Demokratik cəmiyyətdə, çoxpartiyalı seçki sisteminə malik ölkədə siyasi mübarizə təbii qəbul olunur və bunun alternativi yoxdur. Demokratik hüquqi dövlət olan Azərbaycanda da söz və mətbuat azadlığı təmin edilib, siyasi partiyaların sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Özünə, öz elektoratına güvənən hər bir partiya və hər bir şəxs istər prezident, istərsə də parlament və bələdiyyə seçkilərinə qatıla bilər. Seçkilərdə bütün partiyalara və ayrı-ayrı fərdlərə bərabər şərait yaradılıb və bu mənada heç kəsin gileylənməyə haqqı yoxdur.
Əlbəttə, söhbət normal, beynəlxalq aləmdə qəbul olunan mübarizə formalarından və üsullarından gedir. Bəs yaşadığımız günlərin mənzərəsi necədir?
Sirr deyil ki, bütün ölkələrdə seçkilər ərəfəsində siyasi ehtirasların qızışması, fəallığın artması ilə yanaşı, xarici məkrli qüvvələrin planları da dövriyyəyə buraxılır. Biz Azərbaycanda keçirilən prezident və parlament seçkilərində, referendumlarda bunun dəfələrlə şahidi olmuşuq. Əvvəlki seçkilərdə “kütləvi iğtişaşlar”, “boykot”, “rəngli inqilab”, “milyarderlər ittifaqı” kimi bədnam planları iflasa uğrayan, ümidləri boşa çıxan antiazərbaycan dairələri indi də dövlətə, dövlətçiliyə, hakimiyyətə, milli elitaya, ümumiyyətlə, cəmiyyətimizə qarşı sosial şəbəkələrdə yalan, böhtan, şantaj, təhqir, söyüş, zorakılığa çağırış maşınını işə salıblar. Ən iyrənc cəhət isə budur ki, bu maşının vintcikləri öz xalqına, vətəninə, dövlətinə dönük çıxan, xarici xidmət orqanlarının ələ aldığı bir neçə azərbaycanlıdır. Onlar xarici xidmət orqanlarına işlədiklərini gizlətməyə çalışırlar. Ancaq əsassız fikirləri, qeyri-əxlaqi ifadələri, heç bir fakta söykənməyən mülahizələri təkrarlamaqdan yorulmayan bu avantüristlərin siyasi trayektoriyasını təhlil edəndə, izlər birbaşa anti-Azərbaycan dairələrə gedib çıxır. Əlbəttə, çox çəkməyəcək ki, onların hansı dairələrin əlində alət olduqları, kimlərə işlədikləri üzə çıxacaq.
Azərbaycanda bərqərar olan möhkəm ictimai-siyasi sabitliyi pozmağa çalışan bu dairələr əmin-amanlığımızın dayağı olan xalq-iqtidar birliyini sarsıtmağı hədəfə alıblar. Onların apardıqları informasiya təxribatının digər bir hədəfi dövlətimizi parçalamaq, cəmiyyətimizdə qarşıdurma yaratmaqdır.
Zaman-zaman şahid oluruq ki, Azərbaycanın müstəqil siyasət yeritməsi, yalnız milli-maraqlardan çıxış etməsi bəzi qüvvələrin ürəyincə deyil. Ona görə də ölkə rəhbərliyinə müti, onların sözü ilə oturub-duran şəxsin gəlməsini istəyirlər. Ancaq unudurlar ki, müasir müstəqil Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir. Bu əllərin sahibini dünya artıq qətiyyətli, iradəli, cəsarətli, praqmatik dövlət xadimi kimi tanıyır, ona inanır və hörmət edir.
Düşünürəm ki, antiazərbaycan dairələrin və antimilli qrupların yalan və böhtanlarına dövlətimizin son illərdə qazandığı çoxsaylı uğurlardan bir neçəsini sadalamaq ən tutarlı cavab olardı:
• Dünya birliyinin nüfuzlu aktorlarından biri kimi Azərbaycan regionun situasiyasını dəyişən layihələr reallaşdırıb.
• Azərbaycan tarixən çox qısa dövrdə elə bir dövlətə çevrilib ki, dünyanın siyasi arxitekturasında təkcə regional deyil, həm də qlobal çağırış və təhdidlərlə əlaqədar onunla hesablaşırlar.
• Cənubi Qafqazda ən böyük istehsal və intellektual potensiala malik Azərbaycan regionun enerji, nəqliyyat, logistika, humanitar dialoq mərkəzinə çevrilib.
• Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, qlobal iqtisadiyyatda və maliyyə məsələlərində Azərbaycanın rolunun ildən-ilə möhkəmlənməsi artıq etiraf edilən reallıqdır.
• Azərbaycanın xarici siyasət strategiyası yaradıcı əməkdaşlıq yolu ilə milli maraqların təmin olunmasına yönəlib.
• Azərbaycan dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyir və bunun təsdiqi olaraq istənilən qədər misal çəkmək olar.
• Azərbaycan diplomatiyası praktiki fəaliyyətdə beynəlxalq tərəfdaşlarla suveren mövqelərdən çıxış edərək tam hüquq bərabərliyi, qarşılıqlı maraqların və faydanın nəzərə alınması əsasında fəaliyyət göstərir.
• Azərbaycan son 25 il ərzində özünü müstəqil xarici siyasət yürüdən, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən etibarlı beynəlxalq tərəfdaş kimi tanıdıb.
• Azərbaycanda sistemli və ardıcıl islahatlar aparılıb. İndi də uğurla davam etdirilən bu islahatlar nəticəsində ölkəmiz sözün tam mənasında müasirləşir və modernləşir.
Bu və digər uğurlar qarşısında heç bir böhtan və yalan tab gətirə bilməz. Azərbaycan hakimiyyətinin fəaliyyətinə qara yaxanların, onun imicini yalan və böhtanlarla gözdən salmağa çalışanların canfəşanlığı əbəsdir. Azərbaycan Prezidentinin reytinqi əvvəlki seçkilərdə olduğu kimi, bu gün də çox yüksək olaraq qalır. Xalqımız Azərbaycanı dinamik inkişaf yoluna çıxaran, dünyada söz və nüfuz sahibinə çevirən, milli maraqları qətiyyətlə müdafiə edən LİDERİNƏ inanır və güvənir. 11 aprel prezident seçkiləri ərəfəsində beynəlxalq və yerli müşahidə qurumlarının keçirdikləri rəy sorğularının nəticələri bunun əyani təsdiqidir. Amerika Birləşmiş Ştatlarının “AJF&Associates Inc.” təşkilatının və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının, Fransanın “OpinionWay” Sosioloji Tədqiqatlar İnstitutunun və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin keçirdikləri rəy sorğularının nəticələrinə görə, respondentlərin müvafiq olaraq 82,9 və 83,4 faizi İlham Əliyevin namizədliyinə səs verəcəyini bildirib. Bolqarıstanın Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsü (GİSDİ) prezident seçkilərinin müşahidəsi ilə bağlı aralıq hesabatında bəyan edib ki, seçkiqabağı şərait və qanunverici baza ədalətlidir və demokratik seçkilərin keçirilməsini təmin edir. “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin keçirdiyi sorğuda rəyi soruşulanların 84,1 faizi seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildirib. Qoy, qarayaxma, böhtan, şantaj, söyüş yolu tutanlar bir öz əxlaq meyarlarına baxsınlar, bir də bu rəy sorğularının nəticələrinə.
Çox əlamətdar haldır ki, böhtanı, təhqiri, şantajı, zorakılığa çağırışı, söyüşü özləri üçün siyasi mübarizə alətinə çevirən antiazərbaycan dairələrin və antimilli qrupların informasiya müharibəsinə qarşı Azərbaycan mediası vahid mövqedən çıxış etmək platformasını formalaşdırıb. Lakin indiki həssas geosiyasi məqamda təkcə mətbuatın mübarizəsi yetərli deyil. Dövlətimizi, dövlət rəmzlərimizi, ölkə rəhbərliyini, siyasi xadimləri, ziyalıları təhqir edən, ölkədə sabitliyi pozmağa çalışan qüvvələrə hüquqi müstəvidə cavab verilməsi vaxtı yetişib. Bunun üçün həmin antimilli qüvvələrin çıxışlarında kifayət qədər hüquqi əsaslar var. Bu istiqamətdə də ciddi iş aparılmalıdır. Çünki bu üzdəniraq əməllər təkcə dövlətə, onun rəhbərinə, ayrı-ayrı fərdlərə deyil, bütövlükdə xalqa, ölkəmizdəki sabitliyə, milli-mənəvi dəyərlərimizə qarşı edilən hücumlardır. Bir vətəndaş olaraq buna biganə qalmağa sadəcə haqqımız yoxdur.
Qeydlərimi bu qənaətlə yekunlaşdırmaq istəyirəm. Azərbaycanın siyasi meydanında ölkəni demokratik inkişaf yolu ilə irəliyə aparan, bir çox sahələrdə dünyaya nümunə olan dövlət və lider, eyni zamanda, xalqın üz döndərdiyi antimilli qruplar var. Tam əminliklə deyə bilərəm ki, xalq öz dövlətini qoruyub, qoruyur və bundan sonra da qoruyacaqdır.
Aslan ASLANOV
AZƏRTAC-ın İdarə Heyətinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.