ATƏT DTİHB, ATƏT PA və AŞPA-nın müşahidə missiyasının qərəzli və ədalətsiz mövqeyi hiddət doğurur

Müsahibimiz Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovdur

– Təhmasib müəllim, 11 aprel seçkiləri artıq geridə qaldı. Dünyanın aparıcı kütləvi informasiya vasitələri də, çoxsaylı beynəlxalq müşahidəçilər də bu seçkinin ədalətli və demokratik şəkildə keçirildiyi barədə kifayət qədər müsbət rəy səsləndirdilər. Ancaq təəssüf ki, həm ölkə daxilində ( Mən “Milli Şura” deyilən qurumu və Əli Kərimlinin AXCP-sini nəzərdə tuturam ), həm də beynəlxalq aləmdə xalqımızın halal seçiminə qərəzli yanaşanlar tapıldı. Sizin bu məsələyə münasibətiniz necədir?

– Bəli, dünya ictimaiyyəti bu seçkinin şəffaf, demokratik keçdiyini bildirdi. ATƏT DTİHB, ATƏT PA və AŞPA-nın məlum açıqlamasından sonra bir daha bəlli oldu ki, Əli Kərimli və Cəmil Həsənlinin seçkini boykot etmək çağırışı bu qərəzli qurumun sifarişi imiş. Əslində, bu qurumlar da kimlərinsə sifarişlərini yerinə yetirərək ölkəmizə qarşı qərəzli hesabatlar hazırlayırlar. Budəfəki hesabatları da seçkidən əvvəl hazırlanmışdı. Bunu, səsləndirdikləri “nöqsanlardan” da aydın hiss etmək olurdu.

Onların fəaliyyət tarixində baş verən ən rüsvayçı fakt da məhz Bakıda qeydə alındı. Belə ki, ATƏT DTİHB- nin öz eksperti bu qurumun iç üzünü açdı və bu ədalətsizliyə, yalan və ikili oyunlara etiraz edərək istefa verdi. Bu açıqlamadan sonra həmin qurumlar beynəlxalq ictimaiyyətin üzünə çıxa biləcəklərmi? Qərəzli, böhtançı qurumun sifarişlərini yerinə yetirən Əli Kərimli, Cəmil Həsənli və onların əlaltıları özləri də dərk edirlər ki, artıq xalq belə xəyanətkarlara, satqınlara nifrət edir. Onlar hakimiyyətdə olan zaman bu xalqa elə zülm ediblər ki, hələ də unudulmayıb. Görün qrantlar onların gözlərini necə bağlayıbsa, boykot sözünün mənasını da unudublar. Bu adamlar seçkidə iştirakdan imtina ilə boykotu qarışdırırlar. İstənilən seçkidə iştirakdan imtina başqadır, boykot başqa.

Dünya təcrübəsində də belə bir qayda var. Boykota o zaman gedərlər ki, ümumi seçicilərin yarıdan çoxunu öz tərəflərinə çəkə bilsinlər. Bizdə isə boykot çağırışı edənlər nə qədər çalışsalar da, keçirdikləri mitinqə 1200-1300-dən artıq adam toplaya bilmirlər. Azərbaycanda isə 5 milyondan artıq seçici var. Onların da əksəriyyətinin seçkidə iştirakının şahidi olduq. Bunu beynəlxalq müşahidəçilər və seçkini izləmiş dünyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri də də etiraf etdilər. Bildirdilər ki, indiyə qədər müşahidə etdikləri seçkilərdə belə seçici fəallığı ilə qarşılaşmayıblar.

Mən apardığım müşahidələrə əsasən belə bir qənaətə gəlmişəm ki, Azərbaycanda aprelin11-də keçirilmiş prezident seçkiləri böyük seçici fəallığı ilə, şəffaf, azad və ədalətli keçirilmişdir. Hər şey Seçki Məcəlləsinə və digər qanunvericilik sənədlərinə, təlimatlara, MSK-nın təsdiqlədiyi Təqvim Planına uyğun həyata keçirilmişdir. Həmin gün Azərbaycan daha bir demokratik, şəffaf və obyektiv seçki keçirməklə bədxahların çirkin niyyətlərini ürəklərində qoydu.

– Seçkidəki bu möhtəşəm qələbə Azərbaycan iqtidarına xalqın göstərdiyi etimadın, xüsusən 1993-cü ilin yayından sonra qazandığımız hərtərəfli uğurların nəticəsidir. Siz 1987-88-ci illərdə formalaşmış xalq hərəkatınn fəallarındansınız. Ölkəmiz dövlət müstəqiliyini bərpa etdiyi illərdə baş verən hadisələrin içərisində olan bir şəxs kimi, həmin dövrü necə xarakterizə edirsiniz?

– Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra hakimiyyəti ələ keçirən qüvvələrin dövlət idarəçiliyindəki naşılığı, siyasi savadsızlığı, öz şəxsi mənafelərini xalqın mənafeyindən üstün tutmaları vəziyyəti getdikcə gərginləşdirirdi. Xalqın qanı bahasına qazanılmış müstəqillik məhv olmaq həddinə çatırdı. Artıq Azərbaycanın varlığı təhlükə altına düşmüşdü. Mən bu hadisələrin canlı şahidi olan bir adam kimi qətiyyətlə deyirəm ki, nə yaxşı ki, həmin o ağır və dözülməz bir vaxtda ulu öndər Heydər Əliyev xalqın səsinə səs verdi və ölkə rəhbərlyinə qayıtdı. Belə olmasaydı, Azərbaycan parçalanaraq xəritədən silinəcəkdi. Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtması, müstəqilliyimizin qorunmasına və əbədi olmasına gətirib çıxardı.

1993-cü ildən sonra Azərbaycanı həm daxili, həm də xarici düşmənlərdən qorumaq, parçalanma meyillərindən xilas etmək, müstəqilliyimizi yaşatmaq üçün Heydər Əliyev gərgin fəaliyyət göstərdi. Ümummilli liderimizin rəhbərliyi ilə başlanan islahatlar artıq ölkəmizdə qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini reallaşdıran yeni milli Konstitusiyanın qəbulunu da gündəmə gətirmişdi. Beləliklə, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olunmasını istəyərək, ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin Konstitusiyasını qəbul etdi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

Bu gün Azərbaycan dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilib. Bu da onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun alternativi yoxdur. Məhz bu siyasi kursun uğurlu davamıdır ki, bu gün Azərbaycan dünya birliyində söz sahibi olan dövlətlərdəndir. Xalq bu siyasəti dəstəkləyir. Buna görə də aprelin 11-də seçicilərin 86 faizi bu siyasətə səs verdi.

– Son 15 ildə ölkəmizin bütün sahələr üzrə qazandığı uğurlar beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.

– Təbii ki, qiymətləndirilməlidir. Son 15 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artır, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir. İqtisadiyyat 15 il ərzində 3,2 dəfə, qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi, bu gün isə 44 milyard dollara bərabərdir. On beş il ərzində biz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq. Regionların siması tamamilə dəyişib. Yol infrastrukturu yenidən qurulub. Bu illər ərzində demokratik proseslərin inkişafında da əsaslı dönüş yaradılıb. İnsan hüquq və azadlıqlarının müdafiəsinə, demokratik seçkilərin keçirilməsinə azad sözə, müstəqil mətbuta əlverişli şərait formalaşıb. Əhali istədiyi vaxt müraciət edib mitinq keçirə bilər. Bundan ötrü şəhərin mərkəzində münasib yer də ayrılır. Üstəlik, əhalinin təhlükəsizliyi dövlət tərəfindən qorunur.

Demokratiyanın əsas atributlarından hesab edilən şəffaf, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində reallaşdırılan tədbirlər, qəbul edilən qanunvericilik aktları, dünyanın tanınmış ekspertləri tərəfindən demokratik sənəd hesab edilən Seçki Məcəlləsi beynəlxalq aləmə nümunədir. Beynəlxalq müşahidəçilər də Azərbaycanda seçkilər zamanı şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri çox yüksək qiymətləndirirlər. Bütün bunlar Azərbaycan dövlətinin demokratik ənənələrə sadiqliyinin nümunəsidir. Mən qətiyyətlə deyirəm ki, bu gün Şərq ölkələri arasında Azərbaycan ən demokratik dövlətdir.

– Təəssüf ki, adlarını müxalifət qoyan bəzi üzüdönüklər bu uğurları görmürlər...

– Onlara müxalifət deməzdim. Belə üzüdönüklər, daha doğrusu, xəyanətkarlar xarici himayədarlarının verdikləri qrantlara görə, mənliklərini sataraq ölkədə qarşıdurma yaratmağa çalışır, qazanılan uğurlara kölgə salmağa cəhd edərək “ağalarının” sifarişlərini yerinə yetirirlər. Onların ağaları da, təbii ki, Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrdir. Fikir verin, ölkədə növbəti prezident seçkilərinə hazırlıq başlayandan Əli Kərimli və onun təsiri altına düşən, guya Milli Şuranın sədri olan Cəmil Həsənli prezident seçkilərini boykot etməyə cəhd göstərdilər. Təbii ki, bu xəyanətkar əməl onların öz istəklərindən irəli gəlmirdi. Antiazərbaycan qüvvələr belələrindən istifadə edir, onlara çirkli pullar ötürür, bu yolla ölkədə çaşqınlıq yaratmaq istəyirdilər.

Məndə belə bir dəqiq məlumat var ki, Əli Kərimlini maliyyələşdirənlərdən biri Türkiyədə yaşayan erməni əsilli şirkət sahibidir. Onun erməni əsillilər tərəfindən maliyyələşdirilməsi barədə başqa məlumat çoxdur. Həmin maliyyə hesabına bir qrup satqın kimlərinsə sifarişini yerinə yetirərək, xarici ölkələrdə oturub dövlətimizin, ayrı-ayrı şəxslərin ünvanına təhqiramiz sözlər deyir, ləyaqətsiz ifadələr işlədirlər. Onları maliyyələşdirənlər milli-mənəvi dəyərlərimizi, azərbaycançılığımızı gözləri önünə gətirməlidirlər. Puldan ötrü hər cür mənəviyyatsızlığa getmək olarmı? Onlar özləri də yaxşı bilirlər ki, bu gün Azərbaycan dövlətinin əleyhinə söylədikləri yalan və iftiradır. Seçkini boykot etmək istəyirdilər. Bəs nə oldu? 59 ölkədən, 61 beynəlxalq təşkilatdan 900-ə yaxın beynəlxalq müşahidəçi gəldi. Hamısı da seçkinin şəffaf, demokratik keçdiyini bildirdi.

Fürsətdən istifadə edərək, bu seçkilərdə parlaq qələbə qazanmış xalqımızı və Prezident İlham Əliyevi təbrik edirəm.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında