Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin, təmin edilməsi, Vətənimizin müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən, əlil olan övladlarımız həmişə ehtiramla yad edilir, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, pulsuz minik maşını ilə təmin olunması daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu qayğını bu gün də yüksək səviyyədə hiss edirik.
Həm möhtərəm Prezidentimiz İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətənin müdafiəsi uğrunda canlarını qurban verənlərin, həmçinin bu yolda əlil olanların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirir, həssas qəlbli insanların qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün əllərindən gələni əsirgəmirlər. Bu qayğı gənclərin hərbi vətənpərvərlik ruhunda böyümələrində böyük rol oynayır, biz şəhid ailələrinə isə ürək-dirək verir.
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli fərmanı şəhid ailələri tərəfindən böyük razılıqla qarşılandı. Bu fərman şəhid ailələrinin həyat səviyyəsinin daha da yüksəldilməsində böyük rol oynayacaq. Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə on bir min manat məbləğində birdəfəlik ödəmə veriləcək.
Mənim oğlum, Rzayev Faiq Hüseynağa oğlu 1994-cü ildə Daxili Qoşunlarda hərbi xidmətdə ikən Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlının azadlığı uğrunda vuruşmuş və həlak olmuşdur. O vaxt kəşfiyyat qrupunun tərkibində Cocuq Mərcanlıda düşmənlə üz-üzə gələn oğlum və kəşfiyyat qrupunun digər 5 üzvü axşamdan səhərə qədər vuruşmuş və şəhid olmuşlar. Oğlum Cocuq Mərcanlının ilk şəhidlərindəndir. Onların qanı yerdə qalmadı, Cocuq Mərcanlı elə həmin gün düşməndən azad edildi. Sevinirəm və qürur hissi keçirirəm ki, bu gün Cocuq Mərcanlıda həyat davam edir. Bu kənd Böyük Qayıdışın başlanğıcı oldu. Bu sevincdən mənim oğluma da pay düşür. Axı, oğlum bu şərəfli yolda canından keçib.
2015- ci il martın 8-də möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə oğlumun “İgidliyə görə” medalı ilə təltif olunması həyatımda mənə ən böyük hədiyyə oldu. Həmin medalın martın 8-də verilməsi isə mənim üçün ikiqat sevincli oldu.
İlk dəfə 1994-cü ildə – oğlumun ağır yaralanma xəbərini eşidəndə Cocuq Mərcanlıya getmişdim. Kəndin sakinləri öz yurd-yuvalarına qayıtdıqdan sonra isə müxtəlif təşkilatların dəvəti ilə bir neçə dəfə bu kənddə olmuşam. Hazırda Cocuq Mərcanlı müasir bir şəhərə bənzəyir.
Öyrəndim ki, möhtərəm Prezidentimizin andiçmə mərasimindən və səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı bu sərəncam ilk qanunvericilik aktıdır. Bu da səhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, həyat tərzinin daha da yaxşılaşdırılmasına həsr olunub. Bütün bunlar bir daha təsdiqləyir ki, Vətənimizin müdafiəsi uğrunda canlarını qurban verənlər heç vaxt unudulmur.
Bu fərman Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların, xüsusilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, onların vərəsələrinə diqqət və qayğının bariz nümunəsidir.
Mən bütün şəhid ailələri adından möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirir və “Çox sağ olun!” deyirəm.
Rüxsarə MƏMMƏDOVA,
şəhid anası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.