Professor Kərim Kərimov: Azərbaycan demokratik ənənələrə sadiqliyini bir daha nümayiş etdirəcək

“Azərbaycanda keçirilən seçkilər həmişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Bu da təsdüfi deyil. SSRİ-nin süqutundan sonra dövlət müstəqilliyini bərpa etmiş respublikamız ilk gündən demokratiya yolunu seçdi. Söz yox ki, müstəqilliyimizin ilk illərində ölkədə yaranmış özbaşınalıq, anarxiya, dövlət idarəçiliyndəki naşılıq daxili vəziyyəti getdikcə gərginləşdirir, ölkəni uçuruma aparırdı. Lakin 1993-cü ilin ikinci yarısından başlayaraq, həyat tədricən öz axarına düşdü”. Bu fikirləri bizimlə söhbət zamanı AMEA-nın müxbir üzvü, Əməkdar elm və texnika xadimi, professor Kərim Kərimov dedi.

K.Kərimov daha sonra bildirdi ki, ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyindən sonra müstəqilliyimizin möhkəmləndirilməsi və əbədiləşdirilməsi, demokratik ənənələrin inkişafı, azad və ədalətli seçki keçirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, müstəqil mətbuatın inkişafı, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, əlaqələrin genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı: “1995-ci ildə qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyası Azərbaycanda demokratik standartlara cavab verən seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirdi. Həmin vaxtdan başlayaraq, ölkəmizdə keçirilən seçkilərdə şəffaflığın təmin olunması üçün bütün imkanlardan istifadə olunub və bu gün respublikamız azad və ədalətli, obyektiv, demokratik seçki keçirilməsində artıq nümunə göstərir”.

MDB dövlətləri ilə müqayisədə Azərbaycanda keçirilən seçkilərdə şəffaflığın təmin olunması istiqamətində zəngin hüquqi bazanın yaradılmasının, Seçki Məcəlləsinin daha da təkmilləşdirilməsinin beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan K.Kərimov bildirdi ki, məhz bu baxımdan Azərbaycanda keçirilən seçkilər daim mötəbər beynəlxalq təşkilatların diqqət mərkəzində olur: “Aprelin 11-də keçiriləcək prezident seçkilərinin də şəffaf keçəcəyinə heç bir şübhə ola bilməz. Ölkə rəhbərinin siyasi iradə nümayiş etdirməsi, şəffaflığın təmin olunması istiqamətində bütün imkanlardan istifadə edilməsi, beynəlxalq müşahidəçilərə, hüquq müdafiəçilərinə, tanınmış ekspertlərə seçkini izləmək üçün əlverişli şərait yaradılması da bunu təsdiqləyir. Son məlumata görə hazırda 312 beynəlxalq müşahidəçi prezident seçkilərini izləmək üçün qeydiyyatdan keçib. Bu göstərici ölkəmizdə keçirilən prezident seçkilərinə beynəlxalq ictimaiyyətin necə böyük maraq göstərməsindən xəbər verir”.

K.Kərimov qeyd etdi ki, seçkilərdə şəffaflığın təmin olunmasında “exit-poll”arın da rolu qeyd olunmalıdır: “Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, aprelin 11-nə təyin edilmiş prezident seçkilərində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (“AJF&Associates İnc.” təşkilatı ABŞ ilə birgə), “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi (“Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə), “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və “Rəy” Monitorinq Mərkəzi tərəfindən “exit-poll” keçirilməsi niyyəti ilə müraciətlərə baxılıb. Həmin təşkilatların qarşıdan gələn prezident seçkilərində “exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul edilməsi ölkəmizin azad və ədalətli, şəffaf seçki keçirilməsində siyasi iradə nümayiş etdirməsinin, seçkilərdə daha çox beynəlxalq müşahidəçinin iştirakında maraqlı olmasının bariz nümunəsidir”.

Professorun qənaətinə görə, Azərbaycanda keçirilən seçkilər ildən-ilə daha da təkmilləşdirilib. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşına seçkidə namizəd kimi iştirak etmək üçün əlverişli şərait yaradılıb: “Bunu aprelin 11-də keçiriləcək prezident seçkilərində namizədliyi qeydə alınmış müxtəlif siyasi partiya nümayəndləri üçün yaradılmış bərabərhüquqlu şərait də təsdiqləyir. Prezident seçkilərində mübarizə aparan 8 namizədin hər biri üçün televiziya, radio və digər kütləvi informasiya vasitələrində eyni səviyyədə təbliğat-təşviqat kampaniyası üçün şərait yaradılıb. Bütün bunlar ölkəmizin demokratik prinsiplərə verdiyi önəmin bariz nümunəsidir”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında