Bundan sonra da həyata keçirilən siyasətin təməlində Azərbaycan vətəndaşının maraqları dayanacaq

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində ötən prezident seçkilərindən indiyədək ölkə həyatında əlamətdar məqamları xatırladaraq diqqətə çatdırıb ki, bu dövrdə respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib.

Nəzərdə tutulan bütün tədbilər yerinə yetirilib. Res­publikada iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olunub, yüz minlərlə yeni iş yeri yaradılıb, işsizlik təxminən beş faiz səviyyəsinə düşüb. Yox­sulluq xeyli dərəcədə azaldılıb. Hazırda yoxsulluq göstəricisi 5,4 faiz həddindədir. Əlbəttə, əldə edilən bu uğurlar həyata keçirilən və yüksək səmərə verən sosial-iqtisadi siyasətin nəticəsidir.

Yeri gəlmişkən, qeyd edim ki, ümumiyyətlə, son 14 ildə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yara­dılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi nəticəsində Azərbaycanda sənaye, aqrar sahə yüksək səviyyədə inkişaf edib. Sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər ölkə sənayesinin yeni inkişaf mərhələsinə daxil olmasına müsbət təsir göstərib. Sənayenin inkişafına dair Dövlət Proqramı təsdiq edilib və icra­sına başlanılıb. Ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və sair sahələr yaradılıb. Qeyri-neft sənayesinin inkişaf etdirilməsində müasir istehsal infrastrukturuna malik sənaye parklarının və sənaye məhəllələrinin təşkilinə üstünlük verilib.

Dövlət başçısı müsahibəsində bununla bağlı deyib: “Bu gün Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir. Bir neçə rəqəm göstərə bilərəm: son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, zənnimcə, bu, dünya rekor­dudur. Çox böyük investisiya layihələrinə baxmayaraq, bizdə xarici borcun sabitləşdirilməsi üzrə də iş aparılıb. Bu gün xarici borc ümumi daxili məhsulun təxminən 20 faizinə bərabərdir. Mən qarşıdakı illərdə bu borcun xeyli azaldılması barədə göstərişlər vermişəm. Azərbaycanın valyuta ehtiyat­larının həcmi ümumi daxili məhsulun həcminə bərabərdir. Başqa sözlə desək, biz istəsək bir neçə gün və ya bir neçə ay ərzində bütün borcları ödəyə bilərik. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər sabitdir və bizim həyata keçirdiyimiz investisiya layihələri, əlbəttə ki, əlavə mənfəət gətirəcək. Onu da qeyd etməliyəm ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub”.

Azərbaycan Prezidentinin müsahibəsində diqqətçəkən bir məqam da ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin bun­dan sonra da davam etdirilməsi, neft-qaz amilindən müəyyən dərəcədə asılılığın azaldılması və sahibkarlığın inkişafı ilə bağlıdır.

Həqiqətən də son illərdə sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması bazar iqtisadiy­yatı sisteminin formalaşdırıl­ması, habelə özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda baş verib ki, buna da səbəb qanunveriçilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması, iqtisadiyyatın idarə edilməsinə müasir yanaşma­nın ortaya qoyulması olub. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka, həm də yığıma yönəldilən vəsaitlərin səmərəli artımına gətirib çıxarıb.

Azərbaycan Prezidenti­nin müsahibəsində iqtisadi məqamlarla əlaqədar fikirləri onu göstərir ki, dövlət başçısı qarşıdakı mərhələdə də islahatla­rın geniş miqyasda aparılmasına israrlıdır. Bu isə deməyə əsas ve­rir ki, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da inamla davam etdiriləcək, həyata keçirilən siyasətin təməlində yenə də Azərbaycan vətəndaşının maraqları dayanacaq, ölkəmizin daha da gücləndirilməsi, dövlətimizin qüdrətinin artırılması, müstəqilliyimizin möhkəmləndirilməsi əsas stra­teji məqsəd, hədəf kimi diqqət mərkəzində saxlanılacaq.

Aqil ƏSƏDOV,
AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri,
iqtisad üzrə fəlsəfə doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında