Rəşad MAHMUDOV: Seçicilər öz parlaq gələcəyi naminə səs verəcəklər

Prezident seçkilərinə hazırlıq işləri artıq başa çatıb. Qalır seçicilərin seçki məntəqələrinə gəlib ən layiqli namizədə səs vermələri. Seçkilərə hazırlıq işləri həm beynəlxalq, həm yerli müşahidəçilər, həmçinin ziyalılar, politoloqlar tərəfindən də yüksək dəyərləndirilir.

Milli Məclisin deputatı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri Rəşad Mahmudovla söhbətimiz də bu mövzuda oldu. Söhbət əsnasında dedi ki, qarşıdan xalqımızın və dövlətimizin siyasi həyatında ən əhəmiyyətli bir hadisə – prezident seçkiləri gəlir: “Hər bir dövlətin demokratik inkişafı müxtəlif səbəblərlə yanaşı, ədalətli seçkilərdən də çox asılıdır. Seçkilər cəmiyyətin siyasi-ictimai həyatında insanların iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə azad, mənən təmiz həyatını qoruyub saxlamaq üçün ilk növbədə öz ləyaqətli rəhbərini seçməlidir. Seçmək və seçilmək hüququ hər bir millətin, hər bir xalqın inkişafının, demokratk prinsiplərin əsasıdır. Prezident seçkiləri isə, ümumiyyətlə, hər bir ölkənin, xalqın siyasi həyatının başlıca, mən deyərdim ki, taleyüklü məsələsidir. İnanıram ki, həmişə olduğu kimi, bu dəfə də xalqımız prezident seçkilərində hamılıqla iştirak edəcək, demokratik və azad keçirilən seçkilərdə öz layiqli rəhbərini seçəcək”.

R.Mahmudov dedi ki, seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün bütün zəruri imkanlardan istifadə edilib. Maarifləndirmə, təbliğat-təşviqat işinin yaxşı təşkili bu sahədə qarşıya çıxan problemlərin aradan qaldırılmasında mühüm rol oynayıb. Azərbaycanın inkişaf edən seçki sistemində demokratik mühitin və obyektivliyin təmin edilməsi üçün müasir informasiya texnologiyaları da tətbiq olunur. Onun qənaətinə görə, seçkinin gedişatının internet vasitəsilə birbaşa izlənilməsi sisteminin regionlarda da tətbiqi ilk dəfə məhz Azərbaycanda yaradılmışdır. Qeyd etdi ki, aşkarlığın daha çox təmin edilməsi üçün təşəbbüslərə, yeniliklərə yüksək həssaslıq nümayiş etdirilməsi bütün dünyada təqdir olunur. Ancaq bu yeniliklərin müstəqillik tarixi cəmi 26 il olan respublikamızda tətbiq olunması demokratik prinsiplərin inkişafına göstərilən xüsusi önəmin nəticəsidir.

“Respublikamızda seçkilərin demokratikliyini təmin etmək üçün görülən işlər yalnız seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə kifayətlənmir” – deyə R.Mahmudov söhbətinə davam etdi. Bildirdi ki, son illər Azərbaycanda geniş vüsət alan yenidənqurma, quruculuq və abadlıq işləri dairə və məntəqə seçki komissiyalarının da normal fəaliyyətinə, daha müasir iş şəraitinin yaradılmasına mühüm təsir göstərmişdir.

Bir məsələni də vurğulamağı vacib hesab edən R.Mahmudov dedi ki, 2003-cü ildən bu vaxta qədər həyata keçirilən daxili və xarici siyasət ölkənin sosial-iqtisadi inkişafında mühüm irəliləyişlərə gətirib çıxarmışdır: “Hazırda Azərbaycan bütün sahələr üzrə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Yeni dövrün sosial-iqtisadi inkişaf strategiyası çevik və işlək mexanizmlər üzərində həyata keçirilir. Həyatımızın bütün sahələrində, o cümlədən səhiyyəmizdə də müşahidə olunan müsbət meyilləri möhkəmləndirmək, daha da inkişaf etdirmək, həmçinin sosial sahədə qarşıda duran problemlərin həllini sürətləndirmək məqsədi ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qısa zaman kəsiyində iqtisadiyyatımızın inkişafında əsaslı dönüş yaratmışdır”.

R.Mahmudov deputat seçildiyi Astara rayonunda keçirdiyi görüşlərdə bu uğurların qiymətləndirildiyini bildirdi və insanlarda prezident seçkisi ərəfəsində yüksək əhval-ruhiyyə olduğunu diqqətə çatdırdı: “Astara rayonunun bir çox ucqar dağ kəndlərinə elektrik enerjisinin və qazın verilməsi, insanların xəyalında qura bilmədikləri uzaq dağ kəndlərinə asfalt örtüklü yolların çəkilməsi, müasir tələblərə cavab verən məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, idman komplekslərinin tikilməsi, yeni emal müəssisələrinin yaradılması, iş yerlərinin açılması – bütün bunlar əhalinin gələcəyə olan inamını daha da artırıb. Xüsusilə, cənub regionunun turizm potensialının genişləndirilməsi üçün dəmir yolu xəttinin yerinin dəyişdirilməsi barədə verilən tapşırıqlar, 2018-ci ildə Bakı-Astara magistral yolunun istifadəyə verilməsi hər bir vətandaşın ürəyincədir və regionun gələcək inkişafında yeni perspektivlərin başlancığıdır.Təbii ki, seçicilər uğurları yüksək qiymətləndirir və bu siyasi kursun davam etdirilməsini istəyirlər”.

Milli Məclisin deputatı dedi ki, Azərbaycanın səhiyyə sistemində çalışanlar, demək olar ki, böyük bir ordudur. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də səhiyyə işçiləri seçkilərdə fəal iştirak edəcək və ən layiqli namizədə səs verəcəklər: Səhiyyənin son illərdəki inkişafı, bu sahəyə ayrılan diqqət və qayğı, hər il on minlərlə əhalinin pulsuz tibbi müayinədən keçirilməsi insanların sağlamlığının diqqət mərkəzində saxlanılmasının nəticəsidir. Sevindirici haldır ki, Azərbaycan səhiyyəsi Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bunun nəticəsində dünyada baş verən bütün tibbi yeniliklər respublikamızda səhiyyə sistemimizin digər əsas prioriteti əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsidir. Gündən-günə bu istiqamətin daha intensiv hala salınması üçün əsaslı işlər görülür. Son illər 600-dən çox səhiyyə obyektinin açılması, yüksək səviyyədə yenidən qurulması, müasir tələblərə cavab verən ən yüksək texnoloji əməlliyyatların keçirilməsi, regionlarda diaqnostika mərkəzlərinin tikilməsi əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən zəruri tədbirlərdəndir. Mən bu sahənin mütəxəssisi kimi, regionlarda mindən çox açıq ürək əməliyyatında iştirak etmişəm. Əvəllər isə belə əməliyyatlar üçün xəstələr xarici ölkələrə üz tuturdular. Bu, həm vaxt aparırdı, həm də xeyli xərc. Səhiyyədəki bu problemlər artıq aradan qaldırılıb.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında