Azərbaycan – İran dostluq münasibətlərinin dərin tarixi və mədəni kökləri var

Azərbaycan– İran münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir. Bunun əsas səbəbi hər iki dövlətin möhkəm tarixi və mədəni köklərə malik olmasıdır. Deyərdim ki, bu iki ölkə arasındakı dostluq, qonşuluq münasibətləri dünyaya nümunədir. Qərbin İrana qarşı sanksiyalar tətbiq etdiyi çətin vaxtlarda belə Azərbaycan heç nədən çəkinmədən  özünün obyektiv və mehriban qonşuluq münasibətini nümayiş etdirdi.  Dünyadakı geosiyasi vəziyyətin  gərginləşməsindən asılı olmayaraq, Azərbaycan müstəqil mövqeyini qorudu. Bu münasibət bir daha təsdiqlədi ki, ölkəmiz qonşularla əməkdaşlıqda verdiyi vədlərə sadiqdir.

Hər dəfə Azərbaycan və İran İslam Respublikasının prezidentləri qarşılıqlı səfərlər edəndə iki ölkə üçün çox əhəmiyyətli məsələlər müzakirə edilir, əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün müvafiq sənədlər imzalanır və konkret məqamlar üzrə ortaq mövqe formalaşdırılır. Son dörd ildə keçirilən görüşlərdə də bunun şahidi oluruq.  Həsən Ruhaninin ölkəmizə sonuncu səfəri zamanı dövlət başçımızın əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirməsi yuxarıdakı fikirlərin əsassız olmadığını göstərir. Mətbuata verilən bəyanatlarda da vurğulanır ki, iki ölkə arasında çox yaxşı siyasi əlaqələr var. Mütəmadi təmaslar, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda  göstərilən qarşılıqlı dəstək siyasi əlaqələrin yüksək səviyyədə olmasını əyani şəkildə sübut edir. İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında saziş tarixi əhəmiyyət daşımaqla bərabər, iki qonşu ölkə arasında sıx əməkdaşlığın getdikcə möhkəmləndirilməsindən xəbər verir.

Yeri gəlmişkən, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişin imzalanması, müvafiq tikinti işlərinə başlanılması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu aradan qaldıracaq.

Təbii  ki, Azərbaycan dövlətinin tarixi ənənələri nəzərə almaqla yeritdiyi  qonşuluq siyasəti olmasaydı,  bu gün iki ölkə arasında belə ümidverici, ürəkaçan vəziyyət yaranmazdı. Dəfələrlə şahidi olmuşuq ki, rəsmi Tehran beynəlxalq təşkilatlarda daim Azərbaycanın mövqeyini dəstəkləyib. Eyni zamanda, Bakı da həmişə İranın maraqlarına diqqətlə yanaşır. BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təşkilatlarda da Azərbaycan və İran  həmişə bir-birinin yanında olub, bir-birini dəstəkləyib.

Bu kontekstdə, əlbəttə, ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini qeyd etmək istərdik. İran Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir. Ölkə rəhbərliyi səviyyəsində bildirilib ki, İran  Qarabağdakı  bugünkü vəziyyəti bəyənmir.  İran
Prezidenti bu məsələyə münasibət bildirərkən dedi: “Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir”.

Prezident Həsən Ruhani bundan əvvəlki çıxışlarında da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirmişdi: “Biz istəyirik ki, bu bölgədə ədalət olsun. Biz istəyirik ki, bu bölgədə sülh, sabitlik, dostluq olsun. Biz bütün ölkələr arasında dostluğun, təhlükəsizliyin, sabitliyin, ədalətin bərqərar olması üçün əlimizdən gələni etməyə, öz tərəfimizdən lazımi addımı atmağa hazırıq. Biz bunu beynəlxalq təşkilatlar çərçivəsində, hər yerdə öz vəzifəmiz hesab edirik və buna hazırıq”.

Havva MƏMMƏDOVA,
 tarix elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında