Ermənistana 10 il rəhbərlik etmiş beynəlxalq cinayətkar Serj Sarkisyan erasına, nəhayət, son qoyuldu. Ermənistanın keçmiş prezidenti hələ 2015-ci ildə konstitusiyada islahatlar layihəsini parlamentə təqdim edəndə, necə deyərlər, özünün gələcək taleyini də düşünmüşdü. Onun prezidentlik səlahiyyət müddəti başa çatdığından yeni qanun layihəsində Baş nazirə bir neçə əlavə səlahiyyətlər verilirdi. Məsələn, hərbi vəziyyət zamanı baş nazir Ali Baş Komandan olur və digər səlahiyyətlər.
Əslində, bu qanun layihəsi ilə Serj Sarkisyan hakimiyyəti yenidən əlində saxlamaq istəyirdi. Onun prezidentlik müddəti başa çatdıqdan sonra özünü baş nazir “seçdirmək”lə öz çirkin niyyətini həyata keçirmək istəyirdi. Ancaq bu dəfə, deyəsən, daş qayaya rast gəldi. Ermənistan əhalisi əli Azərbaycan xalqının, eləcə də, öz xalqının qanına batmış bu cəlladın yenidən ölkəyə rəhbərlik etməsinə heç cür yol verə bilməzdi və vermədi də. Sarkisyan bu dəfə əlini qana batırmağa imkan tapa bilmədi.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovla söhbətimiz bu barədə oldu. O dedi:
–Əlləri həm öz xalqının, həm də azərbaycanlıların – günahsız insanların qanına batmış Serj Sarkisyanın ölkəyə rəhbərlik etdiyi 10 il müddətində əhali dilənçi halına düşdü və kütləvi surətdə Ermənistanı tərk etdi. Eyni zamanda, işğalçı ölkə tam təcrid vəziyyətinə düşməklə, əhalinin yoxsulluq səviyyəsi dözülməz həddə çatdı. Bu fonda 2015-ci ildə Serj Sarkisyan konstitusiya islahatları aparmaq adı ilə ölkədəki idarə - üsulu parlamentli respublikaya keçirərkən, vəd etmişdi ki, heç bir halda baş nazir olmayacaq və belə bir idddiası da yoxdur. Erməni xalqı 10 il ərzində bu riyakarın girovu oldu, onun hər üzünü gördü. Son hadisələr bir daha göstərdi ki, Serj Sarkisyan hiyləgər, ikiüzlü və siyasi hoqqabazdır. Onun növbəti oyunu artıq baş tutmadı və bu cinayətkarın girovuna çevrilmiş xalq təngə gələrək onu siyasi səhnədən silməyi bacardı. Artıq onun istefası reallaşıb.
Əgər hakimiyyətə Qarabağ klanından uzaq, Azərbaycan torpaqlarının işğalında fəaliyyəti olmayan, Xocalı soyqırımında Serj Sarkisyan kimi əli günahsız insanların qanına batmayan praqmatik bir siyasətçi gələrsə, bu, işğalçı ölkənin nicatı ola bilər. Növbəti dəfə hakimiyyətə gələn adam bilməlidir ki, Azərbaycan torpaqlarının işğalı Ermənistana xoşbəxtlik yox, bədbəxtlik gətirəcək. Bu ölkənin gələcək taleyi yalnız işğalçılıq siyasətinə son qoymaqdan keçir.
E. Nəsirov qeyd etdi ki, yalnız bundan sonra Ermənistanın regional layihədə iştirakına baxıla bilər. Bu, artıq Ermənistan üçün qaranlıq tunelin digər tərəfində işığın görünməsi ola bilər. Bu qaranlıq tuneli də öz xalqı üçün elə Serj Sarkisyan yaradıb: “2008-ci ildə onun ilk dəfə prezident seçildiyi vaxtı xatırlatmaq istərdim. O vaxt da saxta yolla prezident seçilmişdi. Bu saxtakatlığa etiraz edən dinc erməni əhalisini gülləbaran etdirən də Serj Sarkisyan oldu. Rəsmi məlumata görə, o vaxt 8 nəfər qətlə yetirildi. Ancaq bu hadisələrdə ölənlərin sayı çox idi. Bu yolla hakimiyyəti qoruyub saxlaya bildi. Eyni zamanda, dünyanı dəhşətə gətirən Xocalı soyqırımının həyata keçirilməsində təşkilatçılardan biri olub. Serj Sarkisyan beynəlxalq cinayətkardır. Bunu Ermənistanda da etiraf edirlər. Erməni xalqı onun 10 illik hakimiyyətini gözü önünə gətirəndə Sarkisyanı qorxulu bir kabus kimi xatırlayır. Ona görə də bu kabusu hakimiyyətdən uzaqlaşdırmağa, canını qatildən qurtarmağa nail oldu. İndi Ermənistanda yeni mərhələ başlanır. Bunu o vaxt yeni mərhələ adlandırmaq olar ki, münaqişənin tənzimlənməsində yeni yanaşma ortaya qoyulsun. Elə bir yanaşma ki, Sarkisyanıın yanaşmasından tamamilə fərqlənsin”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.