Demokratik dəyərlərə sədaqətlə

Müsahibimiz gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovdur

- İsmayıl müəllim, ölkəmizdə  növbəti prezident seçkilərinə  az qalıb.  Hazırda təşviqat kampaniyasına start verilib. Seçki ərəfəsindəki vəziyyəti və prosesə hazırlığı necə qiymətləndirirsiniz?

– Azərbaycan ötən illər ərzində demokratik seçkilər keçirmək sahəsində zəngin təcrübə qazanıb.  Bugünə  qədər  respubilkamızda reallaşan seçkilər demokratik prinsiplərə və seçki qanunvericiliyinin tələblərinə tam cavab verib. Seçkilər Azərbaycan xalqının  siyasi iradəsini dolğun şəkildə əks etdirib.  Bir məqamı da qeyd edim ki, ölkəmizin dinamik inkişafı  seçki qanunvericiliyində müasir dövrün tələblərinə uyğun  yeni islahatlar aparmağı şərtləndirib. Bu proses respublikamızda uğurla həyata keçirilib. Tam əminliklə deyə bilərəm ki, təkmilləşdirilən seçki qanunvericiliyi hazırda seçkiləri ən yüksək səviyyədə keçirməyə imkan yaradır. Müstəqilliyin yenidən bərpasından sonra azad, ədalətli və şəffaf şəraitdə gerçəkləşdirilən prezident seçkiləri xalqımızın siyasi iradəsini tam əks etdirib.   

– Azərbaycanın demokratik inkişafında  növbəti prezident seçkiləri yeni bir mərhələnin başlanğıcı ola bilərmi?

– Əbbəttə. Neçə ildir ki, Azərbaycan demokratik inkişafın önündə gedir. Burada ümummilli lider Heydər Əliyevin bir fikrini vurğulamaq yerinə düşərdi: “Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə tədricən gedir”. Həqiqətən hazırda Azərbaycanda demokratik dəyərlərə sadiqlik nümayiş etdirilir. Bu, onu deməyə əsas verir ki,  ölkəmizdə aparılan  genişmiqyaslı islahatlar idarəetmənin təkmilləşdirilməsində, insan hüquq və azadlıqlarının qorunmasında, hüquqi dövlət quruculuğu prosesinin dönməz xarakter almasında özünü bir daha nümayiş etdirir.

Müstəqil Azərbaycan dövləti ötən  illər ərzində dünyada analoqu olmayan inkişaf yolu keçib. Respublikamız siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurlar qazanıb. Azərbaycan hazırda beynəlxalq miqyasda öz sözünü deyən qüdrətli dövlətə çevrilib. Qarşıya qoyulan bütün hədəflərə uğurla nail olan  respublikamız  xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqe nümayiş etdirir.

Azərbaycan son illərdə beynəlxalq tədbirlərə, forumlara, idman yarışlarına uğurla ev sahibliyi edib. Birinci Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunlarını, “Formula – 1” yarışlarını və digər mötəbər idman tədbirlərini buna misal göstərmək olar.

– Bu yaxınlarda 11 aprel prezident seçkilərində ilk dəfə səs verəcək gənclər üçün  Bakı İdman Sarayında mədəni-kütləvi tədbir keçirildi. Tədbirdə dövlət gənclər siyasəti sahəsində  qazanılan uğurlara bir daha nəzər salındı. Gənclərin seçkilərdə iştirakının vacibliyi vurğulandı. Siz bu barədə  nə deyə bilərsiniz. İlk dəfə səs vərəcək gənclərə tövsiyələriniz ?

–Hər bir xalq xoşbəxt gələcəyə olan ümidlərini əsasən gənc nəsillə bağlayır. Gənc nəslin kamil insan kimi  yetişdirilməsi hər bir ölkə üçün mühüm məsələdir. Dünyanın bütün ölkələrində gənclər cəmiyyətin dinamik təbəqəsi  olmaqla, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir və bütün proseslərin mərkəzində dayanırlar. 

Bu gün əminliklə deyə bilərik ki,  Azərbaycanda prioritet istiqamətlərdən biri də gənclər siyasətidir.  Ölkəmizdə gənclərə diqqət və qayğı göz önündədir. Azərbaycanda gənclər siyasəti ilə bağlı qarşıda duran əsas vəzifələrdən biri də bu sahənin  intellektual səviyyəsinin daha da  artırılması, gənclər  arasında azərbaycançılıq ideologiyasının, vətənpərvərlik hissinin aşılanmasıdır. 18 yaşına çatmaq və seçkidə iştirak hüququ qazanmaq isə tamamilə başqa bir məsuliyyətdir. Seçkiyə qatılmaq, öz iradəsi ilə seçimini etmək gənclərin vətəndaşlıq borclarından biridir. Əminəm ki, onlar 11 aprel prezident seçkilərində də fəal iştirak edəcəklər.  

Söhbəti qələmə aldı:
Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında