Seçkidə veteran idmançılar fəal iştirak edəcəklər

Tanınmış boksçu, SSRİ idman ustası, İdman Veteranları İttifaqının baş katibi Tofiq Babanlı redaksiyamızın qonağı olub, qarşıdakı prezident seçkiləri ilə bağlı fikirlərini bölüşərkən xalqımızın öz müstəqillik tarixinə daha bir önəmli səhifə yazmağa hazırlaşdığını bildirdi. O, əsrlərlə azad olmaq uğrunda mücadilə etmiş, bu yolda saysız-hesabsız qurbanlar vermiş, nəhayət, bir əsrdə iki dəfə müstəqilliyini əldə etməyə nail olsa da, ilk cəhddə onu qoruya bilmədiyi üçün başı müsibətlər çəkmiş xalqımızı öncə azad seçkilər münasibətilə təbrik etdi.

Yaşı 80-i haqlamış veteran boksçu “Bilirsiniz, gənc nəsil bu günün qədrini bilməlidir. Bütün həyatı mübarizədə keçmiş və onu indi də yorulmadan  davam etdirən bir insan kimi gənc nəslə tövsiyəm budur ki, azadlığın hər xalqa nəsib olmayan əvəzsiz nemət olduğunu dərk etsinlər. Bizdən də sayca böyük, tarixən qədim olan xalqlar var ki, əsrlərlə azadlıq həsrəti ürəklərində nisgilə dönüb”, - dedi.

İdman veteranı müasir, müstəqil Azərbaycanın bu gün dünyanın ən nüfuzlu ölkələrindən biri kimi diqqəti cəlb etdiyini bildirdi: “İmperiya tərkibində yaşadığımız onilliklər ərzində bir dövlət kimi mövcudluğumuzdan xəbərsiz olan dünya yalnız, çağdaş əsrdə Şərqlə Qərbin qovuşuğunda müasir Azərbaycanın səsini eşitməyə başladı.

 Ötən əsrin 90-cı illərinin əvvəllərində hətta müstəqil yaşaya biləcəyimizə şübhə edənlər var idi və düşmənlərimiz yaranmış vəziyyətdən istifadə etmək üçün dəridən-qabıqdan çıxırdılar. Xalqımızın xilaskar oğlu Heydər Əliyev Azərbaycanı düşdüyü bu ağır durumdan çıxarıb, dünyaya azadlıqsevər, dünyəvi dövlət kimi təqdim etmək üçün gərgin səylər göstərdi. Artıq müasirliyi, gücü, qüdrəti ilə dünyaya meydan oxuyan Azərbaycan, nəinki müstəqil yaşamaq iqtidarında olduğunu bəyan etdi, eyni zamanda, dünyada sülh və ədalətin bərqərar olmasına yardım etməyə başladı.

2015-ci ildə ilk Avropa Oyunları zamanı paytaxt Bakı köhnə qitənin sakinlərinə mübarizə meydanında bir-birinin əlini sıxmaq üçün imkan yaratdı. O vaxta qədər avropalıların bu və ya digər səbəbdən heç zaman öz idman oyunları olmamışdı. Baxmayaraq, bütün qitələrin öz idman oyunları var və onlar dörd ildən bir bu yarışlarda güc və birlik nümayiş etdirirlər. Vaxtilə müsəlman Şərqinin geridə qalmış ölkəsi təsirini bağışlayan Azərbaycanın dünyəvi dövlət kimi Avropanın, demək olar ki, bütün dövlətlərini bir araya gətirib, Bakıdan dünyaya birlik mesajı verməsi gözəl hal idi. Hansı ki, bu birliyə, sülhə Avropanın böyük ehtiyacı var. Bir ildən sonra müsəlman aləminin ən böyük idman tədbirinin – IV İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkili çoxmillətli, çoxmədəniyyətli ölkə olan Azərbaycanın Avropa və Şərq dəyərlərini birləşdirərək, dünya sivilizasiyasına böyük töhfələr verdiyini bir daha sübut etdi, həm Avropa, həm də İslam mədəniyyətinə sadiqliyini göstərdi.

Bu gün böyük nüfuz, söz sahibinə çevrilən Azərbaycanla dünyada hesablaşır, ona hörmət edirlər. Dövlətimizin güclü potensialı milli maraqlarımıza uyğun, tam müstəqil siyasət yeritmək imkanı verir”.

Qarşıda ölkəmizi gözləyən mühüm siyasi kampaniyada, prezident seçkilərində veteran idmançıların da fəal iştirak edəcəklərini bildirən Tofiq müəllim, budəfəki seçkilərin də yüksək səviyyədə keçiriləcəyindən əmin olduğunu bildirdi: “Budur, xalqımız artıq 8-ci prezident seçkilərinə hazırlaşır və aprelin 11-də müstəqil şəkildə növbəti dəfə prezidentini seçəcək. Biz veteranlar da cəmiyyətimizdə gedən proseslərdən kənarda qalmır, inkişafı, böyük quruculuq işlərini dəstəkləyir və bu istiqamətdə görülən işlərin davamlı olması üçün köməyimizi əsirgəmirik. Seçkilərdə yekdilliklə iştirak etmək demokratiyanın daha bir göstəricisidir. Əminəm ki, xalqımız budəfəki seçkilərdə də hamılıqla iştirak edib layiqli namizədinə səs verəcək.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında