Azərbaycanda demokratik seçki ənənəsinin əsası 25 il bundan əvvəl qoyulub. Belə ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratik seçki şəraitinin formalaşdırılması respublikada hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilib. Ümummilli liderin həmin il Azərbaycan Prezidenti seçilməsi ilə respublikada demokratiyanın inkişaf etdirilməsinə, vətəndaş cəmiyyəti quruculuğunun həyata keşirilməsinə, o cümlədən seçki sisteminin tədricən təkmilləşdirilməsinə başlanılıb.
Ötən dövr ərzində Azərbaycanda 5 prezident, 5 parlament, 4 bələdiyyə seçkisi, o cümlədən 3 dəfə referendum keçirilib. Ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə əlavə və təkrar seçkilər də təyin olunub. Hər bir seçki və referendum ölkəmizdə demokratik seçkinin parlaq ifadəsinə çevrilib. Eyni zamanda, seçkidən-seçkiyə praktika təkmilləşib, təcrübə artıb. Təbii ki, bu da seçkilərin şəffaflığına, xalqın bu siyasi kampaniyaya olan inamının güclənməsinə müsbət təsir göstərib.
Qeyd edim ki, həmin seçkilər çoxsaylı aşkarlıq institutlarının, xüsusilə yerli və beynəlxalq müşahidəçilərin, yerli və xarici kütləvi informasiya vasitələrinin yaxından iştirakı ilə keçirilib və yüksək dəyərləndirilib.
Yeri gəlmişkən, demokratik seçki keçirilməsində ən mühüm amil ölkədə siyasi iradə və ictimai-siyasi sabitliklə bərabər, təkmil seçki qanunvericiliyinin yaradılmasıdır. Azərbaycanda ümumxalq səsverməsi yolu ilə 1995-ci ildə qəbul edilən Konstitusiya ilə həmin qanunvericiliyin əsası qoyulub. Həmin ali sənədlə respublikada demokratik prinsiplərə cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetlər müəyyənləşdirilib. Əsas Qanunda təsbit olunan müddəalara istinadən, Azərbaycanda seçkilərin hüquqi bazası formalaşdırılıb. Belə ki, Konstitusiyanın 4-cü maddəsinə əsasən, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Əsas Qanunun 56-cı maddəsinə görə, hər bir Azərbaycan vətəndaşının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.
Azərbaycanda seçki təcrübəsinin demokratik standartlara uyğunlaşdırılmasında beynəlxalq təşkilatlarla əməkdaşlıq da öz müsbət təsirini göstərib. Məsələn, ölkəmiz 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra sözügedən sahədə ciddi irəliləyiş əldə edilib, seçki qanunvericiliyinin təkmilləşdirilməsində Avropa Şurasının Venesiya Komissiyası yüksək fəallıq göstərib.
Onu da deyim ki, Azərbaycanda seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə 2003-cü ilin mayında Seçki Məcəlləsi Milli Məclisdə qəbul olunub və Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə qüvvəyə minib. Məcəllənin hazırlanmasında Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Beynəlxalq Seçki Sistemləri üzrə Fond mühüm rol oynayıb.
Azərbaycanın Seçki Məcəlləsi beynəlxalq ekspertlərin birmənalı rəyinə əsasən, seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirərək, Avropa standartlarına uyğun tərtib olunub. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumun keçirilmə qaydalarının, həmçinin Mərkəzi Seçki Komissiyasının, eləcə də dairə və məntəqə seçki komissiyalarının təsisi və fəaliyyət prinsiplərini müəyyənləşdirib. Əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazisin yaradılmasına, namizədlərin qeydiyyatının, seçki komissiyalarının formalaşdırılmasının, habelə fəaliyyətinin təşkilində prinsip və mexanizmlərin təkmilləşdirilməsinə imkan verib.
Bütün bunlara görə əminliklə deyə bilərəm ki, aprel ayının 11-də keçiriləcək prezident seçkiləri də ədalətli və şəffaf şəkildə həyata keçiriləcək, Azərbaycanda vətəndaşların seçki hüquqları yüksək səviyyədə təmin olunacaq.
11 aprel prezident seçkilərində ölkə vətəndaşlarının inandığı, ümid bəslədiyi şəxs bu seçkilərdə böyük və inamlı qələbə qazanacaq. Bu qələbənin kökündə, əsasında isə ulu öndərimizin yenidən Azərbaycana rəhbərliyə qayıdışından indiyədək əldə edilən çoxsaylı uğur və nailiyyətlərin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etdirilməsi, xalqımızın sosial-rifah halının dünyanın aparıcı ölkələri səviyyəsinə çatdırılması, ordu quruculuğunun genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların intensivləşdirilməsi kimi mühüm məsələlər dayanır. Bütün bunlar, eyni zamanda, Azərbaycanda seçici fəallığının daha da artmasına öz müsbət təsirini göstərib. Elə buna görə də indidən əminliklə demək olar ki, aprelin 11-də xalqımız öz xoşbəxt gələcəyi naminə məntəqələrə üz tutacaq və istədiyi namizədə səs verəcək.
11 aprel prezident seçkilərinə az bir vaxt qalıb. Bu mühüm, taleyüklü siyasi kampaniyanın şəffaf şəraitdə reallaşdırılması, beynəlxalq standartlara uyğun, yüksək səviyyədə təmin olunması üçün indiyədək bir sıra ciddi hazırlıq tədbirləri həyata keçirilib. İnformasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin uğurla tətbiqi qarşıya mühüm vəzifə kimi qoyulub. Bu da təsadüfi deyil. Çünki 1993-cü ildən başlayaraq reallaşdırılan seçkilərdə informasiya-kommunikasiya texnologiyalarının geniş istifadəsi seçkilərlə bağlı bütün prosesləri əvvəldən axıradək fasiləsiz izləməyə, azad və maneəsiz müşahidə aparmağa və beləliklə, aşkarlığın daha dolğun təminatına imkan verib. Azərbaycan müşahidəçilərin sərbəst fəaliyyəti üçün yaradılan hərtərəfli imkanlar baxımından nümunə olub.
Azərbaycanda artıq 10 ildir ki, uğurla tətbiq olunan və seçki məntəqələrinə getmədən, internet vasitəsilə səsvermə prosesini birbaşa izləməyə imkan verən veb-kameralardan istifadə təcrübəsi builki prezident seçkilərində də gerçəkləşdiriləcək. Seçki günü internet istifadəçiləri tərəfindən həm ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olmaqla səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi birbaşa müşahidə ediləcək.
Səhhəti ilə əlaqədar səhiyyə müəssisələrində müvəqqəti yerləşən şəxslərə həmin yerlərdə yaradılan məntəqələrdə səs verməyə imkan yaradılacaq. Seçkilərdə barmaqların boyanması ənənəsi də davam etdiriləcək. Bütün bunlar isə yuxarıda vurğuladığım kimi, bu siyasi kampaniyanın ədalətli və şəffaf təmin olunmasını şərtləndirəcək.
Xarici müşahidəçilərin – MDB müşahidə missiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurasının seçki müşahidə missiyası və müxtəlif beynəlxalq QHT-lərin 11 aprel prezident seçkilərinə böyük maraq göstərmələri də Azərbaycanda bu prosesin şəffaf və demokratik keçiriləcəyi əminliyi ilə əlaqədardır.
Ləman SÜLEYMANOVA,
həkim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.