Qərəzli tənqid heç kimə başucalığı gətirmir

Xalqımız bu qəbildən olan münasibətləri  öz dövlət müstəqilliyini bərpa etdiyi günlərdən başlayaraq daim görmüş və hiss etmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir, şəhər və kəndlərimiz bir-birinin ardınca yandırılıb xaraba qoyulur,  yüz minlərlə soydaşımız öz ata-baba yurdlarından didərgin salınırdı.

Məhz belə bir ağır vəziyyətdə ABŞ rəhbərliyi “Azadlığa Dəstək” Aktı deyilən sənədə 907 nömrəli əlavəni qəbul etmişdi. Sənədin məğzi ondan ibarət idi ki, ABŞ dövləti  Ermənistana birbaşa yardımı davam etdirəcək, Azərbaycan isə həmin yardımdan məhrum ediləcək. Bu, açıq-açığına qərəzli bir addım idi.

Təəssüflər olsun ki, həmin qərardan sonra ABŞ rəsmiləri heç zaman ölkəmizə qarşı  ikili standartdan, qərəzli münasibətlərdən əl çəkə bilməyiblər. Həmin münasibətlərdən birini də bugünlərdə gördük. ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatının Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkədə daha öncəki illər baş verən insan haqları ilə bağlı problemlər 2017-ci ildə də davam edib.

Kimisə inandırmağa çalışırlar ki, guya Azərbaycanda  insan haqları pozuntuları  çoxdur və onların arasında  məhbusların ölümü, işgəncələr, ağır və bəzi hallarda həyata təhlükə yaradan saxlanılma şəraiti, ixtiyari həbslər, hüquqi azadlığın olmaması, siyasi məhbuslar, ifadə azadlığına basqılar, jurnalistlərə qarşı fiziki təhdid və sair vardır.

Əvvəla,  istənilən dövlət qurumu hansısa ölkə haqqında hesabat hazırlayarkən subyekt kimi seçilmış dövlətin müvafiq qurumları ilə əməkdaşlıq etməlidir. Ancaq Dövlət Departamenti yüz illərin təcrübəsi olan bu tendensiyanı pozaraq, ancaq ölkəmizdəki müxalifət təmsilçiləri ilə “əməkdaşlıq edir” və onların qərəzli məlumatlarından “bəhrələnirlər.” Bunun nəticəsində isə ölkələr arasında müdrik insanların on illər  ərzində yaratdığı dostluq münasibətlərinə xələl gəlir.

İkinci, əgər ABŞ Dövlət Departamentinin rəsmiləri  həqiqətən insan hüquq və azadlıqlarının qorunmasının qayğısına qalırlarsa, onda nə üçün Azərbaycanın üç addımlığında olan Ermənistandakı qanlı hadisələri bircə dəfə yada salmırlar? Axı ötən əsrin 90-cı illərindən bəri Ermənistanda elə bir seçki olmayıb ki, qan tökülməsin. Hətta seçkilərdən birində İrəvanda parlament gülləbaran edilmişdi, bundan əvvəlki prezident seçkilərində namizədlərdən biri güllələnmişdi. Bəs haradadır ABŞ Dövlət Departamentinin qoruduğu insan hüquqları?  Azərbaycanda bir dana oğrusu həbs edilən kimi hamının səsi çıxır. Ermənistanda isə o boyda haqsızlıqları hamı görür və heç kəsin səsi eşidilmir.

Üçüncü, elə bir həftə olmur ki, ABŞ polisi hansısa qaradərilini küçədə güllələməsin. İlin elə bir rübü olmur ki, hansısa ağdərili harın uşaq silahlanaraq ABŞ məktəblərindən birinə hücum etməsin. Həmin hücumların hamısında insan ölümü qeydə alınır. Bəs hanı departamentin inkişaf etməkdə olan ölkələrə oxuduğu insan hüquqları bayatısı?

Dördüncü, bu gün istənilən Avropa ölkəsində insan hüquqları kütləvi şəkildə pozulur. Televiziyalar, kütləvi informasiya vasitələri hər gün etirazçı və ya nümayişçilərə zülm edən Avropa polisinin “humanizm dolu” zopalarının guppultusunu yayırlar. ABŞ Dövlət Departamenti isə nə həmin guppultuları eşidir, nə də ayaq altına salınıb təpiklənən avropalı etirazçının fəryadını.

ABŞ Dövlət Departamentinin qərəzli, məkrli və ölkələrarası münasibətlərin inkişafına əngəl ola biləcək hesabatı haqlı olaraq Azərbaycanda ciddi etirazla qarşılanıb.

İsaxan VƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında