Son 15 il ərzində möhtəşəm tərəqqi yolu keçən Azərbaycanda dövlətçilik daha da inkişaf edib, ölkəmizin siyasi və iqtisadi müstəqilliyi möhkəmlənib, dünyada liberal prinsiplərə əsaslanan iqtisadi model yaradılıb və uğurla gerçəkləşdirilib. Bununla bərabər respublikamızın həm qlobal miqyasda nüfuzu yüksəlib, həm də geoiqtisadi və geosiyasi oyunçuya çevrilib, əhalinin sosial rifahı getdikcə yaxşılaşıb. Beləliklə, ulu öndər Heydər Əliyevin ideyaları layiqincə həyata keçirilib. Hazırda Azərbaycan qlobal enerji və nəqliyyat layihələrinin nüfuzlu iştirakçısı, beynəxalq tədbirlər məkanına çevrilib.
Bu müddətdə ölkə həyatı üçün strateji önəm daşıyan inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında reallaşdırılması, müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə diqqət çəkib. Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun həyata keçirilməsi, eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən 15 ildə cənab İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil edib. Avratlantik məkana inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin, habelə ölkədə güclü insan kapitalının formalaşdırılması, cəmiyyətdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi kimi məsələlər də dövlət başçısının xüsusi diqqət mərkəzində olub.
Sürətli iqtisadi inkişafın, sabitliyin, tolerantlığın, milli və bəşəri dəyərlərin ideal sintezinin nümunəsinə çevrilən Azərbaycan həm də qlobal enerji - logistika layihələrinin təşəbbüskarı və iştirakçısı, regionda ən qüdrətli orduya sahib əsas güc mərkəzi olduğunu sübuta yetirib.
Yeri gəlmişkən, cənab İlham Əliyevin son 15 ildə təmsil olunduğum “Azərbaycan Dəmir Yolları”na göstərdiyi diqqət və qayğı barədə də qısaca fikir bildirmək istərdim. Belə ki, hər bir ölkənin geosiyasi və geoiqtisadi gücü həm də onun nəqliyyat sisteminin inkişafından asılıdır. Bu mənada dəmir yolu nəqliyyatının rolu mühüm önəm daşıyır. Başqa sözlə, milli iqtisadiyyatların qarşılıqlı asılılığının getdikcə artdığı, regionlararası və qitələrarası mal dövriyyəsi səviyyəsinin tədricən yüksəldiyi bir dövrdə dəmir yolu nəqliyyatı dövlətlərin inkişafının təkanverici elementinə çevrilməklə, xüsusi əhəmiyyət kəsb edir. Məhz elə buna görə də Azərbaycanda dəmir yolu sisteminin tərəqqisinin daim diqqət mərkəzində saxlanılması prioritet məsələlərdən biridir.
Bu gün inamla deyə bilərəm ki, cənab İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaradıb. Dövlətimizin başçısının respublikamıza rəhbərlik etdiyi ötən illər ərzində bu sahədə mühüm uğurlar əldə olunub.
Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində dəyişiklik edilməsi, Cavid Qurbanovun səhmdar cəmiyyətə sədr təyin olunması sözügedən sahədə islahatların daha da sürətlənməsinə və restrukturizasiyasına, dəmir yolu sisteminin ölkə iqtisadiyyatının inkişafının lokomotivinə çevirilməsinə, habelə dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə öz müsbət təsirini göstərib.
Ötən müddətdə bu qurumun tarixində ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması, dəmir yollarında mövcud infrastrukturun yenilənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Qısa müddətdə ümumilikdə 500 kilometrdən çox dəmir yolu əsaslı təmir olunub, kontakt şəbəkə üzrə əsaslı təmir və yenilənmə işləri aparılıb. Bakı-Böyük Kəsik sahəsində yolun enerji təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün yarımstansiyalarda tikinti işləri başa çatdırılıb, kontakt şəbəkə üzrə yenilənmə və dəyişikliklər, rabitə və işarəvermə sisteminin təkmilləşdirilməsi reallaşdırılıb.
“Azərbaycan Dəmir Yolları”nın lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılıb. Yük və sərnişin lokomotivlərinin, teplovozların, elektrovozların, müxtəlif təmayüllü yük vaqonlarının alınması ilə bağlı əməli tədbirlər həyata keçirilib.
Hazırda beynəlxalq maliyyə qurumları ilə QSC arasında əlaqələr daha da intensivləşib. İslahatların aparılması sürətlənib. QSC-nin vaqon parkının yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin müasirləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunlar isə əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi ilə nəticələnib.
Azərbaycan dəmir yolunda infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində QSC tərəfindən son iki il ərzində görülən işlərin bir qisminə nəzər salaq. Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak ediblər.
Ölkə dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası da uğula reallaşdırılıb. Azərbaycan-İran dəmir yolunun tikintisi sürətlə aparılıb. Bölgədə, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində ən önəmli layihənin- Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisə kimi yaddaşlara yazılıb.
Sözügedən layihənin ən mühüm iqtisadi və strateji nəticələri barədə bir qədər ətraflı danışmaq istərdim. Belə ki, bu layihənin tamamlanması ilə artıq Avropa Anadolu və Cənubi Qafqaz vasitəsilə Orta Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə birləşib və “Dəmir İpək yolu” adlanan dəmir yolu şəbəkəsi fəaliyyətə başlayıb. Layihə “Marmaray” layihəsilə birlikdə Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, Xəzər dənizindən keçən dəmiryolu-bərə xətləri vasitəsilə Qazaxıstan və Türkmənistana bağlanmasını, Avropa və Türkiyənin Orta Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə fasiləsiz dəmir yolu əlaqəsini təmin edib. Bu isə Asiya və Avropa arasında yük və sərnişin daşınmasının mühüm bir hissəsini dəmir yolu ilə təmin etməklə nəqliyyat xərclərinin aşağı salınmasına müsbət təsir göstərib. Nəticədə İpək yolu üzərində yerləşən iqtisadiyyatların inkişafında yeni mərhələ başlanıb.
Sonda fikrimi yekunlaşdırıb deyə bilərəm ki, bu gün xalqımız cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə öz dövlətinə inam nümayiş etdirərək ölkənin iqtisadi və müdafiə qüdrətini artırmaq üçün fədakarlıqla çalışır. Bu isə o deməkdir ki, Azərbaycan bundan sonrakı illərdə də öz uğurlu, dinamik inkişaf yolunu qətiyyətlə davam etdirəcək.
Xeyrulla HÜMBƏTOV,
Yeni Azərbaycan Partiyası (YAP) “Azərbaycan Dəmir Yolları” QSC üzrə təşkilatın sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.