Ermənilər Şirvan Elmlər Akademiyasını necə məhv etmişlər?

Yaxud düşmənlərin Şamaxıda “üləma ovu”

Tarixi araşdırmalar ermənilərin xalqımıza qarşı xəyanət və cinayətlərinin çoxşaxəli və davamlı olduğunu dönə-dönə sübut edir. Rusiya imperiyası dövrünə aid mötəbər rəsmi sənədlərdə, məxfi əlyazma və çap materiallarında çarizmin Qafqazı işğal etməsində və burada möhkəmlənməsində miskin erməni siyasətçi, missioner və taçirlərinin satqınlığı, irtica və rəzalət aləti olmasına aid çoxsaylı fakt və sübutlar aşkar edilir. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində müsahibimiz bu yöndə son illərdə ardıcıl və səmərəli tədqiqat aparan araşdırmaçı polipoloq, Beynəlxalq Terrora qarşı Strateji Araşdırmalar Mərkəzinin direktoru Rövşən Vəlizadədir.

– Rövşən müəllim, ermənilərin müxtəlif yollarla Qafqazdakı qədim türk torpaqlarına yayılıb məskunlaşması, rus işğalından sonra isə sistemli şəkildə Quzey Azərbaycan ərazilərinə köçürülməsi barədə bu vaxtadək xeyli tarixi material aşkar olunub çap edilsə də, sizin axtarışlarınız göstərir ki, Avropa və Yaxın Şərq ölkələrinin, xüsüsən Rusiyanın arxiv və kitabxanalarında, məxfi saxlanclarında hələ nə qədər tutarlı sənəd, təkzibolunmaz fakt var. Siz bu nadir mənbələri necə əldə edirsiniz?

– Doğrudan da, yaxın-uzaq ölkələrin tarixi saxlanclarında, “məxfi “ qrifli mənbələrində ermənilərin mənfur əməllərinə görə zaman-zaman nökərçilik etdikləri bir ölkədən digərinə qovularaq, nəhayət, tarixi torpaqlarımızda məskunlaşmasına, burada isə Rusiya bolşevizmin köməyi ilə Ermənistan dövləti qurmasına aid gizli materiallar saxlanır. Xarici qaynaqlarda bu vətənsiz və başabəla toplumun dünya imperializminin dəstəyi ilə türk-müsəlman xalqlarının başına gətirdiyi müsibətlərə, Dağlıq Qarabağda erməni muxtariyyətinin yaradılmasına, münaqişənin köklərinə və  faciələrinə işıq salan materialllar da az deyil.

Bu ölkələrlə elmi-mədəni əlaqələrin lazımi səviyyədə qurulmaması, həmin saxlanclara girişin çətinliyi, eləcə də tədqiqatçılarımızın belə məsələlərdə kifayət qədər hazırlıqlı və maraqlı olmaması bizə son dərəcə gərəkli olan əcnəbi mənbələrdəki bilgilərin əldə olunmasına maneə yaradır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın vətəpərvərlik təşəbbüsü və dəstəyi ilə beynəlxalq aləmdə gerçəkləşdirilən “Xocalıya ədalət! “ hərəkatının yaratdığı imkanlar və ayrı-ayrı ölkələrin strateji mərkəzlərindəki önəmli mütəxəssislərlə şəxsi əlaqələrim nəticəsində bu vaxta qədər bizə məlum olmayan bir sıra maraqlı məsələlərə aydınlıq gətirmək mümkün olub. Belə mənbələrdən biri də rusiyalı tacirlər Astaxovların adı ilə bağlı Sankt-Peterburqdakı Məxfi Arxiv-Kitabxanada saxlanan əlyazma və rəsmi sənədlərdir. Bu materiallar ermənilərin xalqımıza qarşı qəsd və soyqırımı əməllərinin keçmişdən gəldiyini, amansızlığını bir daha təsdiqləyir.

– Mümkündürsə, bu barədə oxucularımıza bir qədər ətraflı məlumat verərdiniz...

– Sankt-Peterburqdakı məşhur “Astaxov qardaşları”nın yaşadıqları binada nəvə İqor Alekseyeviç Astaxov hələ 18 yaşı olanda özünün “məxfi kitabxana”sını yaradıb. Araşdırma materiallarından məlum olur ki, sonralar rus alimi və səyyahı kimi məşhurlaşan İ. A. Astaxov həvəskar tədqiqatçı və kolleksiyaçı olaraq dünyanın nadir elm mərkəzləri, mədrəsələri, akademiyaları, fitri istedad sahibləri... haqqında məlumatlar, ensiklopediyalar toplayıb. Onun “akademiyalarla “ bağlı dəftəri Sankt-Peterburqun Məxfi Arxiv-Kitabxanasında saxlanılır. Bu nadir saxlancın ilk məxfi sənədi nəvə Astaxova tacir babasından qalan və üstündə 17 imza olan, Şamaxının ticarət meydanından alınan qədim dəftər olub.

Uzunluğu 20, eni 10 santimetr olan bu qədim əlyazmada çoxlu qeyd olmaqla yanaşı, xırda şəkillər də çəkilib. 121 səhifəlik bu dəftər Rusiya çarı I Aleksandrın 1868-ci il mart ayının 30-da imzaladığı sərəncamla açılır. Bu sənəddə yazılmışdı ki, Rusiya İmperiyası Məxfi İdarəsinin rəisi Nikolay Aleksandroviç Şeqlovun Azərbaycanda fəaliyyət göstərən erməni əsilli “Rusiya dostları” ilə körpüləri bərpa etməsi zəruri sayılır.

 Məxfi idarənin rəisi Şeqlov isə yazılı surətdə öz sələflərinə xəbərdarlıq etmişdi ki, bu sərəncamın əsas mahiyyəti 150 ildən sonra açılacaq və Şirvan (Azərbaycan – R.N.) elminə, ziyalısına qarşı yeni proqram irəli sürüləcək.

– İmperator səviyyəsində rəvac verilən həmin strateji hədəf nə imiş? Məxfi çar sərəncamının mahiyyəti nədən ibarət idi?

– “Astaxov dəftəri” və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, bu strateji addımın məqsədi Rusiyanın Azərbaycanda möhkəmlənməsi yolunda önəmli görünən bir məsələ – ermənilərin Qafqazda geniş məskunlaşmaları və çoxalmaları imiş. I Aleksandrın möhür basdığı həmin sərəncam, nəyin bahasına olursa-olsun, Şamaxıda orta əsrlərin möhtəşəm elm mərkəzi olmuş Şirvan Elmlər Akademiyasının qalıqlarını məhv etmək imiş. Bu da səbəbsiz deyilmiş. Bu elmi-strateji mərkəzi yox etmədən müsəlman Qafqazının fəthini başa çatdırmaq müşkül görünürmüş.

 – Ruslar üçün bu qədər təhlükə törədən o akademiyanın son aqibətindən bu vaxtadək niyə xəbərsizik? Ümümiyyətlə, akademiya barədə nələri öyrənmisiniz?

 – Əslində, Şirvan Akademiyasının mövcudluğu barədə tamamilə xəbərsiz deyildik. Əfzələddin Xaqani, Nizami Gəncəvi zamanında yaradılmış Şirvan Akademiyası barədə tariximizdə az da olsa məlumat qalıb. Orta əsrlərin bu möhtəşəm və 8 əsr fəaliyyət göstərmiş elm mərkəzinin qalıqlarını rus siyasəti tarixdən gizli yolla sildiyinə görə onun aqibəti bu vaxtadək bizə məlum deyildi.

Yeri gəlmişkən, “Astaxov dəftəri”ndə Şirvan Akademiyasının qurulması tarixi ilə bağlı məlumat da var. 1094-cü ildə Şamaxıda Şirvan Elmlər Akademiyası qurulur. Onun yaradıcısı filosof Kafiəddin Şirvani olub. İlk vaxtlar Akademiyasının 11 nəfər üzvü var imiş. Kafiyəddin Şirvani az müddətdə akademiyada 19 şöbə yaratmışdır. Orta Asiyanın, Şərq ölkələrinin ayrı-ayrı regionlarından, eləcə də bəzi Avropa ölkələrindən təhsil almaq, dünyanı dərk etmək üçün bura gəlirmişlər. Materiallardan məlum olur ki, akademiyanın fəaliyyəti lap əvvəldən rusları sevindirməmişdir.

Rus alimi A.D.Medlınnıy “Üçbucaq” adlı əsərində yazır: “Öyrəndim ki, akademiya yaradılarkən buranı ruslar ciddi nəzarətə götürüblərmiş. Bundan başqa, Şirvanda yaradılan Elmlər Akademiyası ilə bağlı Vatikan da ciddi araşdırmlar aparıb, ora öz emissarlarını göndərib. Çünki Vatikan müsəlmanların belə dirçəlişini, oyanmasını heç cür qəbul etmirdi. Həmin emissarları ermənilər qarşılayıb, yola salırdılar”.

Mənbələrə görə, Şirvan Elmlər Akademiyasının qurucusu Kafiəddin Şirvani böyük Azərbaycan şairi Əfzələddin Xaqaninin əmisi olub və şairin tərbiyəsində, elm-bilik qazanmasında xüsusi rolu olub. Xaqani Şirvani deyirdi: “O, mənim əmim idi. Lakin mən onu Şirvan elinin dahisi kimi qəbul etmişəm”.   

 “Dövrünün Aristoteli” kimi ad qazanmış Kafiəddin Şirvani Vatikana da dəvət almışdır. Əldə olunmuş bəzi materiallara görə, “Dörd yol ayrıcı”nda salınmış Şirvan Elmlər Akademiyasının Vatikan Akademiyasına oxşarlığı var imiş. Başqa bir məlumatda isə bildirilir ki, Şirvan Elmlər Akademiyasının “Peyğəmbər kitabxanası” dörd dəfə bilərəkdən yandırılmışdır. Nəticədə, Kafiyəddinin arvadı Zeynəb Gül və əkiz oğlanlarından biri Məhəmməd yanaraq həlak olmuşlar. Kafiəddin Şirvani kitabxanasını söndürərkən, özü də kitabları ilə birgə yanır. Bir müddət dili tutulur və gözlərindən olur. “Astaxov dəftəri”nə istinad etsək, Kafiəddin Şirvaninin faktiki olaraq 1132-ci ildə kitablarını, əl yazmalarını itirdiyi üçün ürəyi ağrılara tab gətirmir. Onun ölüm xəbəri dünyanın əksər ölkələrində təəssüflə qarşılanır. 

Ümumiyyətlə, Şirvan Elmlər Akademiyası ilə bağlı materialların hərəsi bir ölkədədir, bəzilərinə əl yetir, bəzilərinə isə yox. Filosof Kafiəddin Şirvaninin kitabları, əlyazmaları, akademiyaya məxsus materiallar məhv edilmiş, bizə gəlib çatmamışdır. Mükəmməl tədqiqat bazası və materiallar olmadığından çox mətləblər qaranlıq qalır.

 – Necə olub ki, belə əhəmiyyətli, Rusiyanı, hətta Vatikanı ciddi narahat edən çoxəsrlik bir elm mərkəzi izsiz-soraqsız yox olub?

 – Elə məsələ də burasındadır. Bu boşluğu doldurmaqda “Astaxov dəftəri “ xeyli material verir. Hələ ruslar Qafqaza gəlməmişdən də akademiyanın fəaliyyətinə maneələr törətmiş ermənilər qeyd edilən çar fərmanından sonra onun varlığına qənim kəsilmişlər. Şamaxıdakı erməni başbilənlər, xüsusən Rusiya ilə Şərq arasındakı ərazidə zəhər ticarətinin başında duran ermənilər sui-qəsdlər yolu ilə Şirvan Akademiyasının əsas və aparıcı simalarını qısa müddətdə aradan götürmüş, onun izlərini yer üzündən silmişlər.

Biz rus məxfi sənədləri əsasında, Şirvan Elmlər Akademiyasına, onun şura üzvlərinə, alim və filosoflarına qarşı erməni amilinin məhvedici rolunu araşdırmağa cəhd etmişik. Məlumata görə, qədim Azərbaycanla bağlı Sankt-Peterburqda və Ermənistanda saxlanılan materiallar toplusunda da Şirvan Elmlər Akademiyası barədə sənədlər, yazışmalar var.

Rus memarı G.İ.İqnatevin  “Astaxov dəftəri”nə əlavə olunmuş qeydlərində göstərilir ki, Bakının, Gəncənin, Lənkəranın, Xankəndinin və Şuşanın tarixi tikililərinin üstündə Şirvan Elmlər Akademiyası ilə bağlı yazılar həkk olunmuşdur. Məsələn, Bakı Qala divarlarında (əsasən, Sabir bağı ətrafında) qeyd olunubmuş: “Şirvanda akademiya quruldu... Elmə, mərifətə qayıt. Allah belə istəyir”. Rus işğalından sonra Qala divarları dəfələrlə sökülüb-tikildiyindən, yazılı daşların bəziləri aparıldığından, bu işi erməni Boqomol Ayrapetoviç Anastasyanın inşaat qrupu yerinə yetirdiyindən həmin yazılar it-bata düşüb.

