Ulu öndər Heydər Əliyevin dövründə olduğu kimi, bu gün də pambıqçılıq geniş vüsət alıb. İndi bu sahəyə ciddi diqqət yetirilməsi üçün hər hansı bir təbliğata ehtiyac qalmayıb. Bu da insanların güzəranının, yaşayış səviyyəsinin və işgüzarlığının artması ilə bağlıdır. deməkdir. Bir sözlə, pambıqçılığın inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Sözsüz ki, belə şərait sahənin daha geniş inkişafına güclü təkan verəcək, məhsuldarlıq isə daha yüksək olacaq. Mütəxəssislərin fikrincə, pambıqçılığın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələrin icrası yaxın illərdə ölkəmizdə pambıq emalını 400 min tona çatdırmağa imkan verəcək.
Bərdədə keçirilən pambıqçılığın inkişafına dair müşavirədə bildirildi ki, pambıqçılıq aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biridir. Buna görə onun inkişafı ilə bağlı reallaşdırılan məqsədyönlü siyasətin nəticəsi olaraq respublika üzrə pambıq əkini sahələri 18 min 800 hektardan 140 min hektara yüksəlib. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatıb. Bununla bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Vəkil Hüseynov öz fikirlərini oxucularımızla bölüşdü:
– Pambıq əkininə verilən subsidiyalar, gübrə və pestisidlərin istifadəsinə tətbiq olunan güzəştlər, “Aqrolizinq” ASC tərəfindən texnikaların güzəştli şərtlərlə satılması, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli şərtlərlə ayırdığı kreditlər bu sahənin inkişafına müsbət təsir göstərib. Cari mövsümdə pambığın alış qiymətinin hər kiloqram üçün 0,10 AZN artırılaraq 0,60 AZN-ə çatdırılması, gübrələrə verilən güzəştlərin hər hektara 50 faiz, pestisidlərə verilən güzəştlərin isə 5 dəfə artırılması pambıqçıları sevindirib, bu sahəni daha gəlirli və fermerlər üçün cəlbedici edib.
Ümumiyyətlə, əmək tutumlu sahə olan pambıqçılığın inkişafı ilə bağlı ölkədə on minlərlə yeni iş yeri açılıb. Son illərdə bu sahə ilə məşğul olan insanların sayı 200 minə yaxındır. Bu, əlbəttə ki, bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində uğurlu bir göstəricidir.
Pambıqçılıq həm də çox gəlirlidir. Onun satışı üçün bazarlar axtarmağa da ehtiyac yoxdur. Çünki məhsul birjalarda satılır. Pambıqçılıq emal sənayesinə böyük təkan verir. Hazırda ölkədə pambıqtəmizləmə zavodları bütün gücü ilə işləyir.
Müşavirədə görülən işlərlə yanaşı, qarşıda duran vəzifələrdən də söz açıldı, mühüm tapşırıqlar verildi. Qeyd edildi ki, növbəti illərdə əsas vəzifə məhsuldarlığı artırmaqdır. Keçən ilin təcrübəsi göstərir ki, bu sahədə böyük irəliləyiş var. İndi əsas vəzifə bu müsbət dinamikanı saxlamaq, bunu artırmaq və pambıqçılığın gələcək inkişafı ilə bağlı əlavə addımlar atmaqdır.
Toplantıda ötən mövsüm böyük həcmdə məhsul götürülməsinə baxmayaraq, bəzi rayonlarda məhsuldarlığın lazımi səviyyədə olmadığı bildirildi və bunun səbəbləri təhlil edildi, eyni zamanda, cari il 22 rayonda pambıq əkiləcəyi və məhsuldarlığın daha da yüksək olacağı diqqətə çatdırıldı.
Müşavirədə, həmçinin vurğulandı ki, bu sahənin inkişafı müasir texnikanın geniş şəkildə istifadəsindən çox aslıdır. Son iki il ərzində ölkədə kənd təsərrüfatı texnikasına 300 milyon manatdan çox vəsait ayrılması da bunun bariz ifadəsidir.
Xatırladım ki, əvvəlki dövrdə təkcə 370 pambıqyığan kombayn alınıb və bu il əlavə 100 pambıqyığan kombayn, ümumiyyətlə, pambıqçılıq üçün 3 mindən çox texnika alınacaq. Texnikanın alınması üçün cari il dövlət büdcəsində 160 milyon manat vəsait nəzərdə tutulub. Bunun 118 milyon manatı pambıqçılıq texnikasına xərclənəcək.
Toplantıda məhsul yığımının vaxtında aparılması qarşıya mühüm vəzifə kimi qoyuldu. Qeyd edildi ki, ölkədə pambıqçılıq ancaq intensiv üsullarla inkişaf etdirilməlidir. Bu səbəbdən də torpaq fonduna çox ciddi yanaşılmalıdır. Tarla düşərgələri yaradılmalı, içməli su ilə, nəqliyyatla təminat lazımi səviyyədə olmalıdır. Həm tədarükçü şirkətlər, həm yerli icra orqanları bu sahəyə xüsusi diqqət göstərməlidirlər.
Keçən il olduğu kimi, bu il də bütün aidiyyəti qurumlar, mərkəzi, yerli icra orqanları, tədarükçü şirkətlər, fermerlər, zəhmətkeşlər birlikdə fəaliyyət göstərməlidirlər. Mövsüm ərzində mövcud olan, yəni, qarşıya çıxacaq problemlər dərhal öz həllini tapmalıdır və Azərbaycan bu mövsümü maksimum səmərə ilə başa vurmalıdır.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.