Modern inkişaf, tərəqqi və yüksəlişin yeni mərhələsi

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası son 15 ildə dahi şəxsiyyətin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilib, dövlətimizin iqtisadi qüdrəti günbəgün yüksəlib. Azərbaycan artıq dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən və qlobal böhran şəraitində belə makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınıb. Prezident İlham Əliyevin rəhbərliyi altında ötən müddətdə respublikamız dünyada güclü, müstəqil, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf yolu keçən bir ölkə kimi nüfuz qazanıb.

Hazırda beynəlxalq iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın real mənzərəsi bir daha təsdiq edir ki, möhtərəm İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq reallığa çevrilib. Təsadüfi deyil ki, Azərbaycan artıq iqtisadi keçid dövrünü başa çatdırıb və bu gün dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.

Son 15 ildə ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilməsi cənab İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edib.

Azərbaycan Respublikasında 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasında, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsində, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasında mühüm rol oynayıb, bununla da ölkənin strateji inkişaf hədəfləri, müəyyənləşdirilən məqsədlər gerçəkləşdirilib.

Fikrimin təsdiqi kimi diqqəti təmsil olunduğum aqrar sektora yönəltmək istərdim. Belə ki, respublikamızın  ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsi iqtisadi siyasətimizin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qarşıya qoyulan vəzifələrin vacibliyini və miqyasını nəzərə alaraq, ərzaq təhlükəsizliyi üzrə dövlət proqramı qəbul edilib və icrasına başlanılıb.

Proqramda nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi məqsədilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və çeşidinin genişləndirilməsinə müxtəlif dövlət dəstəyi mexanizmlərinin tətbiqi, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyalardan istifadə olunması ilə bağlı məqsədyönlü tədbirlər reallaşdırılıb.

Ölkədə 32 iri fermer təsərrüfatı yaradılıb və bu məqsədlərə 70,5 milyon manat məbləğində güzəştli kredit ayrılıb.

Hazırda 43 aqroparkın, o cümlədən 14 müasir heyvandarlıq kompleksinin, 24 iri taxılçılıq təsərrüfatının təşkili istiqamətində intensiv işlər aparılır. Bu gün ölkədə 2800-dən artıq istixana kompleksi fəaliyyət göstərir və təkcə keçən il burada 190 min tondan çox məhsul tədarük edilib.

Qeyd edim ki, görülmüş işlər öz bəhrəsini verib, taxıl, pambıq, tərəvəz, üzüm, diri çəkidə ət, süd, yumurta, barama və digər kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb. Bu illərdə aqrar sahədə istehsalın stimullaşdırılmasına dövlət büdcəsindən ümumilikdə 1,3 milyard manat məbləğində vəsait yönəldilib.

Kənd təsərrüfatı istehsalçılarının suvarma suyu ilə təminatı, suvarılan torpaqların əhatəsinin genişləndirilməsi daim diqqət mərkəzində saxlanılıb. 2004-2017-ci illərdə ümumi sututumu 460 milyon kubmetrə yaxın olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları istifadəyə verilib. Sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı təmir-bərpa edilib, 4 min kilometr suvarma kanallarının və 2,4 min kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası işləri aparılıb, 1960 subartezian quyusu qazılıb. Bu məqsədlərə müxtəlif mənbələrdən 4,3 milyard manat məbləğində vəsait cəlb edilib.

Həyata keçirilən irimiqyaslı tədbirlər nəticəsində 360 min hektar sahədə torpaqların su təminatı və 256 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 127 min hektar ərazidə yeni torpaq sahələrinə suvarma suyunun verilməsi reallaşdırılıb.

Ölkə rəhbərinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması və digər istiqamətlər üzrə tədbirlər həyata keçirilib. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı ilə əlaqədar reallaşdırılan islahatların davamı olaraq, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilib.

Ötən illər ərzində sahibkarlığın inkişafı məqsədilə    layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 mindən çox sahibkara 2 milyard manatdan çox güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 154 minə yaxın yeni iş yerinin açılması imkanı yaradıb.   Ayrılan güzəştli kreditlərin bir milyard manatı büdcə, bir milyard manatı isə geri qaytarılan vəsaitlər hesabına olub. Güzəştli kreditlərin 70 faizi aqrar sektorun, 30 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilən kreditlərin 75,4 faizi regionların, 24,6 faizi Bakı qəsəbələrinin payına düşüb.

Genişmiqyaslı islahatların nəticəsidir ki, artıq aqrar sektorda dayanıqlı inkişaf reallaşıb, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə müsbət nəticələr əldə edilib. Bu isə Azərbaycan dövlətinin qısa zaman ərzində həyata keçirdiyi tədbirlərin səmərəliliyindən xəbər verir. Prezident İlham Əliyevin söylədiyi kimi, bütün bunlar bir daha təsdiq edir ki, son 15 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb.

Əlbəttə, əldə edilən uğurları şərtləndirən əsas amil bu il aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərində yenidən Azərbaycan xalqının böyük inam və etimadını qazanan cənab İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının düzgün formada icrasıdır.

Bəli, Azərbaycan Prezidentinin rəhbərliyi ilə 15 ildir ki, ölkəmiz firavan gələcəyə doğru inamla irəliləyir. Dövlət başçısı nailiyyətləri dəyərləndirərkən qeyd edib ki, bütün bunlar verilən vədlərin uğurla reallaşması nəticəsində baş verib: “Bizim bütün planlarımız həyata keçirilir. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Son 15 il ərzində bir dənə də yerinə yetirilməyən vəd olmamışdır. Bu gün Azərbaycanın reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. Bu yolla uğurla gedəcəyik”.

Yusif NƏSİBOV,
“Nəzər” kənd təsərrüfatı
məhsullarının istehsalı və emalı müəssisəsinin direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında