Elçin MİRZƏBƏYLİ: ATƏT DTİHB-nin seçki hesabatının qərəzli olacağı əvvəlcədən ehtimal edilirdi

ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının aprelin 11-də Azərbaycanda keçirilən seçkilərlə bağlı hesabatının qərəzli olacağı əvvəlcədən ehtimal edilirdi. Adıçəkilən qurumlar hələ seçkilərə müşahidə missiyası göndərəcəyini bəyan edəndə bu barədə fikirlərimi bildirmişdim.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, prezidentliyə namizəd olmuş Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli deyib. Ekspert qeyd edib ki, o, seçki prosesi müddətində müşahidə missiyasının rəhbərliyi, əlaqələndiriciləri və üzvləri ilə görüşlərdə də qərəzli yanaşmanı hiss edib. Belə ki, müşahidə missiyalarının fəaliyyəti seçki prosesini izləmək, prosesə təxribat xarakterli müdaxilələr etmədən tərəfsiz şəkildə dəyərləndirməkdən ibarət olduğu halda, ATƏT DTİHB-nin müşahidə missiyasının üzvləri seçki prosesinə birbaşa aidiyyəti olmayan məqamlarla maraqlanırdılar. Onlar seçici imzalarının toplanması prosesinə maneə yaradılıb-yaradılmamasından daha çox namizədlərin seçici imzalarını hansı mexanizm və resurslardan istifadə edərək toplamaları ilə maraqlanırdılar. Halbuki seçici imzalarının necə, hansı siyasi texnologiya və mexanizmlərdən istifadə edilməklə toplanılması birbaşa siyasi partiyaların seçki qərargahlarının səlahiyyətinə aid olan və sırf texniki xarakter daşıyan bir məsələ idi. Əslində müşahidə missiyası prosesin Seçki Məcəlləsinin tələblərinə nə dərəcədə cavab verməsi məsələləri ilə bağlı çıxış etməli idi. Amma onlar namizədlərin və onların səlahiyyətli nümayəndələrinin seçki texnologiyaları barədə biliklərini “yoxlamaqla” bütövlükdə prosesi gözdən salmağa çalışırdılar.

Elçin Mirzəbəyli bir neçə faktı müxbirimizlə bölüşərək deyib ki, ATƏT DTİHB-nin müşahidəçiləri namizədlərin səlahiyyətli nümayəndələrinə açıq təxribat xarakterli suallar ünvanlayırdılar. Bu suallardan biri də belə idi: Sizcə hakimiyyət inzibati resurslardan istifadə etməklə seçicilərə necə təsir göstərir?

Göründüyü kimi, sual açıq təxribat xarakteri daşıyır və müşahidə missiyası təmsilçisinin tərəfsiz olmadığını göstərir. Əgər sual “hakimiyyət inzibati resurslardan istifadə etməklə seçicilərə təsir göstərirmi” formasında qoyulsaydı, o zaman sualın seçki prosesi haqqında ətraflı və dəqiq məlumat toplamaq niyyətilə verildiyini söyləmək olardı.

Elçin Mirzəbəyli seçki prosesi müddətində dəfələrlə ATƏT DTİHB-nin müşahidəçilərinin saysız-hesabsız təxribat xarakterli sualları ilə qarşılaşdığını deyib.

Müsahibimiz başqa bir faktı da diqqətə çatdırıb. Belə ki, missiya üzvləri prezidentliyə namizədlərin görüşünə gələn seçicilərin kimliyi ilə maraqlanırdılar. Müşahidəçilər kənardan prosesi izləmək əvəzinə görüşlərin keçirildiyi ərazidə, insanlar arasında var-gəl edir, xüsusi səsyazma cihazı ilə həm prezidentliyə namizədlərin çıxışlarını, həm də onlarla görüşə gələn insanların öz aralarındakı söhbətlərini yazırdılar. Əslində bu müşahidə missiyasının öz səlahiyyətlərindən nə qədər kənara çıxdığını, hətta kobud qanun pozuntularına yol verdiyini nümayiş etdirir. Müşahidə missiyasının prezidentliyə namizədlərin görüşlərində iştirakının yeganə məqsədi onlara bərabər şəraitin yaradılıb-yaradılmamasını müəyyənləşdirməkdən ibarət olmalı idi. Amma onların davranışlarında bu məqsəddən başqa hər şey nəzərə çarpırdı.

“Bu faktları sadalamaqda məqsədim ATƏT DTİHB-nin müşahidəçilərinin Azərbaycana gəlməmişdən əvvəl seçki prosesinə qara yaxmaq üçün yaxşıca təlimatlandırıldıqlarını diqqətə çatdırmaqdan ibarətdir. Bu baxımdan, hesabatdakı həddindən artıq qərəzli məqamlarla tanış olanda heç də təəccüblənmədim. Çünki proses ərzində onların təxribat xarakterli suallarına verilən arqumentli cavabların necə qəzəblə qarşılandığını görmüşdüm”, - deyə siyasi ekspert qeyd edib.

Elçin Mirzəbəyli vurğulayıb ki, Azərbaycanda seçkiləri çoxsaylı beynəlxalq müşahidə missiyaları izləyib və prosesə obyektiv qiymət veriblər. ATƏT DTİHB-nin müşahidə missiyası üzvlərinin davranışları və qərəzli hesabatı isə ikrah doğurur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında