Aprelin 18-də möhtərəm Prezidentimiz İlham Əliyevin andiçmə mərasimindəki dərin məzmunlu nitqini böyük maraqla dinlədim. Azərbaycanın ötən 15 ildə keçdiyi inkişaf yolu, bütün sahələrdə əldə edilmiş tarixi nailiyyətlər bu gün hər birimizdə qürur hissi doğurur. Biz yaşlı nəsil bugünkü müasir, müstəqil, güclü Azərbaycan uğrunda on illərlə mübarizə aparmışıq. Gənc nəsil bilməlidir ki, dünyada böyük nüfuz və hörmətə malik olan, beynəlxalq aləmdə ən sürətlə inkişaf edən ölkələrdən biri kimi tanınan ölkəmizi tərəqqi və inkişaf yoluna çıxarmaq o qədər də asan olmamışdır. Tarixi dərslər göstərir ki, müstəqilliyi qorumaq, onu qazanmaqdan qat-qat çətindir. Türk, müsəlman dünyasının fəxri, dünya siyasətinin nəhəngi, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz öz müstəqilliyini əbədi etdi. Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin gərgin səyləri, titanik fəaliyyəti nəticəsində isə Azərbaycan bugünkü tərəqqisi, yüksəlişi ilə dünyada nümunə göstərilir.
Hər birimiz yaxşı xatırlayırıq. Cənab İlham Əliyev 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərkən demişdi ki, “əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm”. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə – son 15 il ərzində respublikamız ümummilli lider Heydər Əliyevin qoyduğu yol ilə gedərək çox böyük nailiyyətlərə imza atmışdır. Xalqımızın təhlükəsizlik, sabitlik şəraitində yaşaması üçün geniş imkanlar yaradılmışdır. Bu gün regionların inkişafına diqqət yetirdikdə bir daha bunun şahidi oluruq. İndi nəinki rayon mərkəzlərində, hətta ən ucqar kəndlərdə də yüksək texnologiyanın imkanlarından istifadə etmək imkanları yaranıb.
Xalqımız müstəqilliyimizin bizim üçün nə qədər əvəzsiz nemət olduğunu indi daha dərindən anlayır. Bu gün biz oz taleyimizin sahibiyik. Öz maraqlarımızı özümüz müdafiə edirik və kənar güclərə heç bir ehtiyacımız yoxdur. Azərbaycan öz gücünə arxayın olan güclü, müstəqil dövlətdir. Əsrlərlə dinlərarası, millətlərarası münasibətlərin nümunəvi xarakter daşıdığı ölkəmizdə bu ənənə daha da möhkəmlənib.
Rəhbəri olduğum “Əvəsor” folklor kollektivini biz 1964-cü ildə yaratmışıq. O vaxtdan bəri Azərbaycanın dilbər guşəsi olan Astara rayonunda şifahi xalq nümunələrini, mahnı, rəqsləri toplayan və o zamankı Mədəniyyət Nazirliyi tərəfindən “Xalq kollektivi” adına layiq görülən kollektivimiz bu sahədə 50 ildən artıqdır ki fəaliyyət göstərir. Yüzlərlə qastrol səfərimiz zamanı xalq folklor və rəqs nümunələrini ölkəmiz və sərhədlərimizdən uzaqlarda nümayiş etdiririk, tanıdırıq. Bu gün bütün sahələrdə olduğu kimi, ədəbiyyat, mədəniyyət, incəsənətimizin inkişafı istiqamətində də böyük işlər görülür. Qocaman mədəniyyət işçisi kimi fəaliyyətimi davam etdirməyimin başlıca səbəbi dövlətimizin bizə, bütün sahələrin inkişafına göstərdiyi diqqət və qayğısı ilə bağlıdır. Biz dünyada gedən proseslərin, durmadan güclənən islamofobiya, ksenofobiya meyillərinin, milli ayrı-seçkiliyin gətirdiyi bəlaların şahidiyik. Azərbaycan xalqı multikulturalizm ənənələrinə, milli-mənəvi dəyərlərə sadiqliyini həmişə nümayiş etdirmişdir.
Bu gün Azərbaycan müstəqillik tarixinin ən yüksək inkişaf mərhələsini yaşayır. Xalqımızın ən böyük arzusu torpaqlarımızı düşmən tapdağından azad etməkdir. Biz ona nail olmuşuq ki, Ermənistan artıq dünyada işğalçı ölkə kimi tanınır. Dövlətimizin başçısı İlham Əliyev diplomatik uğurlarımıza və ordumuzun gücünə söykənərək ən yüksək tribunalardan qəti fikirlər səsləndirir: “Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur... Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, bölgədəki mövqelərin möhkəmləndirilməsi nəticəsində istədiyimizə nail ola biləcəyik”.
Xalqımız əmindir ki, həmin gün uzaqda deyil. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bu gün torpaqlarımızı işğaldan azad etmək gücündədir. Xalqımız yüksəlişi, tərəqqini, daha xoş gələcəyi Prezident İlham Əliyev rəhbərliyində görür. Elə bu arzu və sonsuz istək aprelin 11-də keçirilmiş prezident seçkilərində xalqımızın iradəsində özünü əks etdirdi. Azərbaycanın daha parlaq gələcəyi qarşıdadır. Bu gün hər birimiz buna əminik!
Fərbiyyə Şabanova,
Astara rayonundakı “Əvəsor” Xalq kollektivinin rəhbəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.