Azərbaycanın son illərdə qazandığı uğurlardan qürur duyuruq

Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri hazırkı dövlət başçısı İlham Əliyevə yüksək etimad şəraitində keçdi. Birmənalı şəkildə qeyd etməliyik ki, Azərbaycan xalqı seçki prosesində özünün əsl iradəsini ortaya qoydu. İlham Əliyev böyük səs çoxluğu ilə yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçildi.

Xalqımızın bu etimad və dəstəyini özünün andiçmə mərasimində etdiyi çıxışda Prezident İlham Əliyev layiqincə dəyərləndirdi. Dövlət başçısı, eyni zamanda, hakimiyyətdə olduğu illər ərzində dövlətimizin güclənməsi, beynəlxalq nü­fuzunun artması, ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş böyük və miqyaslı işlər haqqında geniş məlumat verdi. Onun sözlərinə görə, Azərbaycan son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atıb. Ölkəmizin dünyadakı mövqeləri möhkəmlənib, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik bir ölkə kimi məşhurlaşıb. Bununla bağlı Prezident bildirib: “Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir”.

Əldə olunmuş nailiyyətlər haqqında danı­şan dövlət başçısı bildirib ki, son 15 il ərzində Azərbaycanın qonşu dövlətlərlə münasibəti daha da sıxlaşıb. Bəzi ölkələrlə ikitərəfli münasibətlər indi ən yüksək səviyyəyə qal­xıb, qonşu dövlətlərlə bizim heç bir proble­mimiz yoxdur, bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır. “Çoxtərəfli əməkdaşlıq da Azərbaycanın təşəbbüsü ilə baş verir. Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıbdır və bunlar işlək formatlardır. Biz bu üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələləri müzakirə edirik, həll edirik. Məsələlərin həlli bü­tün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verir, eyni zamanda, qonşularla isti münasibətlərimiz regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərir”.

Prezident son 15 il ərzində Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində çox fəal işti­rak etdiyini vurğulayıb. Bu, xüsusilə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin dəstəklənməsində özünü göstərir. Məhz bunun nəticəsidir ki, son 15 ildə bir çox mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı Azərbaycanın təkliflərini qəbul edərək önəmli qətnamələr qəbul edib. Ən vacibi, bu sənədlərdə münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalı olduğu əksini tapıb. BMT-nin Baş Assamble­yası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assamble­yası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı ölkəmizin mövqeyini dəstəkləyən qətnamələr qəbul edib.

Bütün bunlar, təbii ki, Azərbaycana rəhbərlik etdiyi müddətdə Prezident İl­ham Əliyevin ölkəmizin milli maraqlarının beynəlxalq səviyyədə təmin edilməsi üçün gördüyü işlərin, həyata keçirdiyi tədbirlərin nəticəsidir. Bir Azərbaycan vətəndaşı olaraq biz bu uğurlardan qürur duyuruq. Azərbaycan xalqı da 11 aprel seçkilərində dövlət başçımızın gör­düyü bu işlərə özünün yüksək qiymətini verdi və şübhəsiz ki, İlham Əliyevə bir daha etmad göstərməklə onun gələcəkdə həyata keçirəcəyi daxili və xarici siyasətə də dəstək verəcəyini nümayiş etdirdi.

Mübariz HƏMİDOV,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında