Azərbaycanın xarici ticarət əlaqələri prioritet istiqamətlərdən biridir

Son 15 ildə Azərbaycanın iqtisadi potensialının güclənməsi, reallaşdırılan  diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkəmizin xarici ticarətində də müsbət meyillərə təkan verib. Belə ki, xarici ticarətin coğrafiyası genişlənib, onun əmtəə strukturu təkmilləşib. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq investisiya qoyulub. Xarici investisiyanın həcmi 107,2 milyard dollar təşkil edib.

Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması dövlətin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Respublikamızın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən tədbirlər və qlobal miqyaslı təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib. 

Son 15 ildə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib.

Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində son illər görülən işlər xüsusilə vurğulanmalıdır. Şərq-Qərb nəqliyyat dəhlizi Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan, tranzit və yükdaşıma baxımından səmərəlidir. Orta hesabla 5400 kilometr   uzunluğunda olan Şərq-Qərb nəqliyyat dəhlizinin tranzit müddəti 15 gündür. Əhəmiyyətinə görə “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra isə dəhliz quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradıb. 

Azərbaycanda, həmçinin alternativ dəhlizlərdən üstünlüyü ilə seçilən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı mühüm işlər görülüb. Bu nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib. 

 Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu layihəsinin icrasından sonra Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olacaq, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçməklə infrastukturu tam təmin ediləcək. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq.

Sözügedən dövrdə beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl iş Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib. Nəticədə ötən müddət ərzində Azərbaycanın BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da möhkəmlənib.

Respublikamızın xarici iqtisadi əlaqələrinin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik də təkmilləşdirilib,  mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan yeni Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul edilib. 

Nəticədə son 15 ildə xarici ticarətin coğrafiyası genişlənib, onun əmtəə strukturu təkmilləşib. Bu dövrdə Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparıb, xarici ticarət dövriyyəsi 3,4 dəfə, ixrac 3,5 dəfə, o cümlədən qeyri-neft ixracı 3,3 dəfə artıb. 

Siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib. Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 48 saziş imzalanıb.  Həmin sazişlərin imzalanması xarici investorlara bir çox hüquqlar verir. Bu hüquqların düzgün tənzimlənməsi investisiya mühitini daha da yaxşılaşdırır. Azərbaycanın model sazişləri BMT Ticarət və İnkişaf Komissiyası ilə birlikdə hazırlanıb və müvafiq təkmilləşdirmələr aparılıb. Bunun nəticəsidir Azərbaycan iqtisadiyyatına  ki,  110 milyard dollardan çox investisiya cəlb edilib. Eyni zamanda, ölkəmiz  indiyədək böyük həcmli investisiya mübahisələrinə, bundan qaynaqlanan cərimələrlə qarşılanmayıb. Bu, Azərbaycanın etibarlı tərəfdaş olduğunun göstəricisidir. Həmçinin bu, Azərbaycanda yaradılmış investisiya mühitinin bugünkü tələblərə cavab verməsinin bir sübutudur.

Azərbaycana investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr qərarlaşıb. Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrin ilk beşliyində isə Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və BƏƏ-ni qeyd etmək olar.

İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 8 mindən çox şirkəti qeydiyyatdan keçib. Xarici şirkətlər respublikada dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində də fəal iştirak edirlər.

Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı yüksəlib, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz fəal fəaliyyət göstərməyə başlayıb. Bununla yanaşı, Yaxın Şərq, ABŞ və Asiya ölkələri ilə də əməkdaşlığımız genişlənir və bu regionlarla iqtisadi əlaqələrin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.

Ləman Süleymanova,
həkim


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında