Serj Sarkisyan Dağlıq Qarabağda törətdiyi cinayətlərə görə mühakimə olunmalıdır

“Bu gün bütün dünyanın  diqqəti Yerevana yönəlib. Son vaxtlar Ermənistanda baş verən hadisələr bir daha təsdiqlədi ki, Serj Sarkisyanın cinayət əməlləri uzun müddət davam edə bilməzdi. Bu qatil həm öz xalqını, həm də beynəlxalq ictimaiyyəti təngə gətirmişdi. Düşünürəm ki, Azərbaycan ərazilərini işğal edən və bu gün öz millətinə qarşı  da amansız olan, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edən,  əli insan qanına batmış keçmiş prezident Serj Sarkisyanın bu əməllərinə son qoyulacaqdı”.

Bu fikirlərin müəllifi, Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı dedi ki, Ermənistanda xalq zorla konstitusiyanı dəyişib baş nazir vəzifəsini ələ keçirən Serj Sarkisyanı hakimiyyətdən qovdu.  Yerli əhali son on ildə onlara misli görünməmiş fəlakətlər yaşatmış cinayətkar xuntanı, nəhayət ki, yıxmaqda özündə güc tapdı. Deputatın sözlərinə görə, Ermənistanda bir sıra siyasi partiya fəalları, habelə  əhalinin əksər hissəsi sabiq prezident Serj Sarkisyanı cinayətkar adlandırırdı: “ Bu ölkədə  fəaliyyət göstərən “Erkir Tsirani” Partiyasının sədri Zarui Postancanyanın Yerevanda keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərdən bəzi məqamları xatırlatmaq istərdim. O demişdir ki, prezident Serj Sarkisyan cinayətkardır.  2018-ci ildə gözlənilən siyasi dəyişikliklər barəsində proqnozlarını səsləndirən siyasətçi xanım hələ referendum dövründə demişdi ki, Sarkisyan ölkənin baş naziri olmağa hazırlaşır: “Konstitusiyaya edilən dəyişiklikdə əsas məqsəd budur. Sarkisyanın yeri baş nazir kürsüsü yox,  müttəhimlər kürsüsüdür. Onun əsl yeri islah əmək düşərgəsidir. Serj Sarkisyan oğru və canidir. Ölkəni talayıb xaricə daşıdığı pulları ətrafındakı adamlarla bölüşdürür”.

Halbuki Serj Sarkisyan vəd vermişdi ki, onun baş nazir olmaq fikri yoxdur. Bu qatil müxtəlif vasitələrlə hakimiyyəti əlində saxlayaraq bundan sonra da günahsız  insanlara divan tutmaq fikrində idi.

M.İbrahimqızı  bildirdi  ki, ermənilərə də bəllidir ki, Serj Sarkisyan ölkəni Dağlıq Qarabağ kartı ilə girovluqda saxlayıb, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edib, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdırıb: “Tarixdə analoqu olmayan faciə kimi qalan Xocalı soyqırımının əsas təşkilatçılarından və icraçılarından olan  sabiq prezident Sarkisyan törətdiyi cinayətlərə görə beynəlxalq tribunal qarşısında cavab verməlidir. Serj Sarkisyan həm Dağlıq Qarabağ ərazisində azərbaycanlılara, həm də öz vətəndaşlarına qarşı  ağır cinayətlər törədib. Ona görə də onun beynəlxalq tribunalda cəzalandırılmasını erməni xalqı da tələb edə bilər”.

2008-ci ildə Ermənistanda baş verən hadisələri xatırladan M.İbrahimqızı dedi ki, həmin hadisələrdə  8 nəfər qətlə yetirilmişdi: “O vaxt Sarkisyan saxta yolla prezident seçiləndə əhali bu saxtakarlığa öz etirazını bildirdi. Sarkisyan isə dinc əhalini gülləbaran etdirərək, ilk gündən insanları qorxu altında saxladı. Sarkisyan  2013-cü ildə ikinci dəfə prezident seçiləndə həmin seçki kampaniyası zamanı onun bir neçə opponenti seçkidən çıxdığını elan etdi, daha bir namizədə isə güman edilən qətl cəhdi zamanı atəş açılmışdı”.

M.İbrahimqızının qənaətinə görə, Sarkisyanın işğalçılıq siyasətindən əl çəkməməsi, beynəlxalq hüquqa qarşı hörmətsizlik etməsi yerli əhalidə ciddi narazılıq yaratmışdı: “Bununla yanaşı, qonşu ölkələrlə münasibətlərin kəskinləşməsi, bunun da nəticəsində Ermənistanın iri infrastruktur layihələrdən kənarda qalması ölkəni getdikcə aclıq və səfalətə daha da yaxınlaşdırırdı. İnsanlara qarşı zalım və amansız olan Sarkisyanın hakimiyyəti əlində saxlamaq üçün prezidentlikdən baş nazir vəzifəsinə keçid etməsi xalqın qəzəbəni daha da alovlandırdı və nəticədə Ermənistanda xunta hakimiyyətinin sonu çatdı”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında