Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzindədir

Azərbaycan xalqı növbəti dəfə öz gələcəyini etibar edəcəyi liderini seçdi. Bəli, cənab İlham Əliyev ölkənin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi mötəbər dövlət vəzifələri ilə yanaşı, rəsmi olmayan, fəqət daha böyük məsuliyyət gətirən başqa bir missiyanı  – bütöv bir xalqın liderliyini də icra edir. Xalqımız son 15 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərin miqyasını və əhəmiyyətini yüz il bundan sonra da unutmayacaq.

Cənab Prezident aprelin 18-də keçirilən andiçmə mərasimindəki nitqində həmin məqamların cüzi hissəsini də olsa, yada saldı: “Ümumiyyətlə, deyə bilərəm ki, son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib. 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Yəni, sosial siyasət daim diqqət mərkəzindədir. Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır”.

Bu, bir faktdır ki,  beynəlxalq təşkilatlar son illərdə dəfələrlə Azərbaycanın yüksək reytinqli ölkə olduğunu elan ediblər. Ölkəmizin dünya ekspertlərini daha çox məmnun edən əsas cəhətlərindən biri də ardıcıl olaraq aparılan islahatların səmərəliliyidir. Cənab Prezidentin dünənki çıxışında da islahatların davam etdiriləcəyi, hətta bu fəaliyyətin daha ciddi xarakter alacağı deyilirdi: “Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır. Yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb. Demək olar ki, bu məsələlərlə məşğul olan bütün beynəlxalq təşkilatlar bunu nümunə kimi göstərirlər ki, yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşübdür”.

İndi elmi-texniki tərəqqinin yaratdığı imkanlar vasitəsilə hamı dünyanın hansı ölkəsində hansı proseslərin cərəyan etdiyini asanlıqla öyrənə bilir. Ona görə də beynəlxalq aləmdəki kütləvi informasiya vasitələrinin köməyi ilə hansı ölkədə inkişaf getdiyini, hansı ölkənin gerilədiyini, kimin hansı siyasəti yeritdiyini bilmək, öyrənmək olduqca asandır. Məhz həmin mənbələrdən aldığımız məlumatlar əsasında öyrənirik ki, beynəlxalq aləmdə davam edən maliyyə və iqtisadi böhran əksər ölkələrdə yoxsulluğun və işsizliyin artmasına səbəb olub. Azərbaycanda isə bunun tamamilə əksinin şahidi oluruq.

Özünün siyasi fəaliyyətində və idarəetmədə bu  məsələyə xüsusi önəm verən dövlət başçımız andiçmə mərasimində də işsizlik məsələsinin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirləri yada saldı: “İşsizliklə bağlı böyük işlər görülüb. İşsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir. Son 15 il ərzində əhalinin sayı 1,5 milyon nəfər artıb. Ancaq iş yerləri də təxminən o səviyyədə artıbdır. Mən bunu bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimizdə biz bu amili daim diqqətdə saxlayacağıq. Çünki bizdə mövcud olan müsbət demoqrafik dinamika tələb edir ki, iş yerlərinin yaradılması prosesi daim getsin... Biz yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq”.

Mən dövlət başçımızın dünənki andiçmə mərasimindəki nitqi barədə qələmə aldığım sətirləri məhz onun öz  qətiyyəti ilə tamamlamaq istəyirəm. Cənab Prezidentin nitqindən seçib verdiyimiz sitatın son cümləsində deyilir ki, biz daha çevik və səmərəli siyasət aparmalıyıq. Bu isə təkcə onun özünə deyil, bizim hər birimizə aid olan, hər bir dövlət qurumu, vəzifəli şəxs qarşısında konkret vəzifələr qoyan mesajdır. Biz əminik ki, dövlətimizin qarşısında duran bütün vəzifələr bundan sonra daha böyük uğurlarla icra ediləcəkdir.

Gülçöhrə MƏMMƏDOVA, 
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru,
professor, memarlıq doktoru, Əməkdar memar


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında