“Seçkilərdən sonra ölkəmizdə çox böyük dəyişikliklərin şahidi olacağıq”

 Prezident seçkilərinə hazırlıq yüksək səviyyədə həyata keçirilir. Xaricdə yaşayan və fəaliyyət göstərən soydaşlarımızın səsvermə hüququnun təmin olunması üçün də zəruri olan işlər görülür. Xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz, konsulluqlarımız bu baxımdan fəallıq göstərirlər.  Bu məqsədlə – seçkiyə hazırlıq prosesinin gedişatı ilə daha yaxından tanış olmaq üçün  Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri  Daşqın Şikarovla söhbətləşdik.

– Cənab səfir,  seçkiyə hazırlığın səviyyəsini necə qiymətləndirirsiniz?

– Prezident seçkilərinə hazırlıq işləri ölkə həyatının bütün sahələrdə yüksək templə inkişafı fonunda keçirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət uğurla davam etdirilir, ölkəmiz sürətlə inkişaf edir, xalqın rifahı daha çox yüksəlir, respublikamız regionda lider dövlətə çevrilir. Qısa müddət ərzində uğurlu enerji strategiyası gerçəkləşdirilmiş, iqtisadiyyatın şaxələndirilməsi üçün nəqliyyat, kənd təsərrüfatı, turizm, sənaye və digər sahələrin inkişafına stimul yaradılmışdır. İqtisadi inkişafla yanaşı, ölkəmizin beynəlxalq arenada mövqeyi və siyasi imici də möhkəmlənir. Şübhəsiz ki, xalqımızı ruhlandıran bu nailiyyətlər 11 aprel seçkilərinə öz müsbət təsirini göstərəcəkdir.

Seçkilərə hazırlıq səviyyəsini çox yüksək qiymətləndirirəm.  Prezident seçkilərinin tam demokratik, şəffaf və azad şəkildə keçirilməsi üçün ölkəmizdə bütün şərait yaradılmışdır. 

– Səfirlik seçkiyə hazırlıqla bağlı hansı işləri görür?

– Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində, eləcə də  Dubay və Şimal Əmirliklərindəki Baş Konsulluğunda  ölkəmizdə keçiriləcək prezident  seçkilərinə hazırlıq işləri planlı şəkildə aparılır. Belə ki, Əbu-Dabi və Dubay şəhərlərində seçicilərin səs verməsi və səslərin hesablanması məqsədilə seçki məntəqələri yaradılmış, Seçki Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq,  məntəqə seçki komissiyasının tərkibi təşkil olunmuş, komissiyaların sədr və katibləri seçilmişdir. Eyni zamanda , seçici siyahıları tərtib olunmuş, lazımi texniki işlər görülmüşdür.  Həmçinin, seçki prosesinin təhlükəsizliyinin təmin edilməsi üçün BƏƏ-nin aidiyyəti qurumlarına müraciət olunmuşdur.

– Birləşmiş Ərəb Əmirliklərində nə qədər soydaşımız yaşayır? Onlardan neçə nəfəri seçici siyahısına daxil edilib?

– Hal-hazırda yüzlərlə soydaşımız müvəqqəti olaraq Birləşmiş Ərəb Əmirliklərində   yaşayır və onların böyük əksəriyyəti səsvermə hüququndan daimi yaşadıqları yerdə yaradılmış seçki məntəqələrində istifadə edəcəkdir. Qeyd olunmalıdır ki, Əbu-Dabi şəhərində 78, Dubay şəhərində isə 197 nəfər seçici siyahılarına daxil edilmişdir.  BƏƏ-də yaşayan vətəndaşlarımızın seçkilərə böyük maraq göstərməsi, BƏƏ-də qeydiyyatda olan seçicilərin böyük əksəriyyətinin aprelin 11-də  seçki məntəqələrinə gələrək öz seçimini edəcəyini deməyə əsas verir.

– Sizcə, qarşıdakı  prezident seçkiləri ölkənin  ictimai-siyasi həyatına necə təsir edəcək?

– Əminliklə vurğulaya bilərəm ki, hər dəfə olduğu kimi, bu dəfə də seçkilər tam demokratik şəraitdə keçiriləcək və Azərbaycan xalqı öz layiqli namizədinə səs verəcəkdir. Düşünürəm ki, prezident seçkiləri ölkəmizin ictimai-siyasi və iqtisadi həyatına öz müsbət təsirini göstərəcəkdir. Seçkilər Azərbaycanın demokratik ənənələrə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək, seçkilərdən sonra ölkəmizdə icrada olan “Cənub” qaz dəhlizi layihəsi, Şimal-Cənub, Şərq-Qərb  nəqliyyat dəhlizləri və digər genişmiqyaslı layihələrin uğurla yekunlaşmasına təkan verəcəkdir. Eyni zamanda, Azərbaycanın beynəlxalq arenada mövqelərinin  möhkəmləndirilməsi, Milli  Ordumuzun qüdrətinin artması istiqamətində də yeni uğurlara imza atılacaqdır. Ümidvaram ki, nəhayət,  ölkəmizin ağrılı məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə nail olacağıq. Bir sözlə, seçkilərdən sonra ölkəmizdə çox böyük dəyişikliklərin şahidi olacağıq.

Söhbəti qələmə aldı:
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında