Vətəndaşlıq borcunu yerinə yetirərək...

2018-ci ilin 11 aprel tarixi... Səbirsizliklə gözlənilən prezident seçkiləri günü Azərbaycan Respublikasının bir vətəndaşı kimi, mənim üçün olduğca vacib və əhəmiyyətli idi.

Vətəndaş borcunu yerinə yetirən insan kimi, seçki məntəqəsinə gedərkən mən ilk növbədə, Bakıda hökm sürən bahar mənzərəsini seyr etdim. Gözəl yaz havası, təbiətin zərifliyi və mülayimliyi istər-istəməz hər bir insanın, o cümlədən mənim qəlbimdə də xoş hisslərin oyanmasına səbəb oldu. Vətənimizin təbiəti də sanki insanların hissləri ilə üst-üstə düşürdü. Özü-özlüyündə təbiətin təkrarolunmazlığı, eyni anda həyatımızda aydın hiss olunan ruh yüksəkliyi hər zaman insan qəlbində çox nikbin və işıqlı hisslərlə müşayiət olunur.

Mən cəsarətlə deyə bilərəm ki, yaşadığımız zamanın, həyatın bir çox “şıltaqlıqları ilə” tanış olmuşam, onlarla bilavasitə qarşılaşmışam. Müasir zaman o qədər qəliz, mürəkkəbdir ki, adi görünən çətinliklər və eyni zamanda, bəzi hallarda gözlənilməyən hadisələr, yaxud addımlarla bağlı olduğuna görə onu nə anlamaq, nə də qəbul etmək olar. Bizim ölkəmizin son dövr tarixi ilə bağlı bütün çətinliklər, problemlər hər birimizə çox yaxşı məlumdur. Təbii ki, hər bir ölkədə baş verən müharibə onun xalqını xoşbəxt edə bilməz. Odur ki, Qarabağ dərdi ölkəmizi, xalqımızı, məni də əslən qarabağlı və bir azərbaycanlı olaraq çox incidir. Cəbhədən gələn hər bir xəbər, eləcə də şəhid itkisi Azərbaycan xalqı və o cümlədən mənim üçün qəbulolunmaz bir məqamdır.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi uçurumdan xilas etdi. O illərin əzablı və qorxulu günlərini unutmaq olmaz və bu günün rahat ab-havasına dəyər vermək lazımdır. Bu gün Azərbaycan tamamilə dəyişərək sürətlə inkişaf edən və dünyada sözükeçən bir dövlət kimi tanınır. Azərbaycanı bu yola yönəldən ulu öndərimiz olub və bu yolu layiqincə davam etdirən çox hörmətli Prezidentimiz
İlham Əliyevdir.

Səs vermək üçün getdiyim seçki məntəqəsində çox sakit və eyni zamanda, işgüzar bir durum hiss olunurdu. Heç kəs tələsmirdi, hamı təmkinlə sıraya düzülüb öz bülletenini almağı gözləyirdi. Qısa vaxt çərçivəsində ölkəmizin keçdiyi əzablı və xoş günlərin təzahürünü sanki bir daha göz önünə gətirdim. Şübhəsiz ki, bugünkü Azərbaycanla, Vətənimlə və onun Prezidenti cənab İlham Əliyevlə fəxr edirəm.

Bugünkü Azərbaycanın uğurları onun düzgün siyasəti ilə birbaşa bağlıdır. Vurğulamaq istərdim ki, İlham Əliyev müasir zamanın çox güclü siyasətçisidir. Onun siyasəti olduqca tarazlaşmış, yaxşı düşünülmüş, çox məntiqli və müəyyən anlarda olduqca cəsarətlidir. Onu da əlavə etmək istərdim ki, ölkə Prezidentinin hər bir sözünə, səsləndirdiyi hər bir fikrə mən bir azərbaycanlı olaraq tam inanıram. Qürur hissi ilə bir daha qeyd etmək lazımdır ki, İlham Əliyev əsl siyasətçidir. O, müasir dövrün bir çox təsadüfən hakimiyyətə gələn “rəhbərlərindən” çox fərqlənir. Onun hər bir sözü, hər bir addımı düşünülmüş, ölçülüb-biçilmiş təsir bağışlayır. Bizim xalqımızın çox gözəl bir ifadəsi var: Ot kökü üstə bitər. Bunu əsas götürərək qürurla demək olar ki, İlham Əliyev Heydər Əliyevin istedadlı və layiqli davamçısıdır.

Azərbaycan Respublikası dünyanın həm siyası, həm coğrafi cəhətdən diqqət mərkəzində olan məkanına çevrilib. Gündən-günə ölkəmizin artan nüfüzü və gücü artıq bizi istəyənlər və eyni zamanda, istəməyənlər üçün tam aydındır. Müharibə şəraitində yaşayan ölkə irəli gedir, onun sözü keçir və diqqəti cəlb edir. Bunu Azərbaycanı dəstəkləyənlər və hətta bizi istəməyənlər də çox yaxşı bilirlər. Gözəl bahar günü – 2018-ci il aprel ayının 11-də bir daha ölkə Prezidentinə səs verərək mən Vətənimə, Azərbaycanıma, onun çiçəklənməsinə və yaxın dövrdə səbirsizliklə gözlədiyimiz qələbəyə bir qarabağlı kimi ürəklə səs vermişəm.

Fərhad BƏDƏLBƏYLİ,
Azərbaycan Dövlət Musiqi Akademiyasının rektoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında