Sechki-2018.az saytına Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov müsahibə vermişdir. Həmin müsahibəni oxuculara təqdim edirik:
– İlham müəllim, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi mühiti və seçkilərə hazırlıq prosesini necə dəyərləndirirsiniz?
– Azərbaycanda keçiriləcək prezident seçkilərinə müvafiq olaraq seçkilərə məsul olan dövlət orqanı Mərkəzi Seçki Komissiyası (MSK) artıq ilk gündən fəaliyyətə başlayıb. Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq səsvermənin təşkil edilməsi üçün lazım olan bütün tədbirlər indiyədək həyata keçirilib. Təbii ki, bundan sonra da MSK-nın Tədbirlər planına və Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, qarşıda duran bütün tədbirlər görüləcək. Dairə və məntəqə seçki komissiyalarının fəaliyyəti elan olunan gündən artıq başlayıb. Bu il prezident seçkiləri ilə bağlı seçici siyahılarının vaxtından əvvəl təsdiq olunması, seçici siyahıları ilə bağlı olan işlər və digərləri həm dairə, həm də məntəqə seçki komissiyalarının birgə fəaliyyətini tələb edirdi. Bu işlə əlaqədar olaraq müvafiq dövlət qurumlarının da fəaliyyətini qeyd etmək lazımdır. Ümumilikdə, onu demək istərdim ki, bu gün məntəqə seçki komissiyaları seçkilərin keçirilməsinə tam hazırdır.
Artıq qanunvericiliyin tələbinə müvafiq olaraq, gözlənilən müddətlər ərzində bülletenlərin, protokolların çap edilməsi və dairələrə, məntəqələrə çatdırılması kimi proseslər gedir. Onu da qeyd etmək istərdim ki, MSK-nın qərarına əsasən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılır. Artıq səsvermə günü Azərbaycan təcrübəsi kimi qəbul edilən veb-kameralar vasitəsilə onlayn şəkildə səsvermə prosesini izləmək mümkündür. Bundan irəli gələrək demək istəyirəm ki, veb-kameralarla bağlı işlər sona çatmaq üzrədir. Texniki-təchizat məsələsi bu seçkilərlə bağlı olaraq yüksək səviyyədə təşkil olunub və dairə, məntəqə seçki komissiyaları lazımi bütün texniki vasitələrlə təmin edilir.
– Namizədlərin qeydə alınması prosesi başa çatdı, artıq təbliğat-təşviqat kampaniyası başlayıb. Bu haqda fikirlərinizi bilmək istərdik.
– Seçki Məcəlləsinin tələblərinə əsasən namizədlər qeydə alınandan sonra seçkinin ikinci mərhələsi olan təşviqat dövrü başlayır. Bildiyiniz kimi, bu ilin martın 19-da Mərkəzi Seçki Komissiyasının iclası keçirildi və püşkatma müəyyənləşdirildi. Bu püşkatma ilə prezidentliyə namizədlər ödənişsiz efir vaxtından istifadə etməklə öz təbliğatlarını aparmaq hüququna malikdirlər. Artıq onlar bu təşviqata başlayıblar. Seçki Məcəlləsinin tələbinə əsasən efir vaxtı həm ödənişli, həm də ödənişsiz olur. Yerlərdə seçicilərlə görüşlərin keçirilməsi, namizədlərin öz siyasi platformasının seçicilərə çatdırılması kimi məsələlər də öz həllini tapıb. Bununla belə, müvafiq icra orqanları tərəfindən artıq qapalı və açıq yerlərdə görüşlərin keçirilməsi üçün yerlər müəyyənləşib. Təbii ki, bu da bərabərhüquqluluğun tam təmin edilməsindən ötrü atılan bir addımdır. Onu da qeyd etmək istərdim ki, namizədlər təkcə televiziya ilə deyil, ödənişsiz efir vaxtı olaraq radio və mətbuat vasitəsilə də seçkiqabağı təşviqatlarını aparırlar. Qeyd olunduğu kimi, bugünlərdə bayram olmasına baxmayaraq artıq təbliğat-təşviqat kampaniyası həyata keçirilir. Bu kampaniya İctimai televiziya, radio və mətbuat vasitəsilə aparılır.
– Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı maarifləndirmə tədbirlərini necə həyata keçirir?
– MSK seçkilər elan olunan gündən maarifləndirmə işlərinə start verib və işlər geniş vüsət alıb. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən dairə seçki komissiyası (DSK) sədrləri ilə MSK-da müvafiq dövlət orqanlarının rəhbərləri səviyyəsində seminar-müşavirə keçirilib, həmçinin DSK-nın ekspert qruplarının üzvlərinin üçgünlük seminarı təşkil edilib, DSK üzvləri içərisindən olan treninq qruplarının məşqçi simasında maarifləndirilməsindən ötrü seminarlar təşkil edilib, MSK ilə kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirilib. Təbii ki, gələcəkdə müəyyən maarifləndirici tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Artıq DSK məntəqə seçki komissiyalarına səsvermə günü iş qaydaları ilə bağlı olaraq treninqlər keçirirlər. Gələcəkdə digər tədbirlərdən biri də polislə bağlı olacaq. MSK-nın gördüyü bu maarifləndirici işlərin nəticəsidir ki, prezident seçkilərinin əsas mərhələsi olan namizədlərin qeydə alınmasında, digər tədbirlərin həyata keçirilməsində heç bir problem yaşanmayıb.
– Azərbaycanda demokratik seçkilər üçün əlverişli şərait mövcuddur. Siz görülən işləri necə qiymətləndirirsiniz?
– Bu gün Azərbaycanda istənilən seçkilərin keçirilməsi üçün tam demokratik şərait yaradılıb. Vətəndaşlarımızın konstitusion hüququ olan seçib-seçilmək hüququnun həyata keçirilməsinə dair bütün şərait yaradılıb. Azərbaycan həmin ölkələrdəndir ki, DSK-nın ayrıca inzibati binaları mövcuddur. Eləcə də məntəqə seçki komissiyaları yeni təmir edilmiş yerlərdə və yaxud yeni tikilmiş binalarda müasir dövrün tələblərinə cavab verən məkanlarda yerləşirlər. Bundan əlavə, texniki-təchizat o qədər yüksək dərəcədə təmin edilib ki, artıq bizim seçicilərimiz rahat şəkildə gəlib səsvermək imkanına sahibdirlər. Bu gün istər dövlət, istərsə də MSK tərəfindən görülən işlər seçicilərimizin demokratik şəraitdə səsverməsinə hesablanıb.
Hazırladı: Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.