Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla quru sərhədləri olmasa da respublikamızın bu ölkələrlə ciddi siyasi-iqtisadi və sosial-mədəni əlaqələri var. Ona görə də müstəqil Azərbaycan dövləti Mərkəzi Asiya ölkələrində sabitliyin qorunmasında, onların Qərbə inteqrasiyasında və sosial-iqtisadi tərəqqisində çox maraqlıdır. Bu baxımdan həmin ölkələrin inkişaf perspektivləri və qanunauyğunluqlarının öyrənilməsi ölkəmiz üçün mühüm aktuallıq kəsb edir.
Etiraf etməliyik ki, müasir tarixi mərhələdə yeni müstəqil Mərkəzi Asiya dövlətlərində sosial-iqtisadi və etno-sosial vəziyyət, onların inkişaf perspektivləri və qanunauyğunluqları Azərbaycanda hələ lazımi səviyyədə araşdırılmamışdır. Təsadüfi deyildir ki, həmin boşluğu aradan qaldırmaq üçün bu yaxınlarda AMEA-nın Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunda ayrıca Mərkəzi Asiya ölkələri şöbəsi yaradılmışdır.
Mərkəzi Asiya ölkələrinin dünya birliyinə inteqrasiyasında Azərbaycan hansı işləri görməlidir? Bu inteqrasiyadan ölkəmiz nə kimi siyasi və iqtisadi dividendlər əldə edə bilər? Bu suallarla yeni yaradılan şöbənin müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyevə müraciət etdik. O dedi:
–SSRİ-nin dağılması və postsovet məkanında yeni müstəqil dövlətlərin yaranması həmin məkanda yaşayan bir çox xalqlar üçün yeni perspektivlər açmışdır. Orta Asiya və Qazaxıstan respublikaları, ilk növbədə, etnik prinsiplərə əsaslanan dövlətlər kimi formalaşmağa başladılar. Mərkəzi Asiya ölkələri Rusiya imperiyası tərəfindən zəbt olunmazdan əvvəl, orada mövcud olan dövlətlər ənənəvi olaraq ərazi, sivilizasiyalı və konfessional ictimaiyyətə əsaslanırdılar. Suverenləşmə region dövlətlərini tarixən özləri üçün yad olan etnik təməl üzərində dövlət qurmaq məcburiyyəti qarşısında qoydu.
SSRİ-i daxilində respublikalar arasındakı sərhədlər inzibati idi və orada xarici sərhədlərdən fərqli olaraq dövlət sərhədlərinin atributları yox idi. Çox vaxt onların keçid xətti vahid dövlətin tərkib hissəsi olduğu üçün dəqiq müəyyənləşdirilməmişdi. Ona görə də mübahisəli idi. Mərkəzi Asiya regionu üçün səciyyəvi olan etnik "zolaqlı mənzərə" şəraitində sərhədlər dövlətlərarası münasibətlərin zaman-zaman ağırlaşmasına gətirib çıxaran problemlər yaradırdı.
Bu dövlətlərin coğrafi cəhətdən təcrid vəziyyətində olması və daxili bazarın məhdudluğu Mərkəzi Asiya ölkələrində özünü təmin edə bilən milli iqtisadiyyatın formalaşmasına da mane olurdu. Onların müstəqil geniş təkrar istehsalı prosesi yox idi, çünki sahə prinsipi üzrə ixtisaslaşmışdılar. Bu, onların iqtisadi vəziyyətlərinin ağır olmasının əsas səbəblərindən biri idi.
Regionun sənaye kompleksində ümumi məşğul olanlar arasında qeyri-yerli əhali çoxluq təşkil edirdi. Bu, qeyri-yerli əhalidən asılılığı şərtləndirən etnik əmək bölgüsünün yaranmasına səbəb olmuşdu. SSRİ-nin dağılması regionun periferiya xarakterli mövqeyinin dünya iqtisadiyyatında və siyasətində möhkəmlənməsinə yol açdı.
Dünyanın tanınmış alimlərindən Vallerstay dünya sistemi haqqındakı nəzəriyyəsində göstərir ki, dünya kapitalist sistemi iyerarxiyalı struktura malikdir. Bu struktur isə mərkəzdən asılı vəziyyətdə olan yarımperiferiya və periferiyanı özündə birləşdirir. SSRİ-nin dağılması nəticəsində Mərkəzi Asiya ölkələri həm dünya kapitalist sistemindən, həm də Rusiyanın yarımperiferiya mərkəzlərindən ikiqat asılı vəziyyətə düşdülər.
Əhalinin siyasi cəhətdən etnik vəziyyəti, yerli etnik qrupların klan strukturunun qorunub saxlanılması, sərhədlərin şərti olması, köhnə metropoliyadan iqtisadi cəhətdən asılılıq, vahid vətəndaşlıq amilinin və milli dövlətçiliyin tarixi ənənələrinin olmaması Mərkəzi Asiya dövlətlərinin mövcudluğunu və perspektivini sual altında qoyurdu. Müstəqil dövlət quruculuğunun çətinlikləri göz qabağında idi. Etno-sosial problemlər bütün kəskinliyi ilə Tacikistanda mövcud idi. Bu, tacik etnosunun daxili dağınıqlığı, hakimiyyət uğrunda qəbilələrarası çəkişmələr və qarşıdurmalarından yaranan vətəndaş müharibəsi nəticəsində ortaya çıxmışdı.
Qeyd etmək lazımdır ki, müstəqil dövlət quruculuğunu, ərazi bütövlüyünü və demoqrafik əsaslarla milli dirçəliş vəzifələrini qarşıya qoymuş Mərkəzi Asiyada sabitliyin qorunması və dünya birliyinə intensiv inteqrasiya Rusiya və Çin də daxil olmaqla bütün qonşu dövlətlərin marağına uyğun idi. Bu məsələ Rusiyanın xarici siyasətində prioritet vəzifələrdən biri idi. Çünki bölgənin Rusiya üçün böyük əhəmiyyəti vardır. Rusiya Qazaxıstanla ümumi uzunluğu 7 min kilometr olan dünyanın ən uzun sərhədinə malikdir. Burada çoxsaylı rusdilli əhali yaşayır və zəngin təbii ehtiyatların, əsasən neft və qaz ehtiyatlarının mövcudluğu Rusiyanın maraq dairəsindədir.
Mərkəzi Asiya ölkələri sürətlə böyüyən Avrasiya məkanının yaxınlığında mühüm strateji mövqeyə malikdirlər. Politoloqların fikrincə, bu suveren dövlətlərdə sabitlik pozularsa, Rusiyanın cənub sərhədləri üçün hərbi-siyasi təhlükə yarana bilər. Çünki bu sərhədlərdə təbii-coğrafi sistem çox zəifdir və Tacikistan təcrübəsindən göründüyü kimi, bölgə həm yerli, həm də gəlmə əhalinin kütləvi axınına məruz qala bilər. Xarici və daxili təhlükəsizliyi təmin etmək məqsədilə Rusiya region ölkələrində vəziyyətin sabitliyinə böyük diqqət yetirirdi. Belə bir şəraitdə Rusiyanın imperiyapərəst qüvvələri bəzən Mərkəzi Asiya ölkələrini öz təsir dairələrində saxlamağa çalışır, onların müstəqil inkişafına bu və ya digər dərəcədə maneçilik törətməyə cəhd edirdilər.
Dünya təsərrüfat sistemi ilə iqtisadi inteqrasiya isə Mərkəzi Asiya ölkələrinin iqtisadi siyasətinin aparıcı istiqamətlərindən biri idi. Şübhəsiz, beynəlxalq iqtisadi inteqrasiyanın daha da dərinləşməsi XXI əsrdə bütün dövlətlər üçün obyektiv prosesdir. Hər hansı regionda və ya dövlətdə sosial-iqtisadi proseslərin gedişi əhəmiyyətli dərəcədə həmin region və ya dövlətin dünyada mövcud olan hansı nəhəng inteqrasiya birliklərinə daxil olacağından çox asılıdır. Texnoloji inqilabların beşiyi olan Avropaya alternativ yollarla çıxış bu ölkələrdə istər iqtisadiyyatın müasir texniki və texnoloji əsaslarda yenidən qurulması, istərsə də bazar iqtisadiyyatının formalaşmasında mühüm rol oynayır.
Müstəqil Azərbaycan dövləti Mərkəzi Asiya ölkələrində sabitliyin qorunmasında, onların sosial-iqtisadi tərəqqisində və dünya birliyinə intensiv inteqrasiyasında çox maraqlıdır. Çünki bu proseslər həmin dövlətlərlə yanaşı, həm də Azərbaycanın özünə ciddi siyasi və sosial-iqtisadi dividendlər gətirəcək. Türk həmrəyliyi istəyi və reallıqları bu ölkələr üçün xüsusən əhəmiyyətlidir. Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası istər iqtisadi potensial, istərsə də insan resursları və mədəni dəyərlər baxımından bir-birlərini tamamlayır, inkişaf üçün böyük perspektivlər açır. Ona görə bu imkanların əlaqələndirilməsi Azərbaycan Respublikasının və türkdilli dövlətlərin, o cümlədən Mərkəzi Asiya dövlət strukturlarının daim diqqət mərkəzindədir.
Dünyada gedən qloballaşma və regionallaşma prosesləri zəngin tarixə malik türkdilli ölkələrə də öz müsbət təsirini göstərmişdir. Yeni dövrdə meydana gələn tarixi imkanlardan faydalanaraq onlar sosial-iqtisadi tərəqqini intensivləşdirmiş, qlobal dünyada nüfuz sahibi olmuş, öz aralarında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirmişlər. Onlar artıq beynəlxalq mühitdə yeni regional güc formalaşdırmışlar. Bu güc digər türkdilli dövlətlərlə yanaşı, Azərbaycana mühüm siyasi və sosial-iqtisadi dividendlər gətirir.
Belə bir şəraitdə “Güc birlikdədir!” ifadəsi özünü tamamilə doğruldur.
Söhbəti yazdı:
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.