.“Müasir müstəqil Azərbaycanın siyasi həyatının mühüm tarixi hadisəsi ərəfəsindəyik. Aprelin 11-də ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək və bu önəmli siyasi kampaniyada iştirak edib, xalqa, dövlətə xidmət missiyasını ləyaqətlə yerinə yetirəcək namizədə səs verəcəyik. Əvvəlki seçkilərdə xalqımızın öz iradəsini sərbəst və azad şəkildə ifadə etməsi üçün hər bir şəraitin yaradıldığına şahid olduğumuza görə budəfəki siyasi kampaniyanın da yüksək səviyyədə keçiriləcəyinə əminik. Müstəqilliyimizin bərpasından ötən dövr ərzində əldə edilmiş zəngin təcrübə budəfəki seçkilərin demokratiklik, ədalətlilik və şəffaflıq baxımından daha mükəmməl olacağına zəmanət verir. Bunu seçkilərə hazırlıqla bağlı xalqın yüksək əhval-ruhiyyəsi də sübut edir. Mən idmançılarımızın bu mühüm kampaniya ərəfəsində Vətən qarşısında borclarını layiqincə yerinə yetirmələri üçün seçkiləri səbirsizliklə gözlədiklərini qeyd etmək istəyirəm. Çünki idmançılarımız xalqımız üçün çox əhəmiyyətli olan bu kampaniyanın ən fəal iştirakçılarından olmağı qarşıya məqsəd qoyublar”.
Bu fikirləri qəzetimizə Yay Paralimpiya Oyunlarının ikiqat çempionu, “Şöhrət” ordenli İlham Zəkiyev dedi. Qeyd etdi ki, günü-gündən öz gücünü artıran, dünyada böyük nüfuz sahibinə çevrilən Azərbaycanın daha sürətlə inkişafı naminə hər birimiz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik: “Biz ölkəmizə bağlıyıq, qəlbimiz onunla döyünür. Bu gün bütün sahələrdə parlaq nailiyyətləri ilə dünyaya səs salan Vətənimizlə iftixar hissi duyuruq və buna haqqımız var. Onun bu qədər inkişaf etməsində, müstəqil, güclü dövlət kimi formalaşmasında hər birimizin əməyi danılmazdır. 1993-cü ildə xalq öz ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin ətrafında sıx birləşəndə, məhz bu xoşbəxt günə ümid etmişdi. Bu gün təhlükəsizliyi ilə nümunə olan, sabit və davamlı inkişafı ilə diqqətçəkən firavan bir ölkədə yaşadığımız üçün ulu öndərə, onun ölməz ideyalarına borcluyuq. Bizim ölkəmizin taleyinə biganə qalmağa haqqımız yoxdur. Hər birimiz yüksək amallar uğrunda mübarizədə bir olmalı, Vətənimizin daha xoşbəxt gələcəyi naminə yaşamalıyıq”.
İlham Zəkiyev idmançı karyerasının çiçəkləndiyi bir dövrdə Vətən uğrunda gedən döyüşlərdə düşmən snayperinə tuş gələrək başından ağır yaralanmış, nəticədə görmə qabiliyyətini itirərək, dünya işığına həsrət qalmışdır. Mübarizliyi, dözümlülüyü sayəsində həyatın bütün sınaqlarından şərəflə çıxmış, idmançı karyerasını uğurla davam etdirərək dünya paralimpiya hərəkatının tarixinə adını qızıl hərflərlə yazdırmış qəhrəman idmançı bununla missiyasını bitmiş hesab etmir: “İdmançı karyeramı davam etdirmək çox çətin olsa da, bunun öhdəsindən gəldim və iki dəfə Paralimpiya Oyunlarının qalibi, dəfələrlə mükafatçısı oldum. Hər bir mötəbər yarışda müstəqil Azərbaycanın himnini səsləndirib, bayrağını ucaldanda xalqımın böyük dəstəyini hiss edirəm. Bu, məni həm kövrəldir, həm də yenilməz ruh verir. İdmançı kimi uğurlu karyeramla missiyamı bitmiş hesab etmirəm. Vətən qarşısında hər birimizin borcu var. Tezliklə torpaqlarımızı düşmən tapdağından azad etmək. Hər birimiz bilirik ki, Azərbaycan işğalçı Ermənistandan hər sahədə müqayisəedilməz dərəcədə üstündür. Ordumuz yenilməz gücə malikdir. Əminik ki, ölkəmiz bu taleyüklü vəzifənin öhdəsindən də layiqincə gələrək işğal olunmuş torpaqlarımızı azad edəcək. Çünki zaman Azərbaycanın xeyrinə işləyir. Ölkəmiz gücləndikcə, düşmən ölkə zəifləyir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəldikcə daha geniş miqyasda tanınır.
Aprelin 11-də dünyanın diqqəti yenidən ölkəmizə yönələcək. Həmin gün azərbaycanlılar üzərlərinə düşən önəmli vəzifəni yerinə yetirmək üçün seçki məntəqələrinə gəlib, xalqın layiqli namizədinə səs verəcəklər. Fürsətdən istifadə edib, həmvətənlərimi prezident seçkilərində fəal iştiraka səsləyirəm. Əminəm, cəmiyyətimizin daha da demokratikləşməsi istiqamətində atılan bu mühüm addım tərəqqiyə, inkişafa aparan yeni bir cığırın başlanğıcı olacaq”.
Söhbəti qələmə aldı: Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.