Zeynəb Xanlarova, Milli Məclisin deputatı:
- Azərbaycan qadınları tarixən ismətli, qeyrətli, qorxmaz, mərd olub. Qadınlarımız həmişə onlara tapşırılan işin öhdəsindən şərəflə gəliblər. Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qadınlara böyük etimad göstərilərdi. Azərbaycan qadınları SSRİ Ali Sovetinin deputatı seçilmiş, Sosialist Əməyi Qəhrəmanı kimi şərəfli ada layiq görülmüş, Vətənin ən ali mükafatları ilə təltif olunmuş və dövlət işlərində məsul vəzifələrdə çalışmışlar. Onu da qeyd edim ki, qadınlarımız onlara göstərilən bu etimadı öz əməkləri ilə doğruldurdular.
Ulu öndərin bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən də layiqincə davam etdirilir. Qadınlarımıza yenə də böyük etimad göstərilir, onlar icra hakimiyyəti orqanlarında müxtəlif vəzifələrə təyin edilirlər.
Bu gün dünya qadınlarının bayramıdır. Fürsətdən istifadə edərək bütün anaları, bacıları, qızları bu əziz bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm, onlara ailə səadəti, xoşbəxtlik, cansağlığı arzulayıram.
Qadın anadır, bacıdır, ən əziz varlıqdır. İnanıram ki, Azərbaycan qadınları daim Vətənin, xalqın, millətin xoşbəxt gələcəyini düşünəcək, bu yolda bütün qüvvələrini sərf edəcəklər.
Bayramınız mübarək olsun, əziz xanımlar!
{nl}
Sədaqət Vəliyevə, Milli Məclisin deputatı:
- Bu gün iftixarla deyə bilərəm ki, Azərbaycan qadınlarının xoş sədaları artıq dünyanın müxtəlif ölkələrindən eşidilir. Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, incəsənətimizin dünya miqyasında tanıdılmasında Azərbaycan qadınlarının rolu böyükdür. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Azərbaycanın birinci xanımı xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlərdə mədəniyyətimizi, incəsənətimizi geniş təbliğ edir, xalqımıza qarşı törədilmiş terror aktları barədə ətraflı məlumat verir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası da Azərbaycan xanımlarının beynəlxalq aləmdəki fəallığı kimi qiymətləndirilməlidir. Bütün bunlar bir daha təsdiqləyir ki, artıq Azərbaycan xanımları mötəbər beynəlxalq təşkilatların yüksək tribunalarından söz demək, ölkəmiz haqqında dünya birliyinə əsl həqiqətləri çatdırmaq qabiliyyətinə malikdir.
Azərbaycan xanımının parlaq siması olan Mehriban xanım Əliyeva başda olmaqla bütün xanımlaımızı bu bayram münasibəti ilə təbrik edir, onlara ailə xoşbəxtliyi arzulayıram. Qoy qadınlarımız həmişə günəş kimi parlaq olsunlar. Müstəqil dövlətimizin daha da çiçəklənməsi yolunda xanımlarımıza uğurlar arzulayıram.
{nl}
Gülər Əhmədova, Milli Məclisin deputatı:
- 8 Mart qadınların əziz bayramıdır. Mənim fikrimcə, həmin gün ən xoşbəxt an hər kəsin öz anasını təbrik etməsidir. Ana yer üzündə ən böyük, ən müqəddəs varlıqdır. Onların sevinci də, kədəri də hər birimizin sevinci, kədəridir. Əlbəttə, istərdik ki, analarımız hər zaman sevincli olsun, təbəssüm onlardan heç vaxt əskik olmasın.
Azərbaycan qadınları həmişə öz igidliyi, cəsarəti ilə fərqlənib. Ölkəmizdə qadınlara daim yüksək diqqət və qayğı göstərilib. Milli Məclisdə çoxlu sayda xanım deputatlarımızın təmsil olunması da bu etimadın təzahürüdür. Qadınlarımız xarici ölkələrdə keçirilən tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edir, ictimai-siyasi hadisələrdə fəal iştirak edirlər. Bu, Azərbaycan qadınlarının beynəlxalq aləmdə əsl həqiqətləri olduğu kimi çatdırmaq qabiliyyətində olmasından xəbər verir.
Bu əziz gündə bütün qadınlarımıza cansağlığı arzulayıram. Arzu edirəm ki, öz doğma yurd-yuvalarından didərgin düşmüş xanımlarımız da bu gözəl bayramı isti ocaqlarında keçirsinlər. Mən inanıram ki, həmin günə az qalıb. Gün gələcək ki, biz 8 Mart Beynəlxalq Qadınlar Gününü və xalqımız üçün əziz bayram olan Novruz bayramını Dağlıq Qarabağda təmtəraqla keçirəcəyik.
Bayramınız mübarək, əziz analar!
{nl}
Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.