Respublikamız dünyanın diqqət mərkəzindədir. Son 15 ildə ölkədə həyata keçirilən daxili xə xarici siyasət, həmçinin hüqiqi və demokratik islahatlar, iri infrastruktur layihələrinin reallaşdırılması, insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər, xüsusilə azad, şəffaf, obyektiv seçkilərin keçirilməsi uzun illərdir ki, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəldib. Ölkəmiz müstəqillik tarixində xalqın, Vətənin gələcək taleyi üçün prioritet olan daha bir mühüm əhəmiyyətli hadisəyə imza atdı.
Prezident seçkiləri artıq arxada qalıb. Həm beynəlxalq ictimaiyyətin, həm də xalqımızın səbirsizliklə gözlədiyi gün yüksək səviyyədə, demokratik şəraitdə başa çatdı. Xalq öz prezidentini seçməklə gələcək taleyini bir daha etibarlı əllərə həvalə etdi.
Son 15 ildə həyata keçirilən strategiya ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəltmiş və bu siyasi kursun həyata keçirilməsinə rəhbərlik edən Prezident İlham Əliyev dünyanın lider siyasətçiləri sırasında şərəfli yer tutmuşdur. Mən Milli Məclisin deputatı kimi beynəlxalq tədbirlərdə iştirak edən zaman da bunun şahidi oluram. Yeri gəlmişkən, bir faktı diqqətə çatdrmaq istərdim. Bu il yanvarın 13-dən 18-dək Tehran şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 13-cü sessiyası çərçivəsində qurumun siyasət və xarici əlaqələr üzrə daimi ixtisaslaşmış komitəsinin iclasında dünyada geniş vüsət almış islamofobiya meyillərinə dair müzakirələr aparılan zaman İordaniya nümayəndə heyətinin üzvləri Azərbaycanı bütün üzv ölkələrə nümunəvi dövlət kimi göstərdilər. Həmin tədbirdə qeyd olundu ki, Azərbaycanda dinindən, irqindən asılı olmayaraq, hər bir kəsə tolerant münasibət göstərilir.
Nümayəndə heyətinin rəhbəri bəyan etmişdir ki, Azərbaycan hər zaman öz tolerantlığı ilə seçilib və digər dövlətlər də bundan nümunə götürməlidir. Ölkəmizin beynəlxalq müstəvidə tolerantlıq sahəsində çox əhəmiyyətli işlər gördüyünü vurğulayan İordaniya nümayəndə heyətinin rəhbəri bununla da bütün dini etiqadların bölgədə sülh şəratində və əmin-amanlıqla yaşamalarının, həmçinin fəaliyyət göstərmələrinin mümkün olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyada siyasi liderliyinin nəticəsidir.
Prezident seçkiləri digər seçkilərdən, hər şeydən əvvəl, ona görə fərqlənir ki, insanlar bu seçkidə özlərinin, Vətənin, millətin gələcək taleyinə səs verirlər. Onlar ölkəyə elə bir şəxsi rəhbər seçməlidirlər ki, o, dövlətin davamlı inkişafını təmin etsin, Azərbaycanın haqq səsini dünyaya çatdıra bilsin. Bu şəxsiyyət ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, son 15 ildə ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıraya qoşmuş Prezident İlham Əliyev idi.
Son illər ölkəmizdə bütün sahələr üzrə qazanılan uğurlar nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanın , eyni zamanda, dövlət başçımızın dünyaya nümunə göstərilməsinə zəmin yaradıb. Prezident İlham Əliyev də andiçmə mərasimindəki nitqində bu məsələlərə xüsusi önəm verdi. Dövlətimizin başçısı bütün sahələr kimi ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlar qazanıldığını diqqətə çatdırdı və son 15 ildə bunun dünyaya nümayiş etdirildiyini bildirdi.
Əfsuslar olsun ki, son illər dünyada bu istiqamətdə çox təhlükəli proseslər cərəyan edir, xoşagəlməz hadisələr baş verir. İslamofobiya, ksenofobiya , ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilib. Başqa millətlərin, dinlərin nümayəndələrinə qarşı mənfi münasibətin göstərilməsi ciddi narazılıqlara səbəb olub. Bütün bunları nəzərə alan dövlətimizin başçısı diqqətə çatdırdı ki, bundan sonra da dünyaya nümunə olduğumuzu sübut etməliyik. Cənab Prezidentin andiçmə mərasimindəki nitqində dediyi kimi, “Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik, buna bağlıyıq. Təsadüfi deyil ki, 2016-cı və 2017-ci illər Azərbaycanda multikulturalizm və İslam həmrəyliyi illəri elan edilmişdir .
Göründüyü kimi, multikulturalizm Azərbaycan xalqının həyat tərzinə çevrilib. Əsrlər boyu xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək, bu prosesə mühüm töhfələr verir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir.
Azərbaycanın multikulturalizm nümunəsi göstərir ki, bu ideyalar getdikcə daha da güclənir, ictimaiyyətdən böyük dəstək alır. Ölkəmiz əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdırıb. Bu vaxta kimi respublikamızda heç vaxt dini və etnik zəmində hər hansı bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. Digər tərəfdən, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir.
Məsələn, 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdu. Bu, tarixdə ilk dəfə baş verdi. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasından mədəniyyət nazirləri qatılmışdı. "Bakı prosesi" adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq humanitar forumlarının keçirilməsinə zəmin yaratdı. Bu tədbirlər multikulturalizm ənənələrinin təbliğində Azərbaycanın əvəzsiz rolunu göstərdi. Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə ölkəmizin tolerantlıq prinsiplərinə dönmədən sadiq qalmasının bariz nümunəsinə çevrildi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verir. Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir neçə ölkəsində bu qəbildən silsilə tədbirlərin keçirilməsi də bunu təsdiqləyir. Məsələn, Mehriban xanım Əliyevanın iştirakı ilə Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda keçirilən konfrans multikulturalizmin bu və ya digər formada sıxışdırıldığı Avropanın gələcəyində onun əhəmiyyətini göstərirdi. Həmin konfransda Mehriban xanımın səsləndirdiyi fikirlər böyük maraqla qarşılanmışdır: "Ekstremizm və terrorçuluğa qətiyyətlə “yox!” deməklə, biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik... Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm köklərinə malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır".
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan xalqı son 15 il ərzində vahid milli ideya – azərbaycançılıq ideyası ətrafında sıx birləşib. Möhtərəm Prezidentimiz də bunu andiçmə mərasimindəki nitqində xüsusi vurğuladı: “Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqlar. Bizim siyasətimiz və cəmiyyətimizin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək”.
Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.