Q.N.Astaxov dəftərində yazır ki, araşdırma vaxtı mənim əlimə Şirvan Elmlər Akademiyasının kitabxanasından erməni alimi Birac Atçıyanın oğurlayaraq apardığı kitabların siyahısı keçdi. Ermənilər kitabxanadan dəyəri ölçüyəgəlməz “Fəlsəfəni öyrənməkdən qabaq nəyin müqəddimə verilməsi haqqında”, “Əql sözünün mənasına dair”, “Platon və Aristotel”, “Metafizika”, “Ədalət kitabı”, “Qanun”, “Şəfa” “Xəstəliklərə qarşı”, “Ürək xəstəlikləri”, “Şirvanın tarixinə dair yüz bir əlyazısı”, “On ikinci İmamın zühur etməsi”, “Əli”, “Fatimə”, “Hüseyn”, “Həsən”, “Abbas”, “Məhəmməd”, “Bizim mənşəyimizdəki bənzərsizlik”, “Hər salamda yüz min himət var” kimi əsərləri aparmışlar.

Vatikan emissarları isə Şirvan Elmlər Akademiyasından Məhəmməd peyğəmbərin ərəb tacirindən alınmış qiymətli əbasını, dəridən xüsusi düzəldilmiş çarıqlarının qalıqlarını, min iki yüz səhifəlik əlyazısını, Azərbaycanın qədim xəritələrini, coğrafiya dərsliklərini ələ keçirmişlər.

Akademiyanın başçılarından olan Vəhidəddin Şirvanini vaxtilə erməni alimi “Anuşun oğlu” ləqəbini qazanmış David Baqdasaryan ilan zəhərilə zəhərləyərək öldürmüşdür. Erməni T.Faruqyanın məktublarını, onun Şirvan Elmlər Akademiyasındakı fəaliyyətini araşdıran, təhlil edən tədqiqatçı alim, M.N.Sarateli yazır ki, bu adamı bağışlamaq, onu yaddan çıxarmaq Azərbaycan millətinə başucalığı gətirməz. O, düşməndir. Onlar Pir Hüseyn Şirvani adlı bir akademiki də zəhərləyib öldürmüşdülər. Alim “Şirvan elmi” adlı 180 səhifəlik əsərində (1955-ci il) göstərir ki, Şirvan Elmlər Akademiyası hələ tam və genişliklə tədqiq olunmayıb, araşdırılmayıb. Bu akademiyanı ermənilər təpədən dırnağadək zəhərləyib, sıradan çıxartdılar. Vatikan emissarları isə çox dəyərli tədqiqat materiallarını oğurlayaraq apardılar.

 – Bu deyilənlərin ciddiliyinə inanmaq olarmı?

 – Özünüz düşünün, Şamaxıda olmuş rus tacirinin aldığı əlyazmanın əvvəlinə çar fərmanı yapışdırılıb. Üstəlik, bu sənədlər məxfi kitabxanada saxlanılır. Bunu qeyri-ciddi mənbə saymaq olarmı? Min illik bir dövrü əhatə edən Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxıdakı elm mərkəzinin Azərbaycanın ruslaşdırılması kimi strateji hədəfin qarşısında ciddi təhlükə sayılması bu şəhərin və onun elm mərkəzinin hələ də İslam Şərqinin önəmli elm və mədəniyyət mərkəzlərindən biri olması mövqeyini qoruyub saxlaması ilə bağlı idi. Şirvan Akademiyasının yaşayan ənənələri, bu diyarda Şərqin islami məfkurə mərkəzlərinə yönəlik elm və təhsilə işğaldan sonra da yüksək önəm verilməsi Rusiyanın bu diyarda apardığı siyasətə böyük maneə kimi dəyərləndirilirdi.

Bütün bunlara görə, imperator I Aleksandrın Rusiyanın Baş Məxfi İdarəsinə yazılı məcburi tapşırığında generel Şeqlova Şamaxı dairəsindəki XI əsrdən fəaliyyətdə olmuş Şirvan Elmlər Mərkəzinin (Akademiyası – R.N.) indiki vəziyyəti, nə iş görməsi barədə hesabat hazırlamaq tövsiyyə olunmuşdu. Sənəddə məxsusi göstərilmişdi: “Bu işdə Məxfi İdarənin S.M.Malokonyan qrupundan istifadə edin. Ermənilər Böyük Rusiya üçün həmişə sədaqətli olublar. (İcra edin).

