Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Ankara sammitinin beynəlxalq siyasət üçün əhəmiyyəti ilə bağlı fikrini bölüşüb, region ölkələrinin xarici siyasətinin qurulmasında Azərbaycanın rolunu qiymətləndirib.
– Dmitri İvanoviç, Ankarada üç ölkənin liderlərinin görüşündə nəyi daha böyük nailiyyət hesab edirsiniz?
– Üçtərəfli sammitin ən vacib yekunu, zənnimcə, Avropa və Birləşmiş Ştatlara verilən bu siqnal oldu: regionumuzdakı problemlərin həllində sizin xidmətinizə daha ehtiyacımız yoxdur! Yüzilliklər boyu dünya siyasətində dəyişiklik Qərbin xeyir-duası ilə baş verib, lakin bu era başa çatıb: indi region ölkələri Suriya məsələsini müstəqil həll etmək üçün birləşiblər. Şübhəsiz, Moskva, Tehran və Ankara müxtəlif mülahizələri rəhbər tutaraq bu prosesdə iştirak edirlər. Lakin Rusiya Elmlər Akademiyasının Qara dəniz – Xəzər regionunun Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktoru Viktor Nadein-Rayevski “dəyirmi masa”da çıxışında əbəs yerə demədi: “Tarix boyu ölkələrimiz arasında hər şey baş verib, lakin Suriyada müharibənin başa çatdırılması məsələsi ortaya çıxanda biz qüvvələrimizi birləşdirməyə nail olduq”. Rusiya, Türkiyə və İran Yaxın Şərq regionunda yeni təhlükəsizlik sistemi arzusunu və bunu yaratmaq imkanını dünyaya nümayiş etdirəndə strateji yanaşma ani fikir ixtilaflarına üstün gəldi.
– Siz hesab edirsinizmi ki, Ankaradakı görüş üç ölkənin liderlərinə bir sıra gərgin məsələlərdə Qərb ölkələri qarşısında vahid cəbhədən çıxış etmək imkanına çevrilib?
– Suriya problemində nə ABŞ, nə Avropa aşkar sülh quruculuğu təşəbbüsü təklif edə bilmədiklərindən Astanadakı danışıqlar formatı hazırda böhranın siyasi həllini tapmaq üçün yeganə real imkandır. Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko “dəyirmi masa” çərçivəsində vurğulayıb ki, “Astana prosesinin mövcudluğu faktı ABŞ-ı son dərəcə qıcıqlandırır, onlar bu prosesi öz maraqlarına qarşı açıq çağırış kimi qəbul edirlər, axı bu format Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə bağlıdır: Suriya tənzimləməsinin iştirakçılarının əksəriyyəti ŞƏT-in üzvləri (Qazaxıstan və Rusiya kimi), müşahidəçiləri (İran kimi), ya da bu təşkilatın tərəfdaşıdırlar (Azərbaycan və Türkiyə kimi)”. ŞƏT terrorizmə qarşı mübarizədə məxsusi regional struktura malikdir, axı Türkiyə ilə İranın sərhədində silahlı dəstələrin mövcudluğu nəinki milli, həm də regional təhlükəsizliyə təhdiddir.
Bu cür əməkdaşlığın genişləndirilməsi regionun bütün ölkələrini əhatə etməlidir. Moskvada keçirilmiş VII Beynəlxalq Təhlükəsizlik Konfransı buna nümunədir. Onun 95 dövlətdən olan iştirakçıları sırasında İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi və Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev də var idi. Xüsusilə demək lazımdır ki, terrorçuların ərəb Şərqindən, o cümlədən Suriyadan Rusiyaya keçməsi yolunda Azərbaycan faktiki olaraq buferdir. Azərbaycanın müstəsna dərəcədə peşəkar xüsusi xidmət orqanları və ordusu var, onlar öz işlərini effektiv yerinə yetirir və rusiyalı həmkarları ilə qarşılıqlı geniş əlaqə təcrübəsinə malikdirlər. Rusiya beynəlxalq terrorizmə və narkotəhlükəyə qarşı mübarizə metodlarını müəyyənləşdirərək, Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsində regionun aşkar liderlərindən biri kimi, şübhəsiz, Azərbaycan ilə əməkdaşlığa arxalanır.
– Ankara sammitinin onun iştirakçılarının özü üçün hansı əhəmiyyəti var?
– Bizim ölkəmiz üçün bu, hər şeydən əvvəl cənub hüdudlarında yürüdülən siyasətdə aşkar tərəqqidir. Politoloq-şərqşünas Vyaçeslav Matuzov “dəyirmi masa”da çıxışında obrazlı şəkildə deyib: “Biz ABŞ-ın Yaxın Şərqin yenidən qurulması üzrə qlobal planını pozduq”. Qərb ölkələrinin Rusiyanı dünya arenasında təcrid etməyə çalışdıqları şəraitdə, Rusiya regionun mühüm dövlətləri, ilk növbədə Türkiyə ilə fəal dialoq aparır. Bu, NATO-nun yeganə ölkəsidir ki, Birləşmiş Ştatların ardınca getmədi və öz maraqlarından çıxış edərək Rusiya ilə strateji ittifaqa girdi.
Bundan başqa, Suriya münaqişəsinin tənzimlənməsində fəal əməkdaşlıq ölkələrin digər istiqamətlərdə də bir-birinə etimadını artırır, çünki Rusiya, Türkiyə və İranın nüvə energetikası, nəqliyyat və ticarət sahələrində bir çox kəsişən maraqları var. İndi Türkiyənin inşaat şirkətləri Rusiyaya fəal surətdə qayıdır, İranla Xəzərə dair bir sıra razılaşmalar əldə olunub, Azərbaycandan keçən “Şimal-Cənub” dəmir yolunun tikintisi davam edir. Yeri gəlmişkən, xatırladım ki, bu magistral İran, Azərbaycan və Rusiyanın dəmir yollarını birləşdirmək üçün əlaqələndirici halqa olacaq. Rusiyanın Qafqaz və Mərkəzi Asiya regionlarına çıxışı, habelə Avropanın Fars körfəzinə və Hindistana çıxışı isə qarşılıqlı ticarət həcmini bir neçə dəfə artırmağa imkan verəcək. Onu da vurğulayım ki, “Şimal-Cənub” xüsusi əlaqələndirmə komitəsinin yaradılmasının təşəbbüskarı məhz Azərbaycan olub, Rusiya və İran isə bu ideyanı yaxından dəstəkləyiblər. Azərbaycan, ümumiyyətlə, Rusiyanın ən etibarlı tərəfdaşıdır. Qarşılıqlı iqtisadi maraqlar, həmçinin ölkələrimizin siyasi münasibətlərinin inkişaf vektorunu müəyyən edir və bu kontekstdə Ankara sammiti də birinci dərəcəli əhəmiyyətə malikdir. Ona görə də, Türkiyə və Rusiya haqqında söhbət gedirsə, onda bu yaxınlardakı böhrandan sonra bizim münasibətlərimizin bərpasında Azərbaycan heç də az rol oynamayıb. Rusiya da öz strateji tərəfdaşına, o cümlədən Türkiyə ilə əlaqələrin gələcəkdə möhkəmlənməsi baxımından tam arxalana bilər.
Fəridə Abdullayeva,
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.