“Müasir, müstəqil Azərbaycanı olimpin zirvəsində görmək böyük arzumuzdur”

“Dünya karatesinin brilyantı”, 5 dəfə dünya, 13 dəfə Avropa çempionu Rafael Ağayevin prezident seçkiləri ilə bağlı fikirləri

Hər bir dövlətin mütərəqqi inkişafının əsasını təşkil edən demokratik seçkilərin keçirilməsinə bütün dünyada böyük önəm verilir. Təsadüfi deyil ki, azad, ədalətli seçkilər hüquqi dövlət quruculuğunun əsas elementlərindən hesab edilir.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik cəmiyyət quruculuğuna başlamış Azərbaycanda demokratik seçkilərin təşkili ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Demokratik seçkilərin keçirilməsini yüksək qiymətləndirən ümummilli lider onun uzunmüddətli və davamlı inkişafın əldə edilməsində böyük rol oynadığını bildirmiş və hər bir seçki prosesinin insanları, vətəndaşları demokratiya prinsiplərinə daha da yaxınlaşdırmalı olduğunu vurğulamışdır. Seçki sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm işlərin görülməsi, mükəmməl hüquqi bazanın yaradılması, xarici təşkilatlarla qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi ölkəmizdə bu sahədə ötən illər ərzində xeyli müsbət təcrübənin qazanılmasına imkan yaratmışdır. İctimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm uğurlar əldə edən ölkəmiz seçkilər sahəsində də böyük nailiyyətlər qazanmışdır.

Müstəqil Azərbaycan Respublikasının qarşısında duran önəmli vəzifə səsvermənin azad və ədalətli keçirilməsi və əhalinin bu seçkilərdə iştirakının tam təmin edilməsidir. Bu siyasi kampaniyanın tam demokratik və şəffaf keçirilməsi üçün lazımi şəraitin yaradılması, onun müasir, beynəlxalq standartlara uyğun təşkilinə geniş imkan açır.

Aprelin 11-də ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Demokratik dəyərlərə sadiqliyi ilə hər zaman nümunə olmuş xalqımızın bu mühüm kampaniyada da mütəşəkkillik və siyasi iradə nümayiş etdirəcəyi şəksizdir. Qeyd edim ki, seçkilərdə idman ictimaiyyətinin nümayəndələri, xüsusən, fəallıq göstərirlər. Bu başqa cür ola da bilməz. Cəmiyyətimizdə idman və idmançılar həmişə diqqət mərkəzində olmuş, onların qazandıqları nailiyyətlərə yüksək qiymət verilmişdir. İdmançıların dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunması daha yüksək uğurların əldə edilməsinə geniş imkanlar yaratmışdır. İdmançılarımız da öz növbəsində bu diqqət və qayğıya cavab olaraq daha uca zirvəni hədəf seçmişlər. Dünyada qüdrətli ölkələrdən biri kimi tanınan Azərbaycanın, həm də güclü idman dövləti imici qazanması təsadüfi deyil. Son Olimpiya Oyunlarında atletlərimizin möhtəşəm qələbəsi – 18 medalla 206 ölkə arasında medalların sayına görə 15-ci pilləni tutması idman tariximizin ən şanlı səhifələrindən birinə çevrildi.

Növbəti Olimpiya Oyunlarında karate idman növü ilk dəfə təmsil olunacaq. Azərbaycan karate komandasının bu yarışlarda yüksək nəticələr əldə etməsi üçün böyük şansı var. Dünya, Avropa çempionatları və digər mötəbər yarışlarda əldə edilmiş zəngin təcrübə, qazanılmış parlaq nailiyyətlər bunu deməyə əsas verir. Güclü idman dövlətlərindən biri olan Azərbaycanın şöhrətini daha yüksək zirvələrə yüksəltmək üçün karateçilərimiz də onlara verilən bu tarixi şansdan yetərincə bəhrələnəcəklər.

Aprelin 11-də keçiriləcək prezident seçkilərində mütəşəkkilliklə iştirak edib, gələcək inkişafımıza, daha parlaq sabahımıza səs verəcəyik!

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında