Azərbaycanda keçirilən daha bir ümummilli siyasi kampaniya – prezident seçkiləri obyektiv, şəffaf və ədalətli şəkildə sona çatdı, xalqımızın ümumi iradəsini bütün dünyaya bəyan etdi.
Budəfəki seçkilərin önəmli tərəflərindən biri səsvermə günü seçicilərin yüksək fəallığı oldu. Xarici müşahidəçilər bu cəhətə xüsusi diqqət yetirmiş, öz açıqlamalarında əksər seçki məntəqələrində uzun növbələr gördüklərini qeyd etmişlər. Mən özüm də Bakı şəhərinin Səbail rayonunun seçki məntəqələrində seçicilərin məntəqələrə axınla gəldiklərini müşahidə etmişəm. Bu o deməkdir ki, artıq Azərbaycan seçicisi ölkə həyatının ən məsuliyyətli kampaniyasında kifayət qədər siyasi fəallıq göstərir.
Ölkə üzrə siyasi mədəniyyətin, yüksək fəallığın müşahidə olunması 2018-ci il seçkilərinin ən mühüm göstəricilərindən biridir. Xalq artıq kimi və niyə seçdiyinin fərqindədir. Seçkinin gedişində sıravi insanların təbii mövqeyi ilə siyasi təbliğatın üst-üstə düşməsi yekunda bir-birini tamamladı. Azərbaycan seçicisi ümummilli lider Heydər Əliyevin böyük sınaqlardan uğurla çıxmış müstəqil dövlətçilik xəttinə sonsuz sədaqətini ifadə etdi. Eyni zamanda, xalq özünün qəti mövqeyi ilə Prezident İlham Əliyevin son 15 il ərzində apardığı məqsədyönlü siyasətə, əldə olunmuş mühüm nəticələrə yüksək qiymətini verdi, daha böyük gələcəyə, işıqlı sabahlara inamına səs verdi.
Göründüyü kimi, Prezident İlham Əliyevin yüksək dövlətçilik təcrübəsi, aydın siyasi xətti, uzaqgörən, praqmatik baxışları seçicilərin qəti mövqeyinin formalaşmasında həlledici rol oynadı. Ötən illərdə daxili və xarici siyasətdə böyük uğurlara imza atmış İlham Əliyevin hər bir addımının xalqın arzu-istəklərinə tam cavab verməsi, beynəlxalq reallıqlara uyğunluğu prezident seçkilərinin həlledici amili oldu.
Azərbaycanda seçkiqabağı təşviqat işi də tam demokratik şəraitdə keçdi. Ölkə miqyasında prezidentliyə namizədlərin hər biri üçün normal və bərabər şərait yaradılmışdı. Siyasi cəhətdən yetkin seçicilər seçkiqabağı təşviqat kampaniyasında Prezident İlham Əliyevin tərəfində olduqlarını, ona səs verəcəklərini qabaqcadan açıq-aşkar bəyan edirdilər. Bu, gerçək demokratiyanın təzahürü idi. Yəni seçicilərin mütləq əksəriyyətinin qəti qərarı ölkənin 15 il ərzində yaşadığı reallıqlardan qaynaqlanırdı.
Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik və hərtərəfli, dinamik inkişafın göstəriciləri seçkinin taleyinin həll olunmasında ciddi rol oynadı. Xalq gördüyünə, yaşadığına əsaslandı və qarşıdakı dövrdə taleyini inandığı siyasətçiyə, indiki anlamda öz həqiqi lideri İlham Əliyevə etibar etdi. Böyük mütəşəkkilliklə keçən seçkilər müstəqillik epoxasının möhtəşəm yekunu və yeni tarixi mərhələnin mühüm start nöqtəsi oldu. Bu, təkcə seçki marafonunun sonu olmayıb, ölkəmizin həyatında yeni inkişaf mərhələsinin başlanğıcıdır.
Seçkinin nəticələri bir daha sübut etdi ki, ötən illərdə Prezident İlham Əliyev böyük ümumxalq etimadı qazanmışdır. Buna görə də seçki bülletenlərində “İlham Əliyev” adının qarşısına öz “hə”sini xüsusi məmnunluqla işarə edən hər bir seçici bununla bugündən razılığını və sahaha inamını ifadə etmişdir. Seçkidə real əməllərə və perspektiv inkişafa inam qalib gəlmişdir. Belə bir dərin inamı və uzaqgörən siyasəti ölkəmizə İlham Əliyev qazandırmışdır. Bu mənada yenidən Prezident seçilmək İlham Əliyevin təkcə qələbəsi deyil, həm də halalca haqqıdır.
İlham Əliyev qədər yüksək siyasi-mənəvi keyfiyyətlərə, praqmatik baxışlara malik olan görkəmli dövlət xadimini dövlət başçısı vəzifəsinə yenidən seçmək üçün seçicilərin çox götür-qoy etmələrinə xüsusi ehtiyac olmamışdır. Xalqın qəti inamı belə idi: yalnız İlham Əliyev! Bununla xalqımız həm də ölkəmizə qarşı xarici dairələrdən gələn təhdidlərə, böhtan və iftira yağdıranlara, onlara qul olan “sapı özümüzdən baltalar”a da ağır zərbə vurmuşdur. Bu seçkidəki yüksək nəticə Azərbaycan xalqının tarixi qələbəsidir. Xalqla iqtidar arasındakı sarsılmaz əlaqə, böyük inam seçkinin taleyini birmənalı olaraq həll etmişdir.
Xalqımız Prezident seçkilərində İlham Əliyevin qalib gəlməsinin ölkə həyatının bütün sahələrinə böyük inkişaf gətirəcəyinə dərindən inanır. Ölkə əhalisi demokratik yolla keçirilmiş seçkilərdə böyük qələbə qazanmış Prezident İlham Əliyevin simasında özünün daha parlaq gələcəyini görür.
İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.