Elman NƏSİROV: Azərbaycanın son 15 illik tarixi mühüm bir inkişaf mərhələsi təşkil edir

“Son on beş il ərzində Azərbaycanın sürətli iqtisadi inkişafı təmin edilib. Bu gün Azərbaycan iqtisadi baxımdan tam azad, sərbəst dövlətdir. Güclü iqtisadiyyatı olan dövlət siyasi baxımdan da müstəqil olur. Siyasi müstəqilliyi iqtisadi müstəqillik şərtləndirir. Beynəlxalq maliyyə qurumlarından, ayrı-ayrı dövlətlərdən iqtisadi baxımdan heç bir asılılığımız yoxdur, biz iqtisadi artımımızı təmin edirik və siyasi addımlarımızı da reallaşdırırıq…”

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqinə münasibət bildirərkən bu fikirləri səsləndirdi. Həmsöhbətim dedi: “Bu nöqteyi-nəzərdən dövlətimizin başçısı son 15 il ərzində Azərbaycanın keçdiyi iqtisadi inkişaf yoluna da ayrıca diqqət ayırdı. Qeyd etdi ki, bu müddətdə Azərbaycan iqtisadiyyatında analoqu olmayan bir inkişaf özünü göstərir. Ölkəmizdə bu müddət ərzində iqtisadiyyat 3,2 dəfə artıb. İqtisadi islahatlarımızın kökündə duran əsas amil iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı məsələləridir. Bu sektorda 2,8 dəfə artım qeydə alınıb. Sənaye artımı 2,6 dəfə təşkil edib, ixrac potensialımız artıb. Bu sahədə son 15 il ərzində 4,1 dəfə artım qeydə alınıb. Bunlar çox böyük nailiyyətlərdir. Bu gün Azərbaycandakı sabitlik, təhlükəsizlik və həyata keçirilən iqtisadi islahatların nəticəsidir ki, ölkə iqtisadiyyatına 230 milyard dollardan artıq investisiya qoyulub, onun da yarısından çoxu xarici investisiyalar təşkil edir”.

Politoloq bildirdi ki, cənab Prezident Azərbaycandakı siyasi proseslərdən, aparılan islahatlardan, demokratik inkişaf yolunda atılan addımlardan bəhs edərkən antimilli qruplaşma ilə bağlı bir məsələyə də diqqəti cəlb etdi. Qeyd etdi ki, Azərbaycanın siyasi həyatında antimilli qruplaşmanın heç bir yeri yoxdur. Onların yeganə yeri var, onu da xalqımız müəyyən edib, bu da tarixin zibilxanasıdır. Yəni, milli dönüklərin, milli satqınlıq nümayiş etdirənlərin, ayrı-ayrı xarici siyasi və iqtisadi antiazərbaycan mərkəzlərindən aldıqları ianələr, qrantlar hesabına öz dövlətinə, millətinə qarşı çıxış edənlərin Azərbaycanın siyasi həyatında heç bir yeri ola bilməz.

Son dövrlərdə ölkəmizdə həm siyasi, həm də iqtisadi islahatların paralel şəkildə aparıldığını diqqətə çatdıran professor bu istiqamətdə mühüm nailiyyətlərin əldə edildiyini vurğuladı. Ölkəmizin son 15 illik tarixi həm də demokratik inkişaf nöqteyi-nəzərindən son dərəcə uğurlu olub. Qeyd etdi ki, Azərbaycanda söz, mətbuat, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı tam təmin edilib. Demokratik inkişaf istiqamətində çox ciddi siyasi islahatlar həyata keçirilib: “Dövlətimizin başçısı vurğuladı ki, artıq Azərbaycanda siyasi mədəniyyətin formalaşması prosesində də çox müsbət meyillər özünü göstərməkdədir, daha doğrusu, siyasi mədəniyyətin siyasi mübarizə üsullarının formalaşması sahəsində də müsbət tendensiya müşahidə olunmaqdadır. Prezident seçkiləri bir daha nümayiş etdirdi ki, siyasi opponentlər, sözün həqiqi mənasında, siyasi mübarizənin sivil formasını seçiblər”.

E. Nəsirov bildirdi ki, məhz ulu öndər Heydər Əliyevin siyasətinə sadiqlik, onun yolunun davam etdirilməsi Azərbaycanın bugünkü nailiyyətlərini şərtləndirən ən mühüm amildir: “Yəni, Heydər Əliyev yolu alternativi olmayan yeganə yoldur ki, məhz İlham Əliyev də bu yolu uğurla davam etdirir. Nəticədə Azərbaycanın son 15 illik tarixi, sözün həqiqi mənasında, mühüm bir inkişaf mərhələsini təşkil edir. Dövlətimizin başçısı proqram xarakterli çıxışında qeyd etdi ki, ən böyük nailiyyətimiz bu gün Azərbaycanın regionda, eləcə də dünyada sabitlik adası, sabitlik məkanı kimi tanınmasıdır. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən birinə çevrilib, bunun sayəsində ölkəmizin dinamik inkişafının əsası qoyulub. Yəni, dünyanın nəhəng iqtisadi korporasiyaları, kampaniyaları ölkəmizə bu qədər böyük həcmdə vəsait qoyurlarsa, bu, o deməkdir ki, Azərbaycanda çox gözəl investisiya mühiti formalaşıb. Ölkəmizin sabitliyi onlar üçün investisiya qoymaq baxımından çox əlverişlidir və burada heç bir təhlükə yoxdur”.

E.Nəsirov diqqətə çatdırdı ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan daxilində heç bir siyasi təhlükə mənbəyi yoxdur, həmin təhlükə mənbələri aradan qaldırılıb. Biz özümüzü xarici təhlükələrdən qoruya bilmişik, bundan sonra da qoruyacağıq. Bunu necə etmək lazımdır, hansı halda Azərbaycan buna nail ola bilir – sualına da Prezident aydınlıq gətirdi. Qeyd etdi ki, bu, onun sayəsində baş verir ki, xalq-iqtidar birliyi var. Xalq hakimiyyəti dəstəkləyir, hakimiyyət də xalqın mənafeyindən irəli gələn siyasəti həyata keçirir. Birlik olan yerdə, ağıllı, düşünülmüş dövlət siyasəti olan yerdə bütün problemlər, anlaşılmazlıqlar, çətinliklər öz həllini tapır.

Respublikamızın rəhbəri andiçmə mərasimində qeyd etdi ki, Azərbaycan son 15 il ərzində özünün beynəlxalq mövqeyini kifayət qədər möhkəmləndirib. Ölkəmizə dünyada etibarlı tərəfdaş kimi yanaşırlar, Azərbaycanın beynəlxalq reputasiyası kifayət qədər güclüdür.

E.Nəsirov qarşıdakı yeddi il ərzində Azərbaycanı daha böyük uğurlar gözlədiyini də bildirdi. Qeyd etdi ki, 2003-cü ildə 15 ildən sonra Azərbaycanın məhz bu cür yüksək səviyyəyə gəlib çıxacağını təsəvvür etmək bəlkə də çətin idi. Amma, bu gün ölkəmizin hansı inkişaf səviyyəsinə gəlib çatdığı göz qabağındadır. Bu, sırf dövlətimizin başçısının uzaqgörən, müdrik siyasətinin nəticəsidir. Ona görə də 2025-ci ildə, yəni, 7 ildən sonra dönüb 2018-ci ilə baxanda görəcəyik ki, biz daha hansı zirvələri fəth etmişik.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında