Son 15 il ərzində Azərbaycanın güclənməsi, qüdrətlənməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu inkişaf siyasətinin reallaşmasında respublika Prezidentinin gərgin əməyi xüsusi vurğulanmalıdır. Təbii ki, ötən müddətdə Ermənistanın təcavüzünün qurbanları olan məcburi köçkünlərimizə dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğı da unudulmamalıdır. Cənab İlham Əliyevin işğal olunmuş torpaqlarımızın qaytarılması və ümumilikdə Dağlıq Qarabağla bağlı süni surətdə yaradılan münaqişənin beynəlxalq qanunlar və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində tutduğu mövqeyi və bu istiqamətdə atdığı addımlar yüksək dəyərləndirilməlidir.
Möhtərəm Prezident andiçmə mərasimindəki nitqində də bildirdi ki, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilib, Ermənistanın işğalçı siyasəti ifşa olunub. İşğalçı ölkə bütün regional layihələrdən təcrid vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas hüquqi bazadır. Azərbaycan dünyaya sübut edib ki, biz haqlıyıq. Baxmayaraq ki, erməni lobbisi Azərbaycana qarşı kampaniyalar aparır. Ancaq bu, beynəlxalq təşkilatların qərarlarına təsir edə bilmir. Qondarma “Dağlıq Qarabağ”ı heç kim tanımır və tanımayacaq.
Cənab İlham Əliyev nitqində ərazimizdə ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcəyini diqqətə çatdırdı. Eyni zamanda, ordumuzun getdikcə gücləndiyini də xatırlatdı:“Bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir. Bu siyasətin əvvəlində böyük işlər görüldü. Son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə getmişdir. Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq”.
Bəli, hazırda Azərbaycan Ordusu torpaqlarımızı sülh imkanları tükəndiyi təqdirdə, silah gücünə işğaldan xilas etmək qüdrətindədir. Cənab Prezident çıxışında bu məqamla bağlı dedi: “Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıbdır. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq.
Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilibdir. Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, onu qürurlandırır…”.
Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdim. Ermənistanın təcavüzünün qurbanları olan məcburi köçkünlərimiz işğal olunmuş torpaqlarımızın qaytarılması istiqamətində dövlət başçısının tutduğu mövqeyi və bu istiqamətdə görülən işləri yüksək dəyərləndirirlər. Məcburi köçkün həyatı yaşayan və respublikamızın müxtəlif bölgələrində məskunlaşan insanlar cənab İlham Əliyevin qayğı və diqqətini daim hiss edirlər. Möhtərəm dövlət başçımız andiçmə mərasimində çıxışı zamanı bununla bağlı dedi: “Biz köçkünlərlə bağlı olan məsələləri də uğurla həll edirik. Yüzə yaxın qəsəbə salınıb, 280-290 min köçkün soydaşımız yeni evlərlə, mənzillərlə təmin edilibdir. Biz bundan sonra da onlara dəstək göstərəcəyik. Köçkünlərin məişət problemləri, onların məşğulluğu daim diqqət mərkəzindədir. Gələcəkdə də bu istiqamətdə addımlar atılacaqdır”.
Ordu quruculuğundakı son illərin inkişafı isə bizdə əminlik yaradır ki, Ermənistanın təcavüzü ilə işğala məruz qalan ərazilərimiz tezliklə azad ediləcək.
Biz inanırıq ki, müstəqil dövlətimizin üçrəngli bayrağı itirilmiş torpaqlarımızın ən yüksək zirvəsinə məhz cənab Prezident İlham Əliyevin qələbəsi ilə sancılacaqdır.
Aqil ABBAS,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.