər cinayət əməllərinin üstünü örtsün, xalqı ac-yalavac, müti vəziyyətdə saxlasın və şəxsi istək və arzularını həyata keçirsin. Göründüyü kimi, xalq onu dəstəkləmədi.

Serj Sarkisyan etiraf edirdi ki, Azərbaycan özünü təmin edən müstəqil siyasət aparan dövlətdir. Azərbaycanın inkişafını, onun beynəlxalq nüfuzunun artmasını və Qarabağ probleminin nizamlanması istiqamətində məqsədyönlü və ardıcıl siyasət yürütməsini yaxşı görürdü. Buna baxmayaraq, o da xaricdəki havadarları kimi “böyük Ermənistan” xülyaları ilə yaşayırdı və əslində, özünü aldatmaqla məşğul idi.

Onun hakimiyyətdən getməsinin bir səbəbi də, düşünürəm ki, Azərbaycandakı prezident seçkilərində İlham Əliyevin möhtəşəm qələbəsi oldu. Ermənilər bir daha əmin oldular ki, Azərbaycanda xalqla Prezident bir yerdədir, xalq öz dövlət başçısına inanır, dövlət başçısı da öz xalqına arxalanır. Bax, belə bir möhkəm və sarsılmaz birlik Ermənistanda yoxdur və ola da bilməz!

Axı onlar bu iyirmi ildə Azərbaycanın necə böyük inkişafa, tərəqqiyə, gücə malik olduğunu görürlər, bizim bugünkü nailiyyətlərimiz də nəhayət, onları hövsələdən çıxardı, öz acınacaqlı həyat şəraitləri ilə barışa bilmədilər, yalançı və boşboğaz hökumətlərinə “yox!” dedilər.

Bəs bundan sonra necə olacaq? Görəsən, hakimiyyətə gələcək növbəti komandanın ağlı başına gələcəkmi? Bunu demək çətindir. Amma bütün hallarda biz öz əzəli torpaqlarımızı güclə də olsa, geri alacağıq! Qüdrətli Azərbaycan Ordusu buna qadirdir. Ordu da, xalq da hər an Ali Baş Komandanın əmrinə müntəzirdir. Qarabağdakı qələbə də çox uzaqda deyil!

Rəşad MAHMUDOV,
Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri,
Milli Məclisin deputatı, tibb üzrə elmlər doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında