Turizm sektorunun inkişafı son illər Azərbaycanda həyata keçirilən islahatların əsas istiqamətlərindən biridir. Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahənin gələcək inkişafının yeni hədəflərini müəyyənləşdirmişdir. Turizm sahəsində çalışan sahibkar kimi demək istəyirəm ki, Strateji Yol Xəritəsində nəzərdə tutulmuş məsələlərin reallaşması ölkəmizin iqtisadi imkanlarının daha da genişlənməsinə şərait yaradır.
Bu sənəd turizm sektorunun inkişafının dəstəklənməsi, beynəlxalq və yerli bazarlarda yüksək keyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin göstərilməsinə nail olunması, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması, investisiya layihələrinin cəlb edilməsi və turizmin inkişafı ilə əlaqədar aidiyyəti orqanların qarşılıqlı koordinasiyası kimi tədbirləri özündə əks etdirir.
Yol xəritəsində 2020-ci ilədək olan dövrdə Bakının turizm potensialından tam istifadə, daha yaxşı idarəetmənin təşkili, turizm zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, viza prosedurlarının sadələşdirilməsi, regionlarda turizmin inkişaf etdirilməsi, turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirməklə milli turizmin keyfiyyət sisteminin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda , sənəddə əksini tapan tədbirlərin həyata keçirilməsi nəticəsində Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə xarici ölkə vətəndaşlarının gecələmələrinin sayının 2015-ci illə müqayisədə 2020-ci ildə 4,6 dəfə artacağı proqnozlaşdırılmışdır. Həmçinin, Strateji Yol Xəritəsində aşağı büdcəli turistlərin gəlməsi üzrə göstəricinin tədricən 265 minə çatdırılması, Böyük İpək Yolu və digər mədəni turizm marşrutları üzərində yerləşən məntəqələrə 180 mindən artıq turistin cəlb edilməsi nəzərdə tutulmuşdur. Strateji Yol Xəritəsinin əsas məqsədi isə 2025-ci ildən sonrakı dövrdə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir. Nazirliyin təklifi əsasında “Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2016-cı il tarixli qərarı təsdiq olunmuşdur. Qərara əsasən, Xızı rayonunun 7969,22 hektar, Siyəzən rayonunun 14365,44 hektar, Şabran rayonunun 25833,78 hektar, Xaçmaz rayonunun 33832,40 hektar inzibati ərazilərində Xızı-Xaçmaz, Quba rayonunun 3729,43 hektar inzibati ərazisində Quba turizm və rekreasiya zonası, Qusar rayonunun 14546,55 hektar inzibati ərazisində isə Qusar turizm və rekreasiya zonası yaradılmışdır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının 2017-2018-ci illər üzrə Fəaliyyət Planı” hazırlanıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 may tarixli sərəncamı ilə təsdiq olunub.
2017-ci il üçün Mədəniyyət və Turizm Nazirliyinə ayrılmış büdcə vəsaiti həcminə uyğun olaraq Quba, Qusar və Xızı-Xaçmaz turizm və rekreasiya zonalarının baş inkişaf planlarının hazırlanması məqsədilə keçirilmiş müsabiqədə qalib olmuş şirkətlərlə müqavilə imzalanıb. Aidiyyəti qurumlarla razılaşdırılmaqla turizm və rekreasiya zonalarının Baş inkişaf planları hazırlanır. Baş inkişaf planlarının hazırlanmasını həyata keçirən icraçı şirkətlər tərəfindən layihə çərçivəsində aparılan marketinq araşdırmaları və klasterlərin yaradılması üçün seçilmiş ərazilərin təqdimatları da gerçəkləşdirilib.
Bu il turizmin inkişafı ilə bağlı bəzi məqamları da diqqətə çatdırmaq istərdim. ABŞ-ın məşhur “USA today” İnformasiya Agentliyinin yaydığı məqalədə 2018-ci ildə səyahət edilməli ölkələr sırasında Azərbaycanın paytaxtı Bakı da qeyd edilib. Bu, çox maraqlı məqamdır. Məqalədə Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, mətbəxi, turizm məkanları haqqında ətraflı məlumatlar və fotolar öz əksini tapıb. 2017-ci il həm də Azərbaycana gələn turistlərin sayında rekord göstərici ilə yadda qalıb. Belə ki, son 5 illə müqayisədə, 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayında artım müşahidə edilib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2016-cı illə müqayisədə, 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20 faiz) nəfər artaraq 2 691 998 nəfər olub. Bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir.
Biz 2018-ci ildə inkişaf tempinin artan sürətlə davam edəcəyinə əminik. Söz yox ki, bu il də ölkəmizə çoxlu sayda turist axını gözlənilir. Novruz bayramı günlərində ölkəyə gələn qonaqların sayında ciddi artım müşahidə olunmuşdur. Daha sonra müxtəlif beynəlxalq musiqi festivalları, idman tədbirləri keçiriləcək. Rusiyadan, körfəz ölkələrindən respublikamıza gələn turistlərin sayı bu il də artmaqdadır. Ötən il olduğu kimi, bu il də şopinq festivalları təşkil olunacaq.
2018-ci ildə həm də qatar turizminin inkişafı üçün zəmin yaradılıb. Bakı-Tbilisi-Qars dəmir yolu gələcəkdə turizm marşrutu da ola bilər. Bununla da ölkəyə Orta Asiyadan da çoxlu sayda turist cəlb etmək olar. Həmçinin Böyük İpək Yolu vasitəsilə 2018-ci ilin yazında ölkəmizə müxtəlif dövlətlərdən turistlər gələ biləcəklər. Azərbaycanın turizm potensialı imkan verir ki, ötən illərə nisbətən daha çox turist qarşılayıb, yola sala bilək. Bunun üçün bizim hər bir şəraitimiz və infrastrukturumuz var. Ölkədəki siyasi sabitlik, qonaqpərvərlik, əlverişli iqlim şəraiti və coğrafi mövqe bunun üçün uyğundur. Azərbaycan Qərb və Şərqi birləşdirən körpü rolunu oynayır. Artıq ölkəmiz bütün dünyada öz turizm potensialı ilə tanınır. Təkcə paytaxt Bakı deyil, həmçinin Şəki, Qəbələ, Quba, Xaçmaz və digər şəhərlərdə də turizm inkişaf edir. Bölgələrdə yeni otellərin və turizm obyektlərinin inşası həm də yeni iş yerləri deməkdir. Bununla da gənc kadrlar gələcəkdə işlə təmin oluna biləcəklər. Deməli , turizm ölkənin ümumi inkişafına böyük dəstək verir.
Mən sahibkar kimi “Atlant” Ailəvi İstirahət və Əyləncə Mərkəzinə rəhbərlik edirəm. Bizim mərkəzdə xarici və yerli turistlərin istirahətinin təşkili üçün hər cür şərait yaradılmışdır. Biz, demək olar ki, beynəlxalq turizm sərgilərində mütəmadi olaraq iştirak edir, müsbət təcrübələri öyrənməyə çalışırıq. Dəfələrlə yaxşı xidmətə görə Mədəniyyət və Turizm Nazirliyinin mükafatını qazanmışıq. Xoş olan budur ki, 2017-ci ildə Turizm işçiləri Günü münasibətilə mən də “Tərəqqi” medalına layiq görüldüm. Mən bunu “Atlant”ın kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirirəm.
Ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Bu sektorda xidmət səviyyəsinin get-gedə yüksəlməsi, həyata keçirilən davamlı tədbirlər turizmin bütün sahələrində mühüm nailiyyətlər qazanılmasına imkan yaradacaqdır.
Tahir QƏDƏŞOV,
“Atlant” Ailəvi İstirahət və Əyləncə Mərkəzinin direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.