Azərbaycan və İran Xəzərdə tarixi razılaşmalara imza atdılar

Müasir dünyada baş verən təbii kataklizmlər və ictimai-siyasi proseslər planetin istənilən regionundakı ölkələrin terror, təxribat, separatizm və digər problemlərə qarşı birgə mübarizəsini tələb edir. Bu baxımdan gənc müstəqil Azərbaycan dövlətinin yerləşdiyi regionda da qüvvələrin birləşdirilməsi istiqamətində kifayət qədər addımlar atılıb.  Azərbaycan –İran–Rusiya, Azərbaycan–İran–Türkiyə üçtərəfli əməkdaşlıq formatlarının  yaradılması da həmin çağırışların cavablandırılması kimi qiymətləndirilir.  Rusiya Federasiyası, İran İslam Respublikası və Türkiyə Cümhuriyyəti prezidentlərinin Bakı səfərləri, eləcə də,  dövlət başçımızın həmin ölkələrə qarşılıqlı səfərləri qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həllini təmin edir. 

İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin Azərbaycana indiki səfəri, ikitərəfli əlaqələrdə yeni inkişaf mərhələsinin başlanması, Azərbaycanla İran arasında  mühüm tarixi sənədlərin imzalanması da həmin arqumentin təsdiqidir. Həm Bakıda, həm də Tehranda belə düşünürlər ki, güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni kökləri olan İran-Azərbaycan münasibətləri dünya üçün müsbət qonşuluq nümunəsidir.

Ekspertlər yazırlar ki, son dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan vermişdir. Bakı ilə Tehran arasında imzalanmış  Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında saziş tarixi əhəmiyyət daşıyan mühüm tərəfdaşlıq sənədləridir.

Mütəxəssislərin fikrincə, cənab Ruhaninin Bakıya növbəti  səfəri mühüm tarixi fakt kimi uzun illər yaddaşlarda qalacaq. Belə ki, tərəflər Xəzər dənizində mühüm  tarixi razılaşmaya nail olublar.  Məlum olduğu kimi, Xəzərin hüquqi statusu ilə bağlı İranla Azərbaycan  arasında uzun illər boyu  davam edən ziddiyyətlər artıq  əməkdaşlıqla əvəz olunur. Diplomatik danışıqlar bu uğuru  təmin edib. Nəhayət ki, Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, hər iki dövlətə və xalqa fayda gətirəcəkdir. Mütəxəssislərin fikrincə, Xəzərin hüquqi statusu ilə bağlı  Bakı--Tehran razılaşması daha bir maneənin aradan qalxmasına da səbəb ola bilər. Başqa sözlə, bu anlaşma  Türkmənistan üçün də örnək rolunu oynaya bilər.

Eyni zamanda,  Azərbaycan və İran rəhbərlikləri region və dünya iqtisadiyyatının inkişafında xüsusi rolu olan beynəlxalq layihələrin reallaşdırılmasına da özünəməxsus töhfələr verirlər. Məsələn, Astara--Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişin imzalanması, müvafiq tikinti işlərinə başlanması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu aradan qaldıracaq.

Qeyd edilir ki, qitələri birləşdirəcək Astara--Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaqdır. Məmnuniyyətlə vurğulanır ki, İranla Azərbaycan arasında imzalanan rəsmi sənədlər xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşibdir.

Bundan başqa, İran İslam Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib və yenə də dəstəkləyir. İran Prezidenti Həsən Ruhani Bakı səfəri zamanı deyib: “Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir”.

İsaxan VƏLİYEV,
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun  Aparat rəhbəri,
hüquq  elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında