Aprelin 11-də keçiriləcək prezident seçkilərinə az qalır. Artıq ölkəmizdə olduğu kimi, xaricdə yaşayan soydaşlarımızın da səsvermə hüququnun təmin edilməsi üçün çox iş görülüb. Həmsöhbətimiz Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevdir.
– Cənab səfir, seçkiyə hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?
– Təbii ki, biz Azərbaycandakı seçki atmosferinin içərisində deyilik, ölkəmizdə gedən mühüm prosesi uzaqdan – Budapeştdən izləyirik. Yeri gəlmişkən, indi Macarıstan da seçki ərəfəsindədir. Aprelin 8-də ölkədə növbəti parlament seçkiləri keçiriləcək. Üstünlük qazanan partiya yaxın 4 il üçün hökumətin fəaliyyətinə rəhbərlik edəcək. 2010-cu ildən hakimiyyətdə Baş nazir Viktor Orbanın lideri olduğu FİDES partiyasıdır. İndiki seçkilərdə də FİDES-in üçüncü dəfə qələbə qazanmaq şansı yüksək qiymətləndirilir.
Macarıstandakı seçkilərin nəticələri nə qədər maraqlı olsa da, aydın məsələdir ki, bizim nəzərlərimiz Vətənimizə – Azərbaycana yönəlib. Seçkiyə hazırlığın gedişini diqqətlə izləyir, nəticələri gözləyirik. Bu nəticələrin cəmiyyət həyatında yeni müsbət dəyişikliklərə yol açacağına ümid bəsləyirik. Seçkiyə hazırlığın səviyyəsinə gəldikdə isə bizdə indiyə qədər keçirilmiş seçkilərin hamısı təşkilatçılıq işinin yaxşı səviyyədə qurulması ilə diqqəti çəkib. İnanırıq ki, bu dəfə də belə olacaq. Yeri gəlmişkən, Azərbaycanda seçkilərin gedişini izləyən beynəlxalq müşahidəçilər qrupunun tərkibində Macarıstanın da təmsilçiləri olacaq.
– Səfirlik seçkiyə hazırlıqla bağlı hansı işləri görür?
– Mövcud qanunvericiliyə əsasən, ölkəmizdəki seçkilərdə, referendumlarda və s. iştirak etmək üçün seçki məntəqələri 50 nəfərdən çox Azərbaycan vətəndaşının qeydiyyatdan keçib uçota dayandığı yerlərdə yaradılır. İndiyə qədər bizdə belə imkan yox idi. Çünki Macarıstanda soydaşlarımızın sayı həmişə az olub. Məntəqə olmadığından son prezident seçkisində və ümumxalq referendumunda səfirliyin əməkdaşları, habelə burada yaşayan vətəndaşlarımız öz konstitusiya hüquqlarından istifadə etmək ən yaxın ölkənin – Avstriyanın paytaxtı Vyana şəhərinə getmişdilər. Bu il isə səfirlikdə seçki məntəqəsi fəaliyyət göstərir. Vətəndaşlarımız burada səs verəcəklər.
Soruşa bilərsiniz ki, bu dəyişiklik nə ilə bağlıdır? Sadəcə, 2014-cü ildə ölkələrimiz arasında imzalanmış sazişə əsasən, Macarıstan hər il “Stipendium Hungaricum” proqramı çərçivəsində 200 nəfər azərbaycanlı gəncə ölkə universitetlərində pulsuz təhsil almağa imkan yaradır, onları yataqxana və təqaüdlə təmin edir. Bu tələbələrin çoxu seçkidə ilk dəfə iştirak edəcək. Onlarla bir neçə dəfə görüş keçirilib, hüquq və vəzifələri başa salınıb. Seçki məntəqəsi və məntəqə seçki komissiyası yaradılıb. Məntəqə lazımi təşviqat materialları və hüquqi sənədlərlə təmin olunub. Seçki ərəfəsində XİN-in diplomatik kuryer xidməti şəffaf qutu, bülletenlər, xüsusi mürəkkəb və s. gətirəcək. Seçici siyahımız çoxdan hazırdır və MSK-ya da göndərilib.
– Macarıstanda hazırda təxminən nə qədər soydaşımız yaşayır? Səs verəcək insanlar əsasən hansı sahələri əhatə edirlər?
– Bilirsiniz, belə bir sayın dəqiq müəyyən edilməsi üçün Azərbaycan vətəndaşlarının səfirlikdə konsulluq uçotuna dayanmaları tələb olunur. Eyni zamanda, bu, tam könüllü prosesdir. Kim uçota dayanmaq istəmirsə, onu zorla cəlb etməyə qanun yol vermir. İndi Macarıstanda bir neçə yüz nəfər soydaşımızın yaşadığını təxmin etmək mümkündür. Amma onların yalnız 90 nəfərə yaxını səfirlikdə konsulluq uçotundadır. Deməli, seçici siyahısında yer alanlar da ilk növbədə həmin şəxslərdir. Bura səfirlik əməkdaşları və onların ailə üzvləri, bəzi tələbələr, Macarıstanda yaşayan ayrı-ayrı Azərbaycan vətəndaşları, beynəlxalq təşkilatlarda çalışan soydaşlarımız və başqaları daxildir. İnanıram ki, aprelin 11-də onların hər biri seçki məntəqəsinə gələcək, ürəklərinin səsinə qulaq asaraq rəğbət bəslədikləri, inandıqları namizədə səs verəcəklər.
– İndiyə kimi Azərbaycan seçkiləri uğurla, demokratik qaydada və şəffaflıq prinsiplərinə əsaslanaraq keçirib. Budəfəki prezident seçkilərindən nə gözləyirsiniz?
– İnanıram ki, çoxillik ənənələrimiz davam etdiriləcək. Sadaladığınız prinsiplər bu dəfə də diqqət mərkəzində olacaq. İstənilən ölkədə, hətta məhdud dairədə də insanların seçkidən gözlədikləri ən böyük nəticə müsbət dəyişikliklərin artması, davamlı tendensiyaya çevrilməsidir. Ölkənin gələcəyi ilə bağlı planlarını həyata keçirmək üçün seçkidə qalib gələn namizədə ən böyük arzum da onun müsbət dəyişiklikləri, cəmiyyətdə qarşılıqlı etimadı artırması, insanların həyatını mümkün qədər asanlaşdırması və yaxşılaşdırması ilə bağlıdır.
Söhbəti qələmə aldı,
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.