Əlahəzrət I Aleksandrın dəftərxanası.

22 avqust 1809-cu il”.

Astaxovun məxfi kitabxanasında saxlanılan bu dəftərdən məlum olur ki, XI əsrdə Şamaxıda yaradılmış və əsrlər boyu fəaliyyət göstərmiş, nəhayət, ermənilərin və rusların dağıtdığı Şirvan Elmlər Akademiyası ilə bağlı bundan qabaq çar I Pavelin də xüsusi sərəncamları olubmuş. I Aleksandrın sərəncamından sonra isə ermənilər Şamaxıda, eləcə də Şirvanın ayrı-ayrı bölgələrində ərazinin elm adamlarına, Şirvan Akademiyasının son davamçılarına qarşı amansız bir hücuma keçmişdilər. Ordudan tərxis olunmuş ermənilər Şamaxıya göndərilirdi. Əsasən, zəhər alış-verişi ilə məşğul olan ermənilər Rusiyanın məxfi idarələrindən aldıqları sui-qəsd tapşırıqlarını məharətlə icra edirdilər.

 – Ermənilər o zaman hansı alimləri öldürürmüş, akademiyanın irsini necə talan etmişdilər?

 – Astaxovun məxfi kitabxanasına məxsus dəftərdə yazılıb ki, Azərbaycan coğrafiyaşünası Zeynalabdin Şirvanini “Kupes” ləqəbli İohan Narınyan adlı erməni zəhər alverçisi zəhərləyərək qətlə yetirib və əvəzində Rusiya hökmdarından mükafat alıb (Astaxov İ.A. “Akademiyalar dəftəri “ III hissə. s. 15). Erməni İohan Narınyanın Şamaxıda xarici səyahətçilərə zəhər satan bir dükanı var imiş. Bu obyekt məhz yerli xəfiyyənin nəzarətində imiş. Şamaxıya Novqoroddan alış-verişə gəlmiş rus taciri Konstantin Sidorovun Astaxovun hifz etdiyi dəftərə əlavə olunmuş yazılı qeydlərində də bildirilir ki, Şirvani onun gözləri qarşısında zəhərləndi... və az keçmədi qan qusaraq canını tapşırdı.

Şamaxıda rus məxfi idarəsi üçün kəşfiyyat məlumatları toplayan Qara Pyotr (Pyotr Samoylov) hökmdar dəftərxanasına 1860-cı ildə yazdığı teleqramda göstərmişdi: “Ermənilər səxavətlərinə görə fərqlənirlər. Bu gün qoca Şirvani “Kupes” tərəfindən zəhərləndi. Qərarımız var ki, iki gündən sonra onun qardaşı Məhəmmədəli Şirvanini də eyni yolla aradan götürək. O da məşhur filosof və tarixçidir, qardaşı kimi məşhur adamdır. O, rusları və erməniləri sevmir”.

Doğrudan da, iki gündən sonra Məhəmmədəli Şirvani də zəhərlənərək öldürülmüşdür. Məxfi idarənin zabiti Qara Pyotr əlavə olaraq yazmışdı: “Məhəmmədəli Şirvani də sıradan çıxdı. Kupes İohan onun yeməyinə gürzə zəhəri tökdü”. (Astaxov İ.A.. “Əlavə qeydlər” 1893).

 “Astaxov dəftəri”ndə maraqlı məlumatlardan biri də budur ki, ermənilər Azərbaycandan ələ keçirdikləri ən nadir sənət əsərlərinin, yazılı mənbələrin bir qismini ruslardan gizlin özlərinin “Matenadaran” adlanan əlyazmalar arxivinə göndərirmişlər. Məsələn, Şamaxıda məşhur tarixçi-filosof və tədqiqatçı olmuş Əbdül Rəzzaq bəy 16 il Şirazda erməni girovluğunda qalıb vətəninə qayıtdıqdan sonra ermənilər yenə alimdən əl çəkməmiş, onu yas məclisində zəhərləyərək öldürmüşlər. Bundan sonra qatillər filosofun evinə basqın etmiş, Əbdül Rəzzaqın ən məşhur “Həqiqətlər həqiqəti”əsərini ələ keçirərək “Matenadaran”a ötürmüşlər.

Başqa bir məlumatda isə bildirilir ki, 1823-cü ildə I Aleksandr “Kupes” – N.Narınyanı Moskva çayının sahilindəki rus kilsəsində gizli qəbul etmiş və ona üstündə brilyant qaş olan “Qızıl xaç” ordenini təqdim etmişdir (P.A.Samoylov. “126 gün Şirvanda... “ Sankt-Peterburq. 1898). Həmin mənbənin məlumatına görə, Rusiya çarı I Nikolayın hakimiyyəti dövründə (1825 – 1855) ermənilər Şamaxıda Şirvani təxəllüslü 48 alim və tanınmış sənət adamını zəhərləyərək qətlə yetirmişlər.

 – Deməli, düşmənlər Azərbaycan xalqının düşünən beyinlərinə qarşı amansız terror aktlarını nə qədər gizlətməyə cəhd etsələr də, gec-tez bu sirlərin üstü açılır...

 – “Astaxov dəftəri”ndə Şirvan Elmlər Akademiyasının “Dil və ədəbiyyat, sənətə tənqidi yanaşma” şöbəsinin əməkdaşı, filosof Pirhüseyn Şirvaninin, “Tibb elmləri şöbə”sinin əməkdaşı təbib Mahmud Şirvaninin, “Astronomiya şöbəsi”nin tədqiqatçısı, böyük alim Əbdülkərim Şirvaninin, “Pedaqoji şöbə”nin rəhbəri Təhaəddin ibn Əhmədin, “Ordu və dövlət quruculuğu” şöbəsinin başçısı Əmir Əsədəddin Şirvaninin müxtəlif mərhələlərdə zəhərlənərək ölmələri ilə bağlı məlumatlar da var.

Şirvan Elmlər Akademiyasının ən ciddi və fəal üzvü təbib Mahmud Şirvani olub. Ona “Şərəf-əş Şirvan” deyirdilər. Mahmud Şirvanini 66 yaşında erməni köməkçisi Mirzəbek Adilyan zəhərləyərək öldürür. Bu erməni onun 28 cilddən ibarət əlyazısını götürərək, tibb şöbəsinə od vurur və qaçır. “Astaxov dəftəri”ndə oxuyuruq: “Şirvan Elmlər Akademiaysının tibb şöbəsi başdan-başa yanıb kül oldu. Ondan bir az keçmiş Mirzəbek Adilyanın Rusiyada, İranda və Türkiyədə tibbə dair kitabları nəşr olundu. Bütün bu kitablar Mahmud Şirvaninin dəst-xətti idi “.

Rusiyalı konfet kağızı fabrikantı, Azərbaycan aşıq musiqisinin vurğunu olmuş Aleksandr Aleksandroviç Şarinski Astaxovun məxfi kitabxanasındakı qeydlərində yazmışdır ki, bu necə millətdir ki, öz daş-qaşını, zinət əşyalarını (alimləri, filosofları, tarixçiləri – R.N.) qoruya bilmir. Şarinskinin bir qeydini isə həyəcansız oxumaq olmur: “Dünyada bildiyimə görə, ilk Elmlər Akademiyası deyilən elm və ədəb mərkəzini – Şirvan Elmlər Akademiyasını məhz Şamaxıda, dördyol ayrıcındakı binada (?) bu millət yaratdı... Amma sona qədər qoruyub, saxlaya bilmədilər. Bir tərəfdən ermənilər, bir tərəfdən ruslar... bu akademiyanın sayıb-seçilən adamlarını zəhərləyərək, məhv etdilər” (A.A.Şarinski. “Şamaxı təəssüratı”).

Göründüyü kimi, Şirvan Elmlər Akademiyası Azərbaycanın çoxəsrlik zəngin elm və bilik xəzinəsi olub. Amma bu xəzinəni düşmənlərdən qoruya bilməmişik. Erməni xəyanətinin namərdcəsinə yox etdiyi bu elm mərkəzinin irsinin qalıqlarını toplamaq, onun tarixini mümkün qədər dərindən öyrənməliyik. Bununla ermənilərin xalqımıza qarşı tarixi soyqırımı cinayətlərinin mənzərəsi də xeyli dolğunlaşmış olar.

 – Şübhəsiz, söylədikləriniz oxucular üçün yeni olmaqdan əlavə, tədqiqatçılar üçün də çox önəmlidir. Maraqlı müsahibəyə görə sağ olun.

Müsahibəni hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti “


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında