İkili standartlar demokratiyaya, ölkələrin müstəqilliyinə, beynəlxalq təşkilatların gələcək mövcudluğuna təhlükədir

Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günündə keçirilən sərbəst müzakirələrdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyindən bəhs olunub.

AZƏRTAC xəbər verir ki, sərbəst müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun təqdim etdiyi bəyanat Avropa Şurası katibliyi tərəfindən nəşr edilərək parlamentarilərə paylanılıb. Deputat dövlət müstəqilliyinin Azərbaycan tarixindəki xüsusi əhəmiyyətinə diqqət çəkərək deyib: “Hər bir xalqın tarixində və taleyində xüsusi rəmzi mənası olan günlər, aylar, illər var. Həmin tarixlərdə baş vermiş hadisələr millətin taleyini həll edir. Azərbaycan 100 il əvvəl may ayının 28-də müstəqilliyini elan edib, müsəlman Şərqində ilk respublikanı qurub. Lakin təəssüf ki, bizə bu 100 ilin yalnız 29 ilini müstəqil yaşamaq nəsib olub. 1918-ci ildə qazanılmış istiqlalımızı xarici hərbi və siyasi müdaxilə nəticəsində 2 il sonra, 1920-ci ilin aprelində itirdik. Bəlkə də məhz buna görə Azərbaycan xalqı istiqlalın, müstəqilliyin dəyərini burada təmsil olunan və istiqlalının yaşı yüzillərlə ölçülən ölkələrdən qat-qat yaxşı bilir. Biz 70 il sovet rejimi içərisində yaşayaraq itirilmiş istiqlalımızın həsrətini çəkmişik. Ona görə də bu gün bu müstəqilliyin qədrini çox bilir və onu hər təhlükədən qorumağa çalışırıq. Təhlükələr, təhdidlər isə indi də davam edir və qəribəsi budur ki, belə təhlükələr yalnız istiqlalımızın ənənəvi potensial düşmənlərindən gəlmir. Müstəqilliyə zərbələrin bir hissəsi də bizə qarşı yalançı demokratiya pərdəsi arxasından yönəldilir”.

Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasından sonra qazandığı uğurlardan söz açan Rafael Hüseynov deyib: “Azərbaycan yenidən bərpa etdiyi dövlət müstəqilliyinin 27 ili ərzində Cənubi Qafqaz regionunda aparıcı dövlətə çevrilməyi bacarıb. Ölkəmiz regional və Avropa əhəmiyyətli bir sıra mühüm enerji və nəqliyyat layihələrində əsas söz sahibidir. Son dərəcə mürəkkəb bir coğrafiyada və bir çox dövlətlərin siyasi maraqlarının toqquşduğu kəsişmədə yerləşməsinə baxmayaraq, Azərbaycan ardıcıl müstəqil siyasət aparır. Heç bir böyük siyasi gücün və kənar dövlətin təsirinə düşmədən Azərbaycan kimi çox da böyük olmayan bir ölkəyə müstəqil qalmaq, həm də tam müstəqil siyasət aparmaq son dərəcə çətindir. Azərbaycan ərazilərinin 20 faizi qonşu Ermənistanın işğalı altındadır və bu işğalın da yeganə səbəbkarı və icraçısının Azərbaycandan qat-qat zəif olan Ermənistan olmasını düşünmək sadəlövhlük olardı.

Bu gün müstəqilliyinin 100 yaşını bayram etməyə hazırlaşan Azərbaycanın gənc bir demokratiya olaraq dəstəyə çox ehtiyacı var. Lakin dəstək gəlməli yerdən bir sıra hallarda təzyiqlərin, süni maneələrin, haqsız tənqid və hücumların baş qaldırması daha çox narahatlıq doğurur”.

Deputat bildirib ki, bir sıra beynəlxalq təşkilatların Azərbaycan kimi gənc müstəqil ölkələrə daha həssas və qayğıkeş yanaşması vacibdir. Avropa Şurası, ATƏT, Avropa Parlamenti kimi mötəbər qurumlarda əsas iş prinsipi ikili standartlar olanda bu, demokratiyaya, ayrı-ayrı ölkələrin müstəqilliyinə, elə həmin təşkilatların gələcək mövcudluğunu da təhlükə mənbəyinə çevirir. Demokratik Təsisatlar və İnsan Haqları Bürosu kimi qərəzkar, sifarişlə işləyən, demokratiyanın və inkişafın deyil, kəşfiyyatların maraqlarına xidmət edən qurumların fəaliyyəti Parlament Assambleyasında ayrıca müzakirə edilməlidir. Bəzi beynəlxalq təşkilatlarda, eləcə də Avropa Şurası Parlament Assambleyasında olan və ayrı-ayrı mərkəzlər, lobbilər tərəfindən idarə olunan, şərə qulluq edən şəxslər barədə həqiqətlər araşdırılmalıdır. Belə şəxslərin şübhəli fəaliyyətini aydın təsəvvür etmək üçün son bir neçə ilin stenoqramlarını götürüb baxmaq, təhlil etmək yetər. Demokratiya, inkişaf yolu tutanlara, müstəqil siyasət aparan dövlətlərə əngələ çevrilən belə qüvvələrə qarşı birlikdə mübarizə aparmaq lazımdır. Bu gün demokratiyanı saxta demokratlardan qorumağa həmişəkindən daha çox ehtiyac var. Gəlin, belə ziyanlı ünsürlərin və qara qüvvələrin bizləri təkləyərək zəiflədə bilməmələri üçün əl-ələ verək, birgə mübarizə aparaq!

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında