ATƏT DTİHB missiyasının tərkibindəki ekspert qurumun saxtakarlığına etiraz edərək istefa verdi

V.Əhmədov: “ATƏT-in müşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəlmişdilər, bu hesabat qərəzlidir”

Xəbər verdiyimiz kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları Azərbaycanda prezident seçkilərində apardıqları müşahidələrə dair ilkin rəylərində, həmişəki kimi, qərəzli mövqedə olduqlarını açıq şəkildə büruzə veriblər. Hesabatda seçkilərin məhdud siyasi mühitdə keçirildiyini, həqiqi rəqabət olmadığını bildirən müşahidəçilər ölkəmizə xüsusi sifarişlə gəldiklərini bir daha təsdiqləyiblər.

Özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi tanıdan bu qurumlarım açıqladıqları qərəzli hesabata münasibət birmənalı olmayıb. Artıq ölkənin müxtəlif ictimai-siyasi sektorlarında ATƏT-in hesabatının qərəzli olduğuna dair fikirlər səsləndirilir. Azərbaycanda keçirilən seçkilərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mənfi mövqe ortaya qoymasının dəfələrlə şahidi olmuşuq. O da bəllidir ki, bu qurumun müşahidə missiyası Azərbaycanda seçkiləri müşahidə etmək üçün gələrkən özləri ilə qabaqcadan hazırlanmış hesabatlar gətirirlər. Lakin unudurlar ki, yalan ayaq tutsa da yeriməz. ATƏT DTİHB, ATƏT PA VƏ AŞPA da saxta hesabatları ilə buna nail ola bilmədilər, yəni yalanı yeridə bilmədilər.

Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar hesabat təqdim edən ATƏT DTİHB əvvəlki qərəzli və ölkəmizə qarşı ikili standart nümayiş etdirmək kimi çirkin əməllərindən yenə də  əl çəkmədi. Azərbaycanda seçki prosesini 894 beynəlxalq müşahidəçi izləyib. Onların içərisində AŞPA-dan, MDB-dən və digər çoxsaylı qurumlardan, eləcə də ayrı-ayrı dövlətlərin parlamentlərindən gələn müşahidəçilər birmənalı şəkildə prezident seçkilərini demokratik inkişaf yolunda növbəti addım kimi dəyərləndirir, seçkilərin şəffaf, azad, ədalətli və obyektiv keçirildiyini vurğulayırlar. Amma yenə də ATƏT DTİHB timsalında fərqli yanaşmanın şahidi oluruq. Bu da ATƏT DTİHB-in yenə də sifariş yerinə yetirməsindən, bu dəfə də hazır bir hesabatla gəlməsindən xəbər verir. Bu qurumun nümayəndələrinin prezident seçkilərni müşahidə etməyə gəlməyəcəkləri gözlənilirdi. Gəlsələr də, qabaqcadan hazırlanmış qərəzli hesabatla gələcəkləri də bəlli idi. Müşahidə missiyasının təqdim etdiyi hesabat proqnozları doğrultdu.

Seçkinin gedişini izləmiş 900-ə yaxın beynəlxalq müşahidəçinin böyük əksəriyyətinin müsbət rəyindən sonra düşünmək olardı ki, nəhayət, ATƏT DTİHB müşahidəçiləri də qərəzli mövqelərindən əl çəkəcək, yalana son qoyacaq və kimlərinsə diktəsi ilə hərəkət etməyəcəklər. Nəhayət, onlar da vicdanlarının səsinə qulaq asaraq, prezident seçkilərinin demokratik, şəffaf və obyektiv keçməsi barədə həqiqəti etiraf edəcəklər. Ancaq hər şey gözlənilənlərin əksinə oldu. Yalançılar bu dəfə də öz vərdişlərindən, riyakarlıqlarından, ikili mövqelərindən əl çəkə bilmədilər və əsl həqiqəti söyləməyə özlərində cəsarət tapmadılar. Daha doğrusu, öz ağalarının tapşırıqlarından kənara çıxa bilmədilər. Çox təəssüf ki, bu dəfə də onların mövqeyində fərqli, obyektiv bir yanaşma diqqəti cəlb etmədi. Yenə də seçkilərlə bağlı qeydə alınan müsbət faktları dilə gətirə bilmədilər.

ATƏT DTİHB-nin müşahidə missiyasının seçkilərin yekunu ilə əlaqədar təqdim etdiyi hesabatın qabaqcadan qərəzli şəkildə hazırlandığı onların öz əməkdaşları tərəfindən də etiraf olunub. Hətta qurumun müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov bu ədalətsizliyə, demokratiyaya zidd hərəkətə etiraz edərək tutduğu vəzifədən istefa verib. O, etiraf edib ki, ATƏT DTİHB-nin hesabatı əvvəlcədən hazırlanmışdı. V. Əhmədov bu barədə aprelin 13-də keçirdiyi mətbuat konfransında məlumat verib və qurumu aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qeyri-obyektiv mövqe ortaya qoymaqda ittiham edib. Deyib ki, missiya rəhbərinin müavini Stefan Kraus hesabatın hazırlanmasında fəal iştirak edib və onun Azərbaycana mənfi münasibəti özünü daim açıq şəkildə büruzə verib: “Stefan Kraus sosial şəbəkədəki səhifələrində Heydər Əliyevə və Heydər Əliyev Fonduna mənfi münasibətini heç vaxt gizlətməyib. Bu hesabatın hazırlanmasında da onun böyük rolu olub. Ümumiyyətlə, ATƏT müşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəlmişdilər”.

V. Əhmədov prezident seçkiləri ilə bağlı hesabatın seçkidən əvvəl hazırlandığını, sadəcə, seçkidən sonra elan edildiyini bildirib: “Xədicə İsmayıl, Emin Milli ATƏT DTİHB müşahidə missiyası ilə sıx əlaqədə idi. Hesabatda ciddi qanun pozuntularına yol verildiyi iddia edilir. Mən seçki günü ofisdə idim. Seçki məntəqələrində kütləvi, ciddi qanun pozuntuları barədə məlumat daxil olmurdu. Ona görə də hesab edirəm ki, bu hesabat tənqid yox, qarayaxma və qərəzdir. Mən bunların heç biri ilə barışmadığım üçün rəsmi şəkildə müşahidə missiyasının rəhbərinə müraciət etdim və missiyanı tərk etdim. Müşahidə missiyasındakı şəxslər antiazərbaycan mövqeyində olan, erməni dairələrinin maraqlarına xidmət edən insanların təsiri altında idi”.

Əslində, Azərbaycan xalqı bu seçkilərdə yüksək fəallıq və mütəşəkkillik göstərərək öz rəhbərini, prezidentini seçdi. Konstitusiyada da belə bir maddə var ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Xalqımız da bu seçkidə öz sözünü dedi. Təbii ki, Azərbaycanın demokratik inkişafını, tərəqqisini və dünya birliyinə inteqrasiyasını gözü götürməyən ATƏT DTİHB və ATƏT PA kimi “sözəbaxan” qurumlar bunu qəbul edə bilməzdilər. Onlar seçki məntəqələrindəki uzun növbələri, seçicilərin fəallığını və mütəşəkkilliyini gördükcə ciddi təşviş keçirirdilər. Yaxşı başa düşürdülər ki, insanlar bu seçkiyə dövlətçiliyin taleyinə xidmət etməyə, gələcək təhlükəsizliyin təminatına, iqtisadi inkişafın davamlı olmasına səs verməyə gəliblər. Təbii ki, ölkəmizin inkişafını istəməyənlər bunu həzm edə bilməzdilər . Bu baxımdan onların qərəzli hesabat hazırlamaqla ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmağa cəhd edəcəkləri başa düşülən idi. Ona görə də keçirdikləri mətbuat konfransında onlara ünvanlanmış suallara cavab tapa bilmədilər. Səsləndirdikləri tənqidi fikirləri arqumentlərlə əsaslandıra bilməyən missiya üzvləri əvvəlcədən planlaşdırılmış siyasi şounun iştirakçısı olduqlarını bir daha təsdiqlədilər.Azərbaycan ictimaiyyəti bir daha ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyalarının manipulyasiya cəhdlərinin şahidi oldu.